Son 45 ildə bir-biri ilə üzləşən iki ölkə müharibənin astanasındadır. Bu, hazırda bütün region üçün ən təhlükəli məqamdır.
1979-cu ildə şahın devrilməsindən sonra hakimiyyətə gələn molla rejimi uzun müddətdir ki, "sionist rejim" adlandırdığı İsrail dövlətini məhv edəcəyinə söz verib. Artıq 45 ildir ki, hakimiyyəti işğal edən molla-fars rejimi bu vədin öhdəsindən gələ bilmir. İsrail isə İranı SEPAH və rejimin əlində alət olmuş proksi qüvvələr vasitəsilə Yaxın Şərqdə təhlükə yaymaqda günahlandırır.
Məhşur "BBC" nəşri yazır ki, İsrail çərşənbə axşamı bir neçəsi İsrailin hava hücumundan müdafiə sistemini dəf edərək əraziyə düşən raketlərin qisasını almağı planlaşdırır.
İran bildirir ki, bu hücum, İsrailin Beyrutda Hizbullah lideri Həsən Nəsrullaha və Tehranda HƏMAS lideri İsmayıl Haniyəyə qarşı iki sui-qəsd törətməsinə cavabdır.
Bütün dünya Yaxın Şərq regionunda baş verən hadisələri yaxından izləyir. Bundan sonra nə olacaq? İsrail İranın raket zərbələrinə necə cavab verəcək?
Siyasi ekspert Aqşin Kərimov bildirib ki, İsrail İranın ballistik raket hücumlarına cavab olaraq iki cür əməliyyat həyata keçirə bilər:
"Birincisi, İsrail İranın içərilərində heyrətamiz kəşfiyyat əməliyyatlarını silsilə halına gətirə bilər.
İkincisi, İsrail İranın nüvə obyektlərini ya kiberhücumlarla, ya da birbaşa qırıcı təyyarələrlə hədəf seçməyi nəzərdə keçirir."
Ekspert Aqşin Kərimov əlavə edib ki, İranla İsrailin açıq müharibə ritorikasını birbaşa praktiki səviyyəyə keçirməsi Yaxın Şərqdə amansız zorakılıqlar silsiləsinin davam edəcəyinin göstəricisidir.
"Baş verən hadisələrə, hətta İranın kütləvi aviazərbələrinə baxmayaraq, qənaətim budur ki, İran Yaxın Şərqdə güzəşt dərəcəsinə doğru gedəcək.
Çünki İran İsraili məhv etmək, siyasi şiəliyin radikal, ekstremist və inqilabi formasının zəfərini təmin etmək iqtidarında deyil.
Bununla belə, İranın güzəşt siyasətinin sülh və təhlükəsizlikdə dönüş nöqtəsini müəyyən edəcəyi az ehtimal olunur."
Siyasi ekspert Aqşin Kərimov eyni zamanda Yaxın Şərq regionunda ABŞ-Rusiya-Çin rəqabət üçbucağının da alovlanacağı düşüncəsindədir.
"Regionda gərginlik dozası artdıqca isə, eskalasiyalaeı cilovlamaq üçün təşəbbüslərin ələ keçirilməsi uğrunda ABŞ-Rusiya-Çin rəqabət üçbucağı alovlanacaq.
Təbii ki, bu, müsbət mənada dinamik, dinc, təhlükəsiz və modernləşən Yaxın Şərqi ortaya çıxarmayacaq.
Əksinə güclərin bir-birlərinin potensiallarını, vizyonlarını pozmaq və alçaltmaq üçün həyata keçirəcəyi oyunlar daha geniş müharibə alovlarına səbəb olacaq."
Şahin Elxanoğlu
visiontv.az