MN-dəki mənimsəməyə görə həbs edilən maliyyə xidmət rəisinin məhkəməsi başlayıb
20.12.2024

Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə mənimsəməyə görə həbs edilən, müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi olmuş Cəbrayıl Orucovun məhkəməsi başlayıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib. Məhkəmənin baxış iclası dekabrın 27-nə təyin olunub.

Qeyd edək ki, N saylı hərbi hissənin maliyyə xidmət rəisi işləmiş Cəbrayıl Orucov Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə vermişdi.
Cəbrayıl Orucova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan olunub.
Sabiq maliyyə xidmət rəisi barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə DTX-nin İstintaq baş idarəsi tərəfindən vəsatət və Baş Prokurorluq tərəfindən təqdimat verilib.
Bakı Hərbi Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.
Onun istintaq və məhkəmə baxışı davam edən işlər üzrə dövlət büdcəsinə dəymiş ziyanı ödəmədiyi məlum olub.