İşğalçı Rusiya ilə qurbanlıq Ukraynanın taleyi qarşıdakı iki ay ərzində həll oluna bilər
İşğalçı Rusiya ilə qurbanlıq Ukraynanın taleyi qarşıdakı iki ay ərzində həll oluna bilər
20.11.2024 Bəybala Mirzəyev Tərəfindən

Təkcə özlərinin deyil, bütün postsovet ölkələrinin bu gününə və gələcəyinə dərin təsir göstərən Rusiya ilə Ukraynanın savaş hekayəsi son 2 ildə tamamlana bilməsə də, son 2 ayda tamamlana bilər...

Daha doğrusu, işğalçı Rusiya ilə qurbanlıq Ukraynanın taleyi qarşıdakı iki ay ərzində həll oluna bilər.

Bu mənada, Bayden administrasiyasının siyasi səhnədən gediş ərəfəsində Ukraynaya Rusiyanın dərinliklərinin uzaqmənzilli amerikan raketləri ilə vurulmasına icazə verməsi həqiqətən də tarixi əhəmiyyətli, taleyüklü qərardır.

Bu qərarın icrası Putinin işğalçılıq iştahasının daha da artmasının qarşısını alacaq, başqa sözlə desək, onu reallıq hissinə qaytaracaq.

Rusiyanın dərinliklərinin vurulması Ukraynanın üstünlük əldə etməsini təmin etməklə yanaşı, həmçinin çəkindirici güc rolunu da oynayacaq. Belə ki, NATO-nun dəstəyilə Ukrayna tərəfindən sarsıdıcı zərbə alan Rusiyanın Şərqi Avropa ölkələrinə qarşı ekspansiyasının və eləcə də keçmiş sovet respublikalarını yenidən Moskvanın hökmranlığı altında birgə ittifaq halına gətirmək (SSRİ-ni yeni formada bərpa etmək) planlarının da qarşısını almış olacaq. Və beləliklə, Kreml postsovet ölkələrinin müstəqilliyinə qəsd etmək imkanlarından məhrum ediləcək.

Ona görə də önümüzdəki həftələrdə hamının diqqəti məhz Rusiya-Ukrayna cəbhəsindəki proseslərə yönələcək.

P.S.

ABŞ "dərin dövləti"nin "xeyir-dua"sı ilə Ukraynaya belə bir icazənin verilməsi və onun nəticələri dünyada dağıdıcı müharibələrin törədilməsində Rusiyadan heç də az günahı olmayan Birləşmiş Ştatların insanlıq naminə gördüyü az sayda yaxşı işlərdən biri kimi tarixdə qala bilər.

Bəybala Mirzəyev

visiontv.az