Ötən gecə İranın İsrailə raket hücumları ilə yadda qaldı. İranın molla rejimi öz vətəndaşlarının gözündə daha da rəzil vəziyyətə düşməmək üçün nəhayət ki, özündə güc tapıb İsrailə cavab verdi.
Rəsmi açıqlamalara görə, ümumilikdə, İsrail ərazisinə 180-dən çox yüksəksürətli ballistik raket atılıb, sosial şəbəkələrdə isə İranın İsrailə 500-dən çox raket atdığı bildirilir.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqirinin iddiasına görə, bu hücum nəticəsində İsrail Hərbi Hava Qüvvələrinin iki bazası, həmçinin İsrail kəşfiyyat xidmətinin qərargahı vurulub. İsrail tərəfi isə vurulan yerlər barədə heçnə deməyib və raketlərin əksəriyyətinin “Dəmir Gümbəz” raketdənmüdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib.
İranın İsrailə qarşı təşkil etdiyi bu raket “yağışı”nı qısır və səmərəsiz hesab etmək olar. Çünki hücum nəticəsində İsrailə heç bir ciddi ziyan dəyməyib. Və canlı itki də yoxdur. Cəmi bir-iki nəfər mülki şəxs raket qəlpələri nəticəsində yüngül xəsarət alıb, vəssalam.
Yəni ki, İranın bu cavab zərbəsi də aprel ayındakı raket və PUA zərbələri kimi uğursuz güc nümayişindən başqa bir şey deyil. Lakin bununla belə, İranın cavab zərbəsi onsuz da gərgin olan İran-İsrail münasibətlərini daha da gərginləşdirmiş oldu. Bunu liderlərin açıqlamalarından da görmək mümkündür.
Belə ki, İran prezidenti Məsud Pezeşkian bildirib ki, İranın İsrailə raket zərbələri ölkənin qanuni hüquqlarına əsaslanıb. O qeyd edib ki, bu addım İranın maraqlarını və vətəndaşlarını müdafiə etmək üçün atılıb: "Netanyahu bilməlidir ki, İran müharibəni qızışdıran deyil, lakin istənilən təhlükəyə qarşı qətiyyətlə dayanır. Bu, gücümüzün yalnız kiçik bir hissəsidir. İranla münaqişəyə girməyin”.
Yeri gəlmişkən, Pezeşkianın bu hücumdan öncədən xəbərdar olmadığını iddia edənlər də var. Məsələn, “Nyu-York Tayms”ın köşə yazarı Tomas Fridmanın iddiasına görə, Pezeşkiana İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumları barədə əvvəlcədən məlumat verilməyib və raket hücumunu İran Hərbi Hava Qüvvələri deyil, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələri təşkil edib. Hücum əmrini İranın ali dini lideri Ayətullah Əli Xamenei verib, Pezeşkian isə yalnız hücum başlandıqdan sonra əməliyyatdan xəbər tutub.
Lakin Pezeşkianın bu əməliyyatdan öncədən xəbərinin olub-olmaması və ya raket hücümunun İran ordusunun Hərbi Hava Qüvvələri tərəfindənmi, yoxsa SEPAH-ın Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilməsi heçnəyi dəyişmir və fakt öz faktlığında qalır. Fakt isə budur ki, İran tərəfi İsrailin bu yaxınlarda Livanda həyata keçirdiyi “peycer əməliyyatı”na və “Hizbullah” qruplaşmasının lideri Şeyx Həsən Nəsrullahın öldürülməsinə cavab qismində oktyabrın 1-də İsrailə raket zərbələri endirib.
Bəs İsrail rejimi bu hücuma görə molla rejimindən qisas almağa cəhd edəcəkmi?
Böyük ehtimalla yaxın günlərdə belə bir cavab addımının şahidi olacayıq. Zatən İsrailin baş naziri Benyahim Netanyahu və müdafiə naziri Yoav Qalant da mətbuata açıqlamalarında İrana cavab veriləcəyini bildirib. Bu isə o deməkdir ki, Yaxın Şərqdə və dünyada gərginlik daha da artacaq.
Bəziləri bunu İran-İsrail müharibəsi kimi təqdim edir. Lakin ötən yazıda da qeyd etdiyim kimi bu hadisələr müharibə demək deyil. Çünki İranın İsrailə qarşı tammiqyaslı müharibəyə başlamaq fikri yoxdur.
Biz hazırkı durumu əslində sürünən gərginlik və ya idarəolunan qarşıdurma adlandırmalıyıq.
Bəs, bu gərginlik, bu qarşıdurma bizim Cənubi Qafqaz regionuna sirayət edə bilərmi? Və yaxud, İran-İsrail qarşıdurması Azərbaycan üçün hansısa təhdidlər, risklər yaradırmı? Azərbaycan bu qarşıdurmada kiminsə tərəfini tutmalıdırmı?
Əlbəttə, sözügedən qarşıdurmanın bölgəmizə müəyyən mənada təsir ehtimalları var. Lakin İranla İsrail arasında eskalasiya hələ ki, tam olaraq pik nöqtəyə çatmadığına görə Cənubi Qafqaz və konkret olaraq Azərbaycan üçün ciddi təhlükələri barədə danışmağımız hələ tezdir. Ancaq eskalasiyanın dərəcəsindən asılı olmayaraq biz sözsüz ki, istənilən vəziyyətlərə hazır olmalıyıq, bu öz yerində.
Azərbaycanın bu qarşıdurmada kiminsə tərəfini tutması isə zəruri deyil. Azərbaycanın bu proseslərlə bağlı mövqeyi bəllidir. Rəsmi Bakı bu münaqişədə tərəf tutmur. Və bu mövqe hazırkı an üçün ən optimal mövqedir.
Cəmiyyət daxilində isə müxtəlif mövqelər müşahidə oluna bilər və bu da təbiidir. Çünki cəmiyyətimizdə “İran aşiqləri” də, “İsrail heyranları” da var. Lakin onların nə düşünməsi və tərəflərdən hansına rəğbətlə yanaşması ölkəmizin rəsmi mövqeyinə təsir göstərmir. Dövlətimiz bu məsələdə İran və ya İsrail heyranlarının məhəlli istək və düşüncələrindən yox, qlobal milli-strateji maraqlarımızdan çıxış edir.
Azərbaycan hazırda prosesləri diqqətlə izləyir, region və dünya ölkələrinin bu məsələdə tutduqları mövqe və davranışlarını nəzərdən keçirir. Proseslərin sonrakı inkişafı və bölgədəki siyasi temperaturun getdikcə daha da qalxması təbii ki, Azərbaycanı da