Kainat bir kompüter simulyasiyasıdir və biz də onun personajları
15.10.2024

İngiltərənin Portsmut universitetindən fizik Melvin Wopson infodinamika üzrə tanınmış mütəxəssisdir. İnfodinamika elmi deyir ki, informasiya da fizki varlıqdır və onun da kütləsi ilə enerjisi var. Çünki bütün elementar hissəciklər insan hüceyrələrindəki DNT kimi özləri haqqında məlumat saxlayır. İnfodinamiklər deyirlər ki, informasiya Kainatın əsas tikinti materialıdır və onun öz fiziki kütləsi var. Wopson iddia edir ki, hətta Kainatın kütlə enerjisini təşkil edən sirli qaranlıq materiya da elə informasiyadan başqa bir şey deyil.

2022-ci ildə Vopson termodinamikanın ikinci qanununa bənzətmə yaparaq “İnfodinamikanın ikinci qanunu” adlandırdığı yeni fizika qanununu kəşf edib. Termodinamikanın ikinci qanununa görə entropiya (təcrid olunmuş sistemdə nizamsızlıq, xaos, qeyri-müəyyənlik ölçüsü) ya sabit qala bilər, ya da zamanla arta bilər. Lakin infodinamikanın ikinci qanunu bildirir ki, informasiya sistemlərində entropiya ya sabit qalır, ya da zamanla azalır, yəni bu sistemlər daha nizamlı və proqnozlaşdırıla biləndirlər.

İnfodinamikanın ikinci qanununa əsasən canlı orqanizmlərdə genetik mutasiyaların meydana gəlməsini, atomlarda elektronların davranışını, kosmosda baş verən proseslərin təkamülünü proqnozlaşdırmaq mümkündür.

“AIP Advances” jurnalında dərc olunmuş yeni məqaləsində Wopson infodinamikanın ikinci qanununu məşhur “Simulyasiya edilmiş Kainat” hipotezinə tətbiq edərək Kainat və bizi əhatə edən bütün obyektiv reallığın təkmilləşdirilmiş kompüter simulyasiyası olduğunu, bizim isə virtual aləmin personajları olduğumuzu hesab edir.

Nəhayət, Wopson belə bir nəticəyə gəlir ki, yeni fizika qanunu bizim simulyasiya edilmiş Kainatda yaşadığımız ideyasını təsdiqləyir. Məsələn, bu qanun dünyada simmetriyanın yayılmasını izah edir. Fizikə görə təbiət simmetriyaya meyl edir, çünki o, entropiya səviyyəsinin minimal olduğu vəziyyətə uyğundur, yəni sistem öz-özünə nizamlanır…

P.S.

Bu sətirləri yazarkən 2019-cu ildə “Ayna” üçün yazdığım “Balaca qızın ev tapşırığı” yazımı (linki şərhdə) xatırladım təbii olaraq. Çünki bu məqaləni qohumum, görkəmli hüquqşünas Adil Ismayilovla illərlə müzakirə etdiyimiz simulyasiya ətrafındakı mübahisələr əsasında yazmışdım. Allah Adilə rəhmət eləsin!

O məqaləmi bu cümlələrlə bitirmişdim:

"Əlimi başımın arasına alıb düşünməyə başlayıram: Mən simulyasiyayam yoxsa tamoqaçi? Bəlkə mən də, elə bu sətirləri oxuyanlar da post-insan erasındakı balaca bir qız tərəfindən yaradılmışıq və biz hamımız o qızın ev tapşırığıyıq".

İbrahim Nəbioğlu

visiontv.az