İranın Ermənistana münasibətdə siyasəti hakimiyyət dəyişikliyindən sonra dəyişməz qalacaq
06.07.2024

Prezident seçkilərindən sonra da İranın Cənubi Qafqaz və qonşularla münasibətləri bundan əvvəl, İbrahim Rəisi siyasətinə uyğun davam etdiriləcək.

Bu sözləri İranın Azərbaycandakı keçmiş səfiri Seyid Abbas Musəvi deyib.

O, iranın 15 qonşusu olduğunu və qonşularla qarşılıqlı əlaqə siyasəti yürütmək istədiyini söyləyib.

Bununla yanaşı İranın Ermənistandakı səfiri Mehdi Sübhani də seçkilərdən sonra İran-Ermənistan münasibətləri barədə jurnalistlərin suallarını cavablandırıb.

İranın Ermənistana münasibətdə siyasəti hakimiyyət dəyişikliyindən sonra dəyişməz qalacaq.

“İranın Ermənistanla bağlı siyasəti prinsipialdır, əməkdaşlığın və qarşılıqlı fəaliyyətin inkişafı və genişləndirilməsinə yönəlib. Bu siyasət hakimiyyət dəyişikliyi ilə dəyişməyəcək”, - o bildirib.

Səfir seçki kampaniyası zamanı bütün namizədlərin qonşu ölkələrlə münasibətləri inkişaf etdirmək üçün öz proqramlarını təqdim etdiyini vurğulayıb. O qeyd edib ki, İranda çoxlu etnik qruplar yaşayır, lakin bu, ölkənin milli siyasətinə təsir etmir:

“İran Ermənistanın dostu olaraq qalır və yeni hökumət dövründə İrəvanla münasibətləri inkişaf etdirməyə davam edəcək”.

visiontv.az