Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi kinorejissor Əli İsa Cabbarovun APA-ya müsahibəsi.
– Əvvəlcə, Milli Kino Günü münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm, bilmək istəyirəm, ittifaq bu günə necə hazırlaşıb?
– Çox sağ olun, İttifaq, bir qayda olaraq, hər il Kino Günündə illik nəticələri analiz eləyib mükafatlar verir. Bu mükafatlar bizim üçün strateji məsələdir. Çünki biz bununla hansı dəyərləri dəstəklədiyimizi və bizə hansı formatda kino lazım olduğunu göstəririk. Yəni biz sadəcə dəbdəbəli adlara və yaxud da xidmətlərinə görə yox, real işlərə görə mükafatlar veririk.
Bu il də müxtəlif nominasiyalar üzrə dörd pullu mükafat olacaq. Bu il öndə prodüserlər oldu, çünki prodüserlərimiz dövlət maliyyələşməsinin gecikməsi fonunda müxtəlif təşəbbüslər göstəriblər. Bilirsiniz ki, dövlət tərəfindən maliyyə ayrılır, amma istehsalçı şirkətlərə vəsaitin çatdırılmasında gecikmələr olur. İlin əvvəlində Kino Agentliyi tərəfindən müsabiqə elan olunmuşdu, həmin və onlardan əvvəlki müsabiqənin qalibləri hələ indi-indi maliyyələri alırlar. Bu fonda müstəqil prodüserlər asta-asta addımlar atmağa başlayıblar. Bu cəhətdən biz bu tendensiyanı dəstəkləyirik və mükafatlarımız da bu yöndə oldu, Emil Nəcəf, Orxan Mərdan, Əli-Səttar Quliyev prodüsser fəaliyyətlərinə görə mükafatlar qazandı.
Bundan başqa, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) “Arxa cəbhənin insanları” ssenari müsabiqəsinin nəticələrini elan etdi. Bilirsiniz ki, ssenari kinonun əsasıdır və bizim 125 illik kinomuzun əsas zəif damarı məhz ssenaridir. Ssenari düzələndə, ssenari təfəkkürü formalaşanda kinomuzda da böyük uğurlar olacaq. Buna görə də biz hər il ssenari müsabiqəsi keçiririk, bundan sonra daha çox, ildə hətta iki dəfə etməyi planlayırıq. Planlarımızda sevgi dramı və komediya ssenarisi müsabiqəsi etmək də var.
Budəfəki müsabiqəni arxa cəbhəyə ona görə həsr etdik ki, biz qırx dörd günlük müharibəni Şvartseneggerlərlə, Rembolarla dünyaya təqdim edə bilməyəcəyik. Biz bu müharibəni insan hekayələri ilə təqdim etməliyik. “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”, “Mən ki, gözəl deyildim” kimi ssenarilərlə təqdim edəcəyik.
– Yaxşı, bəs göndərilən ssenarilərdə dediyiniz motiv var?
– Onsuz da müsabiqəyə qəbul olunan ssenrailər yalnız bu mövzunu ehtiva edir. Müsabiqənin şərti və adı da məhz bu cür idi.
– Ümumi mənzərə necədir? Yaxşıdırmı? Sizi qane edir?
– Təbii ki, ssenari işimizin ümumi səviyyəsi müsabiqəyə təklif olunan ssenarilərdə də özünü göstərir. Burada daha çox ssenari strukturunda bilgisizlik, ədəbiyyata meyillilik müşahidə olunur. Ən böyük ssenari işimizdə axsayan cəhət odur ki, müəlliflər personajı fikirləşir, amma onu xarakterə çevirə bilmirlər. Personajı xarakter edən onun individual keyfiyyətləridir. Tutaq ki, dağıdıcı bir insan, məmur, bu personajdır, amma dağıdıcı məmurun individual keyfiyyətləri olmalıdır. Onun çəkisi, rəngi, xəstəlikləri, ümidi, vərdişləri, danışığında daha çox bənzətmələrəmi yer verir, ləhcəsimi var və s. kimi kiçik şeylərə də diqqət verilməlidir. Bax bu iş personajı xarakter səviyyəsinə çıxartmaqdır artıq. “Bizim Cəbiş müəllim” filmində tipik müəllim obrazı olsaydı, maraqsız olardı, yaxud da “ Mən ki gözəl deyildim” filminin baş qəhrəmanı tipik bir kənd xanımı olsaydı, nə qədər maraqlı olardı? Cəbiş müəllimin uzun paltosu, ləhcəsi, eynəyinin forması, xanımı və övladları ilə münasibətləri – bunlar hamısı xarakterin bir parçasıdır. Bizdə ssenari işində ən böyük axsama personajın xarakterə çevrilməməsidir. Amma biz onların içərisindən seçmişik və sevindirici haldır ki, bəzi müəlliflər var, onlar tez-tez müsabiqələrdə iştirak edir və hər dəfə onların təkmilləşməsinə şahid oluruq. Amma ümumi səviyyə elə oldu ki, biz birinci və ikinci yerlərə mükafat vermədik, əvəzində 4 üçüncü yer qalibini mükafatlandırdıq.
