Cənubi Afrika BRICS ölkələrinin İranın iştirakı ilə keçirdiyi birgə dəniz hərbi təlimlərindən sonra ABŞ-ın sərt reaksiyası və daxili tənqidlərlə üzləşib. “Sülh üçün İradə–2026” adlı təlimlər 9–16 yanvar tarixlərində Cənubi Afrika sahillərində keçirilib və Çin, İran, Rusiya, BƏƏ və Cənubi Afrikanın hərbi gəmiləri iştirak edib.
Vaşinqton xüsusilə İran Hərbi Dəniz Qüvvələrinin təlimlərdə iştirakına etiraz edərək, bunu İranda etirazların qanla yatırılması fonunda “qəbuledilməz” adlandırıb və Cənubi Afrikanın insan haqlarına bağlılığına zidd mesaj verdiyini bildirib.
Yerli mediaya görə, Cənubi Afrika Prezidenti və Afrika Milli Konqresinin liderlərindən olan Siril Ramafosa İranın təlimlərdə iştirakına qarşı çıxıb və əvvəlcədən onun kənarlaşdırılması barədə göstəriş verib. Lakin bölgəyə əvvəlcədən daxil olan İran gəmiləri təlimlərdə saxlanılıb və ordu prezidentin göstərişini icra etməyib.
ABŞ-ın Pretoriyadakı səfirliyi Cənubi Afrika ordusunu Ramafosanın göstərişini görməzdən gəlməkdə ittiham edib. Hadisədən sonra hökumət prezidentin tapşırığının icrası ilə bağlı rəsmi araşdırmaya başladığını açıqlayıb.
Müxalif qüvvələr, xüsusilə Demokratik Alyans Partiyası hökuməti avtoritar rejimlərlə hərbi əməkdaşlıq etməklə ölkəni diplomatik və iqtisadi risklərə sürükləməkdə günahlandırıb.
Hadisə ABŞ-la İran, Çin və Rusiya daxil olmaqla bir sıra BRICS üzvləri arasında münasibətlərin kəskin gərgin olduğu bir dövrdə baş verib və son təlimlər Vaşinqton–Pretoriya xəttində yeni gərginlik nöqtəsinə çevrilib.
visiontv.az