Məhərrəmlik ayında əməl olunmalı qaydalar
28.08.2019

Məlum olduğu kimi, artıq Məhərrəm ayının başlanacağı tarix açıqlanıb. Belə ki, Hicri təqvimi üzrə 1441-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə təsadüf edəcək. 

Məhərrəm ayının 10-cu günü, yəni Aşura sentyabrın 10-dur. Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı bir ay davam edəcək. 

Qafqaz Müsəlmanları İdarəsi bildirib ki, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.

Bütün bunları nəzərə alaraq Məhərrəmlik mərasimi ilə bağlı bilmədiyimiz və digər məsələlərə aydınlıq gətirmək üçün «İmam Həsən» məscidinin axundu Hacı Eldayaq Hüseynovla həmsöhbət olduq. 

- Məhərrəmlik ayında əsasən hansı vacib qaydalara əməl olunmalıdır?

- Hər kəsə bəllidir ki, Məhərrəm hüzr, kədər və matəm ayıdır. Məhəmməd Füzulinin dediyi kimi, “Mahi-mühərrəm oldu, məsərrət həramdır, Matəm bu gün şəriətə bir ehtiramdır”. Ona görə də hər şeydən əvvəl əziz oxuculardan xahişim budur ki, bu müqəddəs ayın və onun ardınca gələn Səfər ayının ehtiramını gözləsinlər, şadlıq və şənlikdən, toy, nişan, ad günü keçirməkdən, şən musiqiləri dinləməkdən çəkinsinlər.

Əgər kiminsə doğum günü ilə əlaqədar qohum-əqrəba, dost-tanış bir araya gəlirsə, süfrə açılırsa, nə gözəl olar ki, o süfrə İmam Hüseyn (ə) adına açılsın. Eyni zamanda, gənclərimizə tövsiyəm budur ki, bu aylarda bacardıqları qədər daha çox məscidlərə getsinlər. Nədən ki, dini inancların, islami dəyərlərin qorunması və bu istiqamətdə maariflənmək üçün əsasən iki mühüm ünvan var:

biri məscidlər, digəri yas məclisləridir. Doğrudur, yas məclisləri o qədər də geniş audtoriyaya malik deyil, çünki hər kəs vaxt imkanından istifadə edərək müxtəlif saatlarda başsağlığına gəlir. Ancaq məscidlərdə bəlli xütbə vaxtı, zamanı var deyə, valideynlər övladlarının bu imkandan yararlanmalarına önəm verməlidirlər. 

Bir məqamı qeyd edim ki, 1400 il əvvəl baş vermiş, amma hər il xatırlanan İmam Hüseynin (ə) zülmə qarşı üsyanı və şəhadətə yetirilməsi təkcə İslam aləmində deyil, dünyanın bir çox qütblərində insanlar bu müsibəti acı göz yaşları ilə, əzadarlıqla yad edir, İmama sevgi və hədsiz məhəbbətlərini nümayiş etdirirlər.

Halbuki bəşəriyyət əsrlər boyu insanlar üçün ağır və böyük dəhşətlər yaradan qan axıdıcı genişmiqyaslı, hətta yüzillik müharibələrin şahidi olub. Ancaq bu müharibələr haqqında yazılan tarixi əsərlərdə ən kiçik savaş səhnəsi ilə yaşanan Kərbəla hadisəsi həmişə öndə yer alıb. Ona görə də ilimizin üç yüz altmış beş günündən üç yüz əlli beş gününü özümüzə ayırırıqsa, on gününü də Aşuranın xatırlanmasına, Allaha əziz olan insanların anılmasına, kütləvi şəkildə zülmə, zalıma nifrət və qəzəb hissinin coşqusuna həsr edək.

- Məhərrəmlik mərasimlərində zəncir vurmaq, qan çıxarmaq və s. bu kimi hərəkətlər nə dərəcədə məqbuldur? 

- Təbii ki, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun qeyd edilməlidir. Hər şeydən öncə Məhərrəm ayı, xüsusilə də Aşura günü zamanı ifrat hərəkətlərə yol verməmək və mövcud qanunvericiliyin tələblərinə riayət etmək tövsiyə edilir. Məhərrəm ayında qəmə vurmaq, baş yarmaqla qan çıxarmaq, zəncirlə özünə xəsarət yetirmək tövsiyə olunmur.

Məhərrəmlik mərasimlərində zəncirə, qəməyə deyil, Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətlərin, Kərbəla şəhidliyinin mahiyyətinin dəqiqliklə çatdırmasına önəm verilməlidir. Yəni bu hadisə niyə baş verib? İmam Hüseyn (ə) və onun tərəfdarlarının şəhidliyinin mahiyyəti nədən ibarətdir? Görünən tərəf budur ki, İmam Hüseyn (ə) və onun tərəfdarları məğlub, qarşı tərəf qələbə çalıb. Ancaq bu gün fakt onu göstərir ki, Kərbəla hadisəsi qanın qılınc üzərində qələbə çaldığı zəfər savaşı olub.

İnsanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi ilə bağlı keçirilən mərasimlərdə yalnız bədbinlik əhvali-ruhiyyəsi deyil, vətən sevgisi, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizə ruhu hakim kəsilməlidir. Qeyd etdiyim kimi, əzadarlıq moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətlərin çatdırılması ilə yanaşı, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçənlər, 20 Yanvar, Qarabağ və Xocalı şəhidləri yad edilməlidir. 

- Bir az öncə müharibələrdən danışdınız. Təəssüf ki, bu günün özündə də ayrı-ayrı ölkələrdə, eləcə də Azərbəycanda müharibə alovu sönmək bilmir. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qarşı tərəfin təxribatı nəticəsində hərbi toqquşmalar baş verir və Azərbaycan düşmənə layiqli cavab verir. Bununla belə, təmas xəttində gərginlik, xüsusilə ermənilərin mülki əhaliyə qarşı silahlı təcavüzü davam edir.

- Məhərrəmlikdə ən öndə adı çəkilən və izah edilən məsələ şəhidlik mövzusudur. Sual oluna bilər ki, niyə Kərbəla şəhidləri həmişə anılır? Çünki dinin yaşaması, islamın qorunması üçün onlar öz canlarından keçiblər. Yəni adi insanlar ölmək üçün yaşayır, amma şəhidlər yaşamaq üçün ölürlər. Çox düşündürücü və məntiqli yanaşmadır.

Kərbəla şəhidləri öz qanları bahasına bizlərə mükəmməl bir örnək dərsi olduğu kimi, Qarabağ və Aprel şəhidləri, eləcə də vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan, igidlik, mərdlik nümayiş etdirən qəhrəman şəhidlərimiz Mübariz İbrahimov, Fərid Əhmədov və digər cəsur oğlullarımız Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir. Kərbəla hadisəsinin əsas mahiyyəti ədalətin zülmə qarşı mübarizə aparması və şəhidliyə, islama verilən dəyərdir. Məhz ona görə də on dörd əsrdir ki, Məhərrəm ayı islam aləmində böyük şövqlə qarşılanır. 

(BAKU.WS)