– Əli İsa bəy, iki ittifaq birləşdi, xeyirli olsun. Birləşmədən sonra ilk dəfədir, bu binaya gəlirəm, ümumiyyətlə, bu keçən zaman ərzində dəyişən nə var sizin üçün?
– Birləşmə mart ayında oldu, amma buna qədər ötən ilin oktyabr ayında ofislər birləşmişdi. Martın beşi hüquqi olaraq birləşmə sənədləri Ədliyyəyə verildi. Ədliyyə Nazirliyində ciddi kardinal dəyişikliklər, kadr dəyişikliyi ilə bağlı ittifaqın qeydiyyatdan keçməsi yubanır. Bu formal bir işdir, yəni bununla bağlı nəsə bir problem yoxdur. İki komanda arasında heç bir narazılıq olmayıb. Tam qarşılıqlı anlaşma şəraitində keçirilib və bizim işlərimizdə xeyli irəliləyişlər var. Layihələrimizə davam edirik, əlavə olaraq, Şəfiqə xanım və onun komandasının timsalında da xeyli dəstək qazanmışıq. Şəfiqə xanım həm də anadır, ana isə həmişə nə iş görür, görsün, buna analıq instinkti ilə yanaşır. Bizim birləşməmizdə də dialoqa meyilli, harmoniyaya meyilli şəxsiyyət kimi özünü göstərdi. ARKİ-də kino adına çox ciddi imzalar vardı və onlar birləşmənin əleyhinə də ola bilərdi, şərtlər də qoya bilərdi. Bütün bunları birləşdirmək üçün toplayan şəxslərdən biri də Şəfiqə xanım idi.
– Amma birləşməyə qarşı çıxanlar, üzvlükdən imtina edənlər də oldu.
– Konfransda? Üzvlükdən çıxan kimi deyirsiniz ki?
– Oqtay Mir Qasımov.
– Oqtay Mir Qasımov, sadəcə, idarə heyətində təmsil olunmaq istəmədi.
– Ayaz Salayev.
– Ayaz müəllim, ümumiyyətlə, konfransda iştirak etmədi və mənim onun mövqeyinə çox böyük hörmətim var. O, son aylarda dediyi fikrin üstündə durdu. Yəqin ki, o iştirak etsəydi, səhv olardı və həmkarlarımızın hamısı dedi ki, onun sözünün üstündə durmağı çox gözəldir.
– Kino ittifaqları ictimai təşkilatlardır. Onun və bu kimi təşkilatların iki, üç və daha çox olmasının nə ziyanı var ki?
– Azərbaycanda kino səpkili ictimai təşkilatlar onsuzda beşdən çoxdur. Mən özüm Gənc Film İstehsalçıları Assosiasiyasının (AGFİA) sədriyəm. Bura 2005-ci ildən fəaliyyət göstərir. İndi Kino Agentliyi ilə müqavilə nəticəsində biz kinoinfo, yəni kino xəbərləri saytını icra edirik. Bundan başqa “Fokus” analitik kino jurnalının da naşiri AGFİA-dır. Daha sonra Fehruz Şamıyevin rəhbəri olduğu Gənc Sinemaçılar Mərkəzi uzun müddətdir, müxtəlif layihələr həyata keçirir. Əvvəllər “Start” adlanan, daha sonra “Baku Short film”, sonra isə “ Bakı beynəlxalq film festivalı” adlı böyük bir layihə keçirirlər. Eləcə də Rəşid Ağamalıyev Animasiya Assosiasiyasını yaradıb. Yəni ki, bu cür QHT-lərin sayı kifayət qədərdir.
– Yaxşı, bəs ARKİ ilə AKİ-nin konkret olaraq birləşməsinə nə lüzum vardı?
