İran Rusiya-Ukrayna müharibəsində Rusiyaya kamikadze dronlar verdiyi üçün Rusiyadan silah, xüsusilə hava hücumundan müdafiə silahları (S-300, S-400) istəyir, umur. Rusiya mesaj verməyə çalışır ki, onsuz da İrana hücum olarsa hər hansı silah bu hücum qarşısında aciz qalacaq. Rusiya bir çox ciddi səbəblərdən bu riskə getmək istəmir və getməz. Putin məsələyə öncəki aylara nisbətən daha diplomatik, praqmatik və soyuqqanlı yanaşır.
Şoyqu İrana səfərə gedir. Hətta bu səfərin humanist məqsədli olduğu (Rusiya İrana məsləhət görür ki, mülki obyektləri vurmasın) açıq-aşkar bildirilsə də, həzm olunmur və II dünya müharibəsindən sonra ilk dəfə Rusiya ərazisi işğala məruz qalır. Ukrayna ordusu 10 km dərinlikdə Rusiya ərazisinə girərək 11 kəndini ələ keçirir, 40-dan çox rus hərbçisini əsir götürür və ən əsas məsələ, Avropaya qaz nəqlini təmin edən Sudja qazölçmə stansiyasını nəzarətə götürür. Putin bununla əlaqədar keçirdiyi təcili iclasda da Yaxın Şərqdəki hadisələrə praqmatik mövqe nümayiş etdirir.
İran öz ölkəsində səfərdə olan Paşinyanı açıq mesajla hədələyir. "Zəngəzur dəhlizi açılsa, Ermənistan zərər görər". ABŞ hərbi təyyarələri (təbii ki, hərbçiləri və silahları ilə) Zəngəzura gəlir, kommunikasiya məsələləri sülh danışıqlarının əsas şərtlərindən biri kimi kənara qoyulur. Sülh müqaviləsinin bağlanması əsas prioritet kimi önə çıxarılır. Amma bu Zəngəzurun açılmaması demək deyil. Sülh bağlandıqdan sonra Azərbaycan-Ermənistan özləri bu məsələni həll edərlər. Çünki bu dəhliz Ermənistana da lazımdır, Rusiyaya da, Türkiyəyə də, Avropaya da (Fransa xaric). Amma əsas məsələ bu dəhliz açılanda İranın hansı vəziyyətdə olacağı, bu dəhlizə mane olmaq imkanının olub olmayacağıdır.
ABŞ birbaşa mesaj verdi ki, hazırda elə bir həssas və ciddi dönəmdir ki, ən kiçik və ilk baxışda əhəmiyyətsiz görünən mesajlar da ciddi dəyərləndirilir və əks tədbirlər görülür.
İranın dini rəhbəri Xamenei HƏMAS liderinin öldürülməsinə görə əvəzçıxma əməliyyatlarına başlamaq əmrini verməyə risk etmir və bu səlahiyyəti yeni seçilmiş Pezeşkiana ötürür. Pezeşkian isə hələ açıq olmasa da, hərəkətsizliyi ilə mesaj verir ki, o sülh və rifah tərəfdarı kimi Prezident seçildiyi üçün bu addımı atmaq istəmir. Yəni, İranı vurmaq istəmir. Burada qəribə bir vəziyyət yaranır. İrandan başqa bir dövlət (Yəmən) və İranın nüfuz dairəsində olmuş qüvvələr (HƏMAS, Hizbullah) İrandan İsraili vurmasını gözləyir və hətta gün, saat sayırlar. İran isə özü ciddi tərəddüd içindədir və istəmir. Çünki, mesajları, ritorikaları görür. İndi əvvəlki dövr deyil. Ən kiçik səhv, yanlış ifadə, bəyanat uğursuz və mənfi mənada taleyüklü səhvə çevrilə bilər.
Ərəb dövlətləri İran-İsrail toqquşması olarsa ən azı neytral qalacaqlarını bildirsələr də, İrana qarşı mövqe tutacaqları mesajları açıq-aşkar verilməkdədir.
Bölgə barıt çəlləyinə bənzəyir. Kimsə əlində kibritlə bu çəlləyə yaxınlaşmaq istəməz. Hər bir ölkənin kibritə deyil, suya ehtiyacı var. Bu su isə səbr, praqmatizm, müdriklik, təkcə cümlənin, sözün deyil, nöqtə, vergül, səs tonu və tembrin də düzgün ifadə edilməsi üzərində dərin-dərin düşünməsidir!
Hər bir dövlətin, dövlətlər birliyinin öz strateji hədəfləri var. Ümid edirik ki, bu gərginlik Türk Dövlətləri Birliyi məsələsinin arxa plana keçməsinə səbəb olmayacaq! Çünki, Türkiyənin terrorla mübarizəsində, Azərbaycanın I və II Qarabağ Vətən müharibələrində, Orta Asiyada olan türk dövlətlərinin problemləri olduğu zamanlarda hansı dövlətlərin hansı mövqeləri sərgilədiyini unutmamalıyıq! Hər bir dövlət üçün dövlətçilik və dövlətin mənafeyi ön plana çıxır. Hətta II dünya müharibəsində Türkiyəni müharibəyə cəlb etmək səylərini uğurla dəf etmiş İsmət İnönü və Türkiyə dövlətçiliyinin bu nümunəsi bölgənin bir çox dövlətləri üçün ibrət dərsidir!
Elman Sadıqov
visiontv.az