İranın dərinləşən enerji böhranı ölkəni çıxılmaz vəziyyətə sürükləyir
11.01.2025

Enerji təchizatındakı fasilələr və sənaye sektorunda baş verən fasilələr birbaşa olaraq insanların gündəlik həyatını və əsas infrastruktur xidmətlərini təhlükə altına qoyur, eyni zamanda ölkə iqtisadiyyatına milyardlarla dollar zərər vurur.

GünazTV xəbər verir ki, mövzu ilə bağlı Türkiyənin Anadolu Agentliyi geniş analiz paylaşıb. Dərinləşən enerji böhranı ölkəni iqtisadi cəhətdən gərginləşdirir və onu çıxılmaz vəziyyətə salır, o cümlədən kənd təsərrüfatı kimi həyati vacib sektorlar böhranla üzləşə bilər.

Gündəlik 350 milyon kubmetr təbii qaz çatışmazlığı və 17 elektrik stansiyasının dayanması səbəbindən ölkədə sənaye istehsalında 30-50 faiz azalma olacağı gözlənilir. Bu vəziyyətin İran iqtisadiyyatına on milyardlarla dollar itki kimi təsiri gözlənilir.

ABŞ Hərbi Dənizçilik Məktəbinin professoru Brenda Şaffer deyib ki, İran keçmişdə dəfələrlə enerji çatışmazlığı ilə üzləşib, lakin bu dəfə hərtərəfli enerji çöküşü ilə üz-üzədir.

Böhranın təkcə enerji sektoru ilə məhdudlaşmadığını, həm də ekoloji problemlərə səbəb olduğunu bildirən Şaffer bildirib ki, "İran dünyanın enerji baxımından ən az qənaət edən iqtisadiyyatlarından biridir. Enerji qiymətlərinin aşağı olması səbəbindən israfçılıq geniş yayılıb və bu, enerji səmərəliliyinə mənfi təsir göstərir. Enerji böhranı həm də elektrik stansiyalarının ağır neftdən istifadəyə keçməsi nəticəsində  hava çirklənməsinə səbəb olaraq tam bir ekoloji böhrana səbəb oldu". 

İranın enerji böhranının dərinləşdiyini deyən Şaffer əlavə edib ki, "Tehran öz vətəndaşlarını kifayət qədər yanacaqla təmin edə bilməsə də, Suriyaya gündəlik 80-100 min barel nefti pulsuz verirdi. Bu cür siyasətlər yanacağın israfına və daxili qıtlığa səbəb olurdu”. 

Qeyd edək ki, elektriklə işləyən suvarma sistemləri və kənd təsərrüfatı texnikaları sıradan çıxdığından biçin vaxtında aparıla bilmir. Bu, İranın ərzaq təminatında ciddi problemlər yaradır. Polad və sement kimi enerji tutumlu sektorlar xüsusilə ağır zərbə aldı. Son məlumata görə 22 sement zavodu fəaliyyətini dayandırıb. Bundan əlavə, elektrik enerjisi olmadığından məktəblərdə tədrisə fasilə verilib, suvarma sistemləri və kənd təsərrüfatı texnikası sıradan çıxdığından kənd təsərrüfatında ərzaq istehsalına da mənfi təsir edilib.

visiontv.az