– İş burasındadır ki, istər-istəməz hər sahədə öndər bir təşkilat olur. Bu, iqtisadiyyatda da belədir, tikinti sahəsində də, futbolda da. Normaldır. Ümumiyyətlə, bizdə çox pis bir ənənə var: bizdə ənənəyə hörmət yoxdur. Ənənəni qoruyub saxlamağı vacib bilmirik. Məsələn, hazırda nə rahatdırsa, ona gedirik, amma ənənə anlayışı var ki, bu özü bir təcrübədir, bunun olması yaxşıdır. Ona görə bu təşkilat bir ənənədir, hər dəfə biz bir layihə irəli sürəndə, bir hədəf qoyanda fundamental olaraq 1963-cü ildən fəaliyyət göstərən təşkilatın layihəsi olması çox vacibdir. Hər iki təşkilatda da güclü liderlər var. İdarə heyətində indi 38 idarə heyəti üzvü var: Anar müəllim, Vaqif Mustafayev, Cahangir Mehdiyev, Həmidə xanım Ömərova - daha kimlər, kimlər. Bizim idarə heyəti Azərbaycan kino məkanında ən güclü qurumdur və biz qeydiyyatdan keçib ilk iclasımızı edəndə mənə elə gəlirdi ki, bizim idarə heyəti Azərbaycan kinosunda öndər mövqelərə iddiaçı olmalıdır. Əgər bir kino problemi varsa və onları bu cür şəxsiyyətlər həll edə bilmirsə, bu yolverilməzdir. Biz bu məsələləri həll etməliyik, ən azından, o 38 nəfərin hər hansı birinin təşəbbüsü, imzası varsa bu məsələ həll edilməlidir. Kinemotoqrafçıların hökümətə səsini çatdırmaq üçün ən yaxşı vasitə AKİ və onun sədri Rasim Balayevdir.
– Niyə bəs 38 nəfər oldu?
– Çünki bizdə hər təşkilatda 200-dən artıq üzv var idi və biz bu birlik konfransı olduğuna görə hər iki təşkilatın nüfuzlarını birləşdirmək üçün bu saya getdik.
– İstənilən halda, 38 nəfər çox deyil?
– Deyil. Bilirsən, bu, metoddan asılıdır. Biz bununla çətinlik çəkmirik və ola bilər ki, növbəti qurultayda say az olsun. Amma bu, birləşdirici qurultay üçün 38 nəfər olmalı idi, ola bilər ki, 35 olsa, daha yaxşı olardı, ola bilərdi, lap daha 27 daha yaxşı olardı, amma qurultay buna qərar verdi. İlkin namizədlər 30 civarında idi, əlavə təkliflər oldu. Əsas odur ki, bütün Azərbaycan kinosunun nüfuzlu şəxsləri ordadır və biz qarşımızda duran problemləri həll edə bilməyəcəyiksə, özümüzdən başqa heç kimi ittiham eləmək ixtiyarımız yoxdur. Çünki orada o qədər nüfuzlu insanlar var ki, onlar bütün kinomuzun problemlərinin həlli üçün çox vacib söz deməlidirlər. Bu qədər nüfuzlu şəxsiyyəti birləşdirən yeganə kino təşkilatı AKİ-dir.
– İnanırsınız buna?
– Mən çalışacağam ki, belə olsun. Müəyyən şeylər var ki, bizim səlahiyyətimizdədir. Amma bir məsələ uçuruma gedirsə, həyəcan təbili çalmaq bizim işimizdir. Doğrudur, onun qarşısını almağa gücümüz çatmaya bilər. Bu zaman bizim əsas işimiz vaxtında həyəcan təbili çalmaqdır.
– Əli İsa bəy, kino ilə bağlı təxmini neçə ildir ki, həyəcan təbili çalırıq? Nəticə etibarilə, hal-hazırda Azərbaycanda kino böhran vəziyyətindədir…
– Həyəcan təbilini əvvəl biz və ARKİ ayrı-ayrılıqda çalırdıq, amma indi bir yerdə bu problemləri qaldırırıq.
– Elə gələn-gedən hamı həyəcan təbili çalır...
– Baxın, bəy, bir də təsəvvür edin ki, bir bəyanat qəbul olunur və bu bəyanat 38 nəfərin imzası altında qəbul olunur. Bu artıq başqa bir gücdür. Daha böyük gücdür. Orada gənclər də var: Kamran Qasımov, Türkan Hüseynova, Azər Hacıəsgərli, Amil Məməibəyli, bütün bu adamlar yaşı 40-dan aşağı olanlardır və onların güclü beynəlxalq əlaqələri var. Yəni idarə heyəti həm cins, həm yaş, həm zövq, həm nəsil cəhətdən çox geniş bir koalisiyadır və mən, açığı, onlara çox böyük ümid bəsləyirəm. Yəni nə isə alınmasa, özümüz günahkarıq.
– Aydındır. Kino Agentliyinin yaradılması çox böyük gözlənti idi, amma agentliyin yaranmasından müəyyən bir müddət keçməsinə baxmayaraq, görüntü onu deməyə əsas verir ki, Azərbaycan kinosunda böyük dəyişikliklər yoxdur. Siz necə düşünürsünüz?
– Bəli. Doğrudur. Mən belə düşünürəm ki, Kino Agentliyinin yaranması prosesi də bir az ləngidi, üstəlik, hələ də rəhbər təyin edilməyib. Mən nəyi görmək istəyirəm, düşünürəm ki bu çox vacibdir. Kinonu dövlət tərəfindən requlə edən bir neçə nöqtə var. Birincisi odur ki, Kino Agentliyi, Mədəniyyət Nazirliyinin “Kino, video və video oyunlar” sektoru və nəhayət, “Kreativ sənayelər” şöbəsi – bu üçlüyün bir-biri ilə əl-ələ verib işləməsi çox vacibdir. Mən bu əl-ələ verib işləmənin daha yaxşı, daha geniş olmasını istəyərdim, amma hələ ki bu işdə pərakəndəlik görürəm. Amma adları çəkilənlər yumruq kimi bir olmalıdırlar. Onların məsələlərə baxışlarında müxtəliflik olmamalıdır. Hər-halda publika qarşısında olmamalıdır. İkincisi isə sürət məsələsidir. Düşünürəm ki, bu problem bizim kino sektorunda həmişə olub, biz bir ildə əldə edə biləcəyimiz inkişafı 10 ildə əldə edirik. Məsələn, layihələr müsabiqəsi elan olunandan 4 ay sonra yeni layihələr müsabiqəsi elan olunmalı idi. Təəssüf ki, artıq çox vaxt keçib və hələ ki biz növbəti elanı gözləyirik, güman ki, payızda elan ediləcək.
Başqa bir yandan, 2024-cü ildə dövlət tərəfindən maliyyələşən tammetrajlı bədii filmin premyerasının olmaması xoşagələn hal deyil, amma bu, indiki Kino Agentliyinin rəhbərinin səhvi deyil. Çünki film 2023- cü ildən istehsalata buraxılmalı idi ki, 2024-də premyera olsun. Buna baxmayaraq, səhv etmirəmsə, Kino Agentliyi qısametrajlı film ilə premyera edəcək, amma yenə də deyirəm, son iki ildə dövlət vəsaitinə tammetrajlı bədii film premyera olmaması xoşa gələn hadisə deyil, bu, çox pis tendensiyadır. Kino forumundakı çıxışımda da dedim, Yutubda çox geniş müzakirələr oldu ki, bu altı milyon hara gedir? İndi məlum olur ki, həmin altı milyon sadəcə xərclənmir, qalır hesabda, hətta Kino Agentliyinin rəhbərliyi 2023-cü ildə qalan vəsaiti dirildib, təzədən bərpa edib. Düşünürəm ki, bu, tez bir zamanda istehsalçılara çatdırılmalıdır. Ən azı, ildə iki layihə müsabiqəsi, dörd ssenari müsabiqəsi olmalıdır. Kinematoqrafçılar bilməlidirlər ki, bu ilin mart ayında, oktyabr ayında layihə müsabiqəsi var, yaxud bu ilin yanvar, aprel, avqust və dekabr ayında ssenari müsabiqəsi. Onda bu proses düzələcək. Müsabiqələr tez-tez olmalıdır. Bir az mənim narahatlığım bu mövzudadır. Həmin qurumların rəhbərlərinə bildirmişəm ki, mən bu üç qurumun birgə işini görmək istəyirəm, onların diskusiyalarını yox, həmrəyliyini görmək istəyirəm.
– Bəs Kino İttifaqının bir ictimai birlik olaraq ARKA ilə münasibətləri nə yerdədir? Əməkdaşlıqlar varmı?
– Əlbəttə! Biz həm ARKA, həm də Mədəniyyət Nazirliyi ilə sıx işləyirik. Mənim kinoinfo.az layihəm onlardan dəstək qazanıb. Bu, Azərbaycan tarixində ilk kino xəbər saytıdır və bu sayt sənət yönlü yox, məhz marketinq yönlü saytdır.
Sizə bir şeyi deyim, keçən il Azərbaycanda 22 adda tammetrajı film kinoteatral yayıma çıxıb və bunların heç biri dövlət tərəfindən dəstək almayıb. Bu ilin ilk altı ayında10-dan çox tam metrajlı bədii filmin prmyerası olub. Onların içində sosial dramlar da var, Hikmət Rəhimovun “Apatiya”sı, məsələn. Yaxud Emil Quliyevin filmi, hətta uşaq filmi də var. Yəni müxtəlif janrlarda filmlər çəkilir. Dövlət tərəfindən dəstək almadan artıq lağ-lağa komediyalar dövrü bitib, sosial, sərt dramlar, melodramlar, uşaq filmləri prokata ayaq açıb. Bunu dəstəkləmək lazımdır. Biz Kinoittifaq olaraq demək olar ki kinonun mikromaliyyələşdirilməsi üzrə Azərbaycanda yeganə qurumuq. Biz qısa filmlərə min - üç min manat civarında dəstək vermişik və çox qəribədir ki, Kino Agentliyinin elan elədiyi Post- prodakşın müsabiqəsindən keçən 8 layihədən üçü kino ittifaqının maliyə ayırdığı layihələrdir. Deməli, biz düzgün seçimlər edirik. Biz bir-birimizə belə paslar verməliyik.
– Kino Agentliyində hazırda rəhbər təyinatının gecikməsi barədə danışdıq. Sizcə, bu ləngimə niyə var? Əli İsa Cabbarov necə düşünür, Azərbaycanda elə bir adam varmı ki, konkret gəlsin rəhbər kimi və sizin dediyiniz o birliyi tez bir zamanda sahmana salsın.
– Kino Agentliyi, Nizami kinoteatrı və “Azərbaycanfilm” studiyasında hal-hazırda direktor yeri boşdur. Direktorun təyin olunması cənab nazirin səlahiyyətindədir və bizdə bu haqda heç bir informasiya yoxdur. Arzu ediləndir ki, bunlar təyin olunsun. Yəni tam olaraq bu mövzu bizim müzakirə mövzumuz deyil, fikrimcə.
– “Azərbaycanfilm” və Nizami kinoteatrının adını çəkmişkən, bu yaxınlarda sizin təşkilat sözügedən kino obyektlərinin öz balansına verilməsi ilə bağlı bir təklif irəli sürmüşdü. Buna cavab olaraq, nazirlik məsələnin müzakirə mövzusu olmadığı barədə açıqlama verdi. Sualımı konkretləşdirim, ümumiyyətlə, Kino İttifaqının ictimai təşkilat olaraq belə bir təşəbbüslə çıxış eləməyi hüquqi baxımdan nə dərəcədə doğrudur?
– Yox, məsələ elə deyil. Söhbət ondan gedir ki, bu, təşkilatın təşəbbüsü deyildi, bu, təşkilatın idarə heyətinin fəallarının təşəbbüsü idi. Sadəcə, elə oldu ki, mediyaya informasiya sızdırılmışdı. Orada balansa verilməkdən söhbət getmirdi və bu ola da bilməz. Çünki bu, dövlətin mülkiyyətidir. Burada söhbət sıx əməkdaşlıqdan və maliyyələşmə mexanizmlərindən gedir. Tez-tez eşidirik ki, “Azərbaycanfilm” birbaşa maliyyələşə bilmir. Çünki dövlət qurumudur. Biz də təklif elədik ki, kinostudiya ittifaq üzərindən maliyyələşdirilisin. Hətta mən sizə deyim ki, Mədəniyyət Nazirliyinin bir rəsmisi bu təklifə belə bir fikir bildirdi ki, siz məgər layihə verdinizmi ki, biz o layihə üzərindən “Azərbaycanfilm”i maliyyələşdirmədik? İndi biz məhz bu məqsədli layihələr üzərində düşünürük. Bu layihələr forma etibarilə “Azərbaycanfilm” və AKİ-nin birgə layihəsi olmalıdır. Nizami Kino Mərkəzinə gəlincə, ittifaqın kino təqdimatları olur ki, biz bütün bu prosesi Nizami Kino Mərkəzində keçirməyə çalışacağıq. Belə olan halda, sözsüz, onlara ödənişlər edilməsi, işıq pulunun, icarə haqqının ödənilməsində dəstək də nəzərdə tutulur. Biz nümayişlərimizi furşet stolu ilə, müzakirələrlə, foto, video çəkilişlərlə edirik. Məqsəd məhz bu atmosferi Nizami Kino Mərkəzinə gətirməkdir, canlandırma yaratmaqdır.
– Onda belə çıxır ki, nazirlik sizə bu yöndə müsbət cavab verib, əslində?
– Yox, o adam, sadəcə, nazirliyin əməkdaşıdır. Bu təklifi bizə təcrübəli bir şəxs olaraq etdi. Bu işi təkcə kinemotoqrafçılar yox, hər kəs görə bilər. Hər hansı bir ictimai təşkilat, tutaq ki, Azərbaycan tarixi filmlərində kostyumların qorunması sərgisi təşkil etmək istəyir və buna maliyyə vəsaiti ayrılır. O vəsait köçürülür kinostudiyaya və vəsait birgə istifadəedilir.
– Prinsip etibarilə, hamısı Azərbaycan kinosunu diriltmə təşəbbüsüdür.
– Gəlin oradan başlayaq ki, diriltmək ifadəsi düzgün deyil, "Azərbaycanfilm" studiyası ölməyib, sadəcə, dövlət vəsaiti olmadan özünü təmin edir. Məsələn, indi Vaqif Mustafayevin quruluş verdiyi “Molla Nəsrəddin” filmi “Molla Nəsrəddin production” tərəfindən istehsal olunur, amma onların bazası “Azərbaycanfilm” kinostudiyasının bazasıdır.
Vaqif müəllimin bu filmi “Azərbaycanfilm” üçün çox güclü vitamin olacaq. Bu proyekt çox güclüdür və beynəlxalqdır. Belə bir neçə film olsa, Azərbaycan filmi çox yaxşı yerlərə gələ bilər.
– Aydındır. Əli İsa bəy, Mədəniyyət Nazirliyi tərəfindən kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert Şurası yaradılıb. Bu təşəbbüs irəli sürüldüyü gündən etibarən çox ciddi müzakirələrə, etirazlara səbəb oldu. Sizin münasibətiniz maraqlıdır.
– Düşünürəm ki, Ekspertlər Şurası xoş niyyətlə yaranıb, sadəcə, onun tərkibi işgüzar tərkib deyil. Televiziya kanallarının rəhbərliyi olan komissiya işgüzar tərkib ola bilməz. Çünki onların özlərin kifayət qədər işi var. Həmin adamlar oturub ssenari oxuyub onları qiymətləndirmək vaxtında və imkanında deyil. Həmin kanalların nümayəndələrinin iştirakı arzuolunandır, amma bu formada yox. Yaxşı olar ki, redaktor qismində, prodüser qismində olsunlar. Amma indiki format heç də işgüzar atmosfer yaratmır. Tərkibini yeniləmək haqqında düşünmək yaxşı olar.
– Tərkibini dəyişmək lazımdır deyirsiniz. Bu proses necə olmalıdır? Bu irad, yaxud təklif necə edilməlidir ki, etiraz səsinə nazirlikdən bir reaksiya gəlsin.
– Bilirsən, mən hər bir işdə sistemdən daha çox, şəxsiyyətə etibar edirəm. Tutaq ki, Ekspert Şurası yaradılması bir sistem yaratmaq iddiasıdır. Yəni bir mexanizm olsun ki, burada şəxsiyyətdən asılı olmayaq qərar qəbul edilsin, amma mən əksinə şəxsiyyətdən asılı olmağın tərəfdarıyam.
Mənim özümün prodüser təcrübəm var, olub ki ssenarinin ilk cümləsindən təsdiq eləmişəm. Heç ssenarini oxumadan və uduzmamışam. Çünki mənim təcrübəm və kino savadım, kino bilgilərim mənə imkan verir ki, ssenarinin konsept səviyyəsində pis və ya yaxşı olduğunu bilim.
Çox vacib şeylərdən biri də ssenarini ssenari səviyyəsində yox, kino olanda necə olacağını əvvəlcədən görməkdir. Ekspertlətin Şurasında adlarını çəkdiyimiz şəxlərdə bu təcrübə olmaya bilər. Çünki o adamlar media nümayəndələridir, telekanal rəhbərləridir.
– Sadaladığımız bu detalları həmin şuranın yaradılmasında iştirak edənlər niyə düşünmür?
– Onlar məsələyə bir az sxematik yanaşıblar. Yəni çox vacib film çəkilməlidirsə, qoy bütün telekanal nümayəndələri , görkəmli media simaları, üzdə olan adamlar rəy bildirsin ki, biz məsuliyyəti onlarla bölüşək. Amma mənə elə gəlir ki, məsuliyyəti bölüşmək lazım deyil. Kimsə konkret məsuliyyəti öz üzərinə götürməlidir. Yəni Azərbaycan kinosunda bu saat nüfuzlu şəxsiyyət institunun zəifliyi problemi var. Məsələn, baxaq: bizdə necədir? Biz niyə Rasim Balayevi dəstəklədik? Çünki Rasim Balayev şəxsiyyətdir, onun sözünün kəsəri var. Biz bunu onda görmüşük deyə, onun arxasıyca gedirik. Kəsəsi, işi şəxsiyyətə etibar edib ondan işi tələb etmək lazımdır.
– Əslində, mənim bayaq ARKA-ya rəhbər təyinatı ilə bağlı verdiyim sual bu yöndə idi. Yəni Azərbaycanda Kino Agentliyi adlı bir quruma rəhbərlik edəcək, liderlik qabiliyyətinə malik şəxs varmı?
– Mən bir daha təkrar edirəm ki, bununla bağlı fikir bildirməyim qətiyyən etik deyil. Biz artıq mitinq ovqatından çıxıb peşəkar, qarşılıqlı hörmətli, öz mövqeyində duraraq onu müdafiə edib, amma etik çərçivədən çıxmayan mövqeyə gəlməliyik. Azərbaycan kinosunda rəsmi qurumlarla, azad qurumlarla, ictimai təşkilatlarla müxtəlif nəsillər arasında bir işgüzar münasibət olmalıdır. Haqq sözü deyirsənsə, onu bəy kimi ağayana, yaxud xanım kimi deməlisən. Bizim əsas problemimizdən biri ritorika problemidir. Biz niyə müzakirələr təşkil edirik? Çünki bunu öyrənməliyik. Tənqid edən adam öz filmini tənqid etməkdə çətinlik çəkir, eləcə də tərifləməkdə. Halbuki ağızdolusu tərif eləmək peşəkarlıq səviyyəsində də mümkündür.
Ona görə də mən də sizin verdiyiniz suala istəyirəm, bir bəy kimi cavab verim, bu mənim şərh edə biləcəyim bir mövzu deyil. Bunun məsuliyyətini daşıyan səlahiyyətli qurum var. AKİ olaraq ARKA-nın komandasına istənilən dəstəyi etməyə hazrırıq, hətta biz bir yerdə işləməyə məhkumuq.
– Yaxşı cavab oldu. Keçək kinoteatrlara. Bu mövzu ətrafında tez-tez müzakirələr və tənqidi yanaşmalar görürük. Ümumiyyətlə, kinonun ən fəal simalarından biri kimi, necə düşünürsünüz, Azərbaycanda kinoteatrın bugünkü vəziyyəti nə yerdədir?
– Bəy, ölkədə iki kinoteatr şəbəkəsi var, o şəbəkələri yaradan adamlar bizim mədəniyyətimizin qəhrəmanlarıdır. Çünki onları heç kim təşviq eləmədi ki, get kinoteatra pul qoy. Xeyr. Onlar şəxsə təşəbbüslə bunu yaratdılar və meydanı verdilər bizə. Kino prodüserləri o mənada problem yaşayır, əziyyət çəkir ki, hər iki şəbəkədə filmlərin prokat nümayişi eyni şərtlərlə deyil. Bu da, mənə elə gəlir, rəqabətdən doğan məsələdir. Dövlətin onlara dəstəyi o ola bilər ki, həmin şəbəkələrə kreditlər versin. Onlar da öz filiallarını rayonlarda, bölgələrdə aça bilsinlər. Bu çox vacibdir. Düzdür, bölgələrdə kinoteatrlar o qədər də dolmur, amma…
– Niyə? Orxan Mərdanın komandası deyir ki, dolur.
– Orxan öz filmini aparanda dolur, amma daimi kinoteatr olsa, o demək deyil ki, orada Bakıdakı qədər tamaşaçı olacaq. Demək istədiyim odur ki, bunun açarını tapmaq lazımdır. Ola bilər ki, bölgədəki kinoteatrların repertuarı başqa olsun. Bakıda gedən filmlər mütləq bölgələrdə də getməli deyil. Məsələn, bölgədəki kinoteatrlarda ancaq Azərbaycan filmləri gedə bilər və ya bölgə üçün xüsusi repertuar fikirləşilə bilər.
Biz “Cənubda kino günləri”ni həyata keçirdik, indi də “Şirvanda kino günləri” təşkil edirik. Bu proses davam edəcək: Aranda, Muğanda…Bu siayəsəti Rüstəm İbrahimbəyov formalaşdırıb. Hədəf kino tamaşaçılarının sayını artırmaqdır. Kinoteatrda tamaşaçıların sayı çoxaldıqca istehsal da artacaq. Olsun ki, əvvəl bayağı komediyaların sayı artacaq, daha sonra sosial dramlar, sonra dramlar. Bir film prokata çıxaranda rahat şəkildə élan verə bilməliyik ki, film bütün Azərbaycanda yayımdadır. Bu çox vacibdir.
– Əli İsa bəy, bax bayağı komediya filmlərinin adını çəkdik. Bizdə haradasa 2015-ci ildən bu yana kommersiya tipli komediya filmləri dəb halını aldı, amma onların böyük qismi keyfiyyətli yumordan çox uzaqdır. Bu cür keyfiyyətsiz yumor, bayağı gülüşün Azərbaycan kinosuna qazandırdığı tamaşaçı nəyə və kimə lazımdır?
– O cür filmlərdə müəyyən unikal obrazlar olur. Hozu olsun, Şəmi, Şöşü olsun və başqaları. Rembo, Rokki personajları necə yaradılıb və filmdən filmə keçib, bizdə də bu personajlar yaranıb və filmdən filmə yayılıb. Bu cür franşiza personajların olması bizim kinomuz üçün yaxşıdır. Sadəcə, onların zamanla artıq daha yaxşı ssenaristlərlə işləməsi şərtdir. Belə olan halda, həmin personajlar sənin dediyin ciddi komediya səviyyəsinə qalxacaq.
Bizim komediya filmlərində əzilən insanlar həmin vəziyyətdən biclik, hiylə yoluyla və bunun yumor forması ilə çıxmağa çalışırlar. Nəticədə, bu gülüş situasiyası doğurur. Bir var ki, ayağının altında banan qabığı qalıb yıxılsın və gülüş doğursun. Bir də var qəhrəmanın çətinliklə mübarizəsi gülüş doğursun. Bunlar ayrı-ayrı şeylərdir.
– Mən dediyim o filmlərin çoxunda “banan qabığı”nın yaratdığı gülüşdür axı...
– Yox, o qədər də deyil. Gülüşün formatı banan gülüşü deyil, çünki banan gülüşünün sosial məzmunu olmur. Amma bu filmlərin çoxunda sosial məzmun var. Mən düşünürəm ki, tamaşaçılar bu kinolara gəlməklə terapiya olurlar. Çünki həmin filmlərdə məmur özbaşınalığı, hətta polislə bağlı problemlər də göstərilir.
– Onda siz bu cür filmlərin çəkilməsinə qarşı deyilsiniz, hə?
– Əlbəttə ki, deyiləm! Mən onlara ancaq minnətdar ola bilərəm. Onlar bizim kinomuzun ölməyinin qarşısını alıblar. Onlar nə qədər adama iş veriblər. Onlar bizim bazarı qoruyublar. Məsələn, mən “Zəhər tuluğu” çəkilməzdən əvvəl demişdim ki, bu, kinoluq personajdır. “ Zəhər tuluğu” filmi lağ-lağa komdediyadan bir addım qabaqda olduğuna görə rəsmi qurumlar ona dəstək verməli idi. Heç bir şərtsiz-filansız. Bu cür layihələrdə rəsmi qurumların iştirak etməməsi onların səhvidir.
Təsəvvür elə, bu il bir Azərbaycan bu il Kann Film Festivalında iştirak etdi, amma bu film rəsmi maliyyə olmasan çəkilib. Bu yaxşı hal deyil. Axı bunu çəkən rejissor Azər Quliyevdir, prezident mükafatçısıdır. Prezident mükafatçısı filmə başlayırsa, zəng eləyib demək lazımdır ki, filmə dəstək veririk, məzmunla razı deyilsənsə, başqa xərclərə kömək eləməlisən. Yaxşı ki, filmsonrası səfər xərcləri Mədəniyyət Nazirliyi tərəfindən ödənildi. Mənə elə gəlir ki, rəsmi qurumlar proseslərə proses başlamadan qoşulmalıdırlar.
– Xarici filmlərin Azərbaycanda nümayişi məsələsinə də toxunmaq istəyirəm. İttifaq bunu davamlı şəkildə edir. Bu aydındır. Ümumiyyətlə, ölkəmizdə xarici filmlərin nümayiş olunmasında, onların xüsusən dublyaj məsələsində çox ciddi problemlər var və zaman-zaman bu kifayət qədər müzakirə və tənqidlərə səbəb olur. Ümumiyyətlə, proses necə olmalıdır ki, məsələn, mən Nolanın filminə Azərbaycan kinoteatrında Azərbaycan dilində baxa bilim.
– Birincisi, Nolanın filminin Azərbaycanda necə nümayiş edilib-edilməyəcəyini onun prodüseri diqtə edir. Azərbaycan onlar üçün kiçik bazardır, buna görə də Azərbaycan dili dublyajına diqqət və vəsait ayırmaq istəmirlər. Bunun üçün burada ofis açılmalı, vəsait ayırmalı və təcrübəli insanlar cəlb edilməlidir. Onlar Azərbaycanda lazımi qədər bilet satmırlar axı, sata bilməzlər. Ona görə mən fikirləşirəm ki, ilkin olaraq Azərbaycan subtitirləri ilə nümayiş daha rahat və daha realdır. Yaxın beş illikdə Azərbaycanda Hollivud və böyük studiyaların filmlərinin Azərbaycan dilində dublyajla nümayişini mən real hesab etmirəm. Dediyim kimi, bizim bazar buna hazır deyil. Məsələn Stenli Kubrikin son filmini bütün dünyada subtitrla nümayiş edildi, çünki rejissor belə şərt qoymuşdu. Sadəcə, o subtitrlərin tərcümə keyfiyyətinə nəzarət etmək lazımdır.
Visiontv.az