Metyu Millerin Blinken - Ursula fon der Lyayen - Paşinyan görüşü barədə etdiyi 1 aprel zarafatı
Metyu Millerin Blinken - Ursula fon der Lyayen - Paşinyan görüşü barədə etdiyi 1 aprel zarafatı
02.04.2024 Sahib Alıyev Tərəfindən

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller ötən günkü brifinqdə aprelin 5-də Brüsseldə Ermənistan baş naziri ilə keçiriləcək görüşdə regional məsələlərə toxunulmayacağını və orada “Bakıyla İrəvan arasında sülh prosesindən söhbət getməyəcəyini” bildirdi. Metyu Millerin Blinken - Ursula fon der Lyayen - Paşinyan görüşündə guya regionda baş verənlərə toxunulmayacağı haqda dedikləri olsa-olsa 1 aprel zarafatıdır.

Amma digər dediyi ilə razılaşıram ki, bəli, həmən görüşdə doğrudan da sülhdən söhbət getməyəcək. Ermənistan silahlı qüvvələrinin sözü gedən görüş öncəsi Şərqi Zəngəzur, eləcə də Naxçıvanla şərti sərhəddəki mövqelərimizi atəşə tutması, təmas xətti boyunca qüvvə cəmləşdirməsi də elə bir növ bundan xəbər verir.

Qarşı tərəfin əvvəlki təxibatları bəlli bir həddi keçəndən sonra Azərbaycanın hansı cavab addımları atdığı çətin ki, unudulsun. Ermənistanı yeni təxribatlara həvəsləndirənlər görünür, yenə də bizi oxşar addımlar atmağa vadar etməyə çalışırlar ki, ona genişmiqyaslı hərbi dəstəkləri üçün əldə tutalqa olsun. Bu təxribatların ABŞ-ın hərbi təlimatçılarının Ermənistanda peyda olduqları zaman baş verməsinin özü də az şey demir.

Və yeri gəlmişkən, detallara varmadan deyək ki, ABŞ-ın İran üzrə xüsusi elçisi Abram Peyli regionda səfərdə olarkən qonşu ölkənin Suriyadakı konsulluğuna endirilən hava zərbəsi nəticəsində onun iki generalı və bir neçə hərbçisinin qətlə yetirilmələri, eyni zamanda İŞİD-ə bağlı Tacikistan və Qırğızıstan vətəndaşlarının Türkiyədə terror törətməyə hazırlaşarkən ələ keçmələri də müəyyən suallar yaradır.

Biz gördük ki, qərbə bağlı əksər ekspertlər Krokus Siti Holdakı terroru Rusiyanın öz ayağına yazmağa çalışdılar. Yaxşı, tutaq ki, sözü gedən terrorda doğurdan da, Rusiyanın bəlli strukturlarının əli olub, bəs onda yenə də Tacikistanla Qırğızıstanın ehtiyac və savadsızlıq səbəbindən təsirə yatımlı vətəndaşlarından faydalanmaqla Türkiyədə terror törətmək əmri haradan gəlir? Azərbaycanla Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxınkən regionda ayırıcı xətlər niyə çəkilir, qarşı tərəf nə üçün revanşizmə sürüklənir? Bütün bunlar Böyük Qafqazda və ola da bilsin ki, Mərkəzi Asiyada xaosa, hamının hamıya qarşı savaşına rəvac vermək deyilsə, onun adı nədir?

Millət vəkili Sahib Alıyev

visiontv.az