İranda yəhudilər məcburi aksiyalara cəlb edilib
12.02.2024

İran hökuməti ölkədə yaşayan azsayda yəhudini məcburi şəkildə 1979-cu il inqilabının ildönümü ilə bağlı keçirilən "22 bəhmən" (11 fevral) aksiyalara cəlb edir.

Bu barədə insan haqları müdafiəçiləri məlumat yayıblar.

"Tehran, Kirmanşah, İsfahan, Şiraz, Məşhəd və Həmədan şəhərlərində yaşayan az sayda yəhudilərə təzyiq göstərilir, onlar aksiyalar keçirməyə məcbur edilir",- məlumatda qeyd edilib.

Aksiyalara məcburi cəlb edilənlərdən İsrail əleyhinə şüarlar səsləndirmələri və İranda yaşayan yəhudilər adından HƏMAS-ı dəstəkləyən plakatlar qaldırmaları tələb edilir.

Bildirilib ki, bir neçə gün əvvəldən yəhudilərə aksiyalara mütəşəkkil şəkildə qoşulmaları ilə bağlı xəbərdarlıq edilib, əks təqdirdə iş yerlərinin bağlanacağı və barələrində "İsraillə əlbir olmaq" ittihamlarının irəli sürüləcəyi ilə təhdid ediliblər.

Qeyd edək ki, 1979-cu il inqilabından sonra İranda yaşayan yəhudilərin əksəriyyəti ölkəni tərk etməyə məcbur olublar.

Hazırda İranda qalan 20-25 min civarında yəhudinin bir qismi kimliklərini gizlətmək məcburiyyətində qalır, başqaları isə davamlı təzyiq və ayrı-seçkilklə üzləşir.

visiontv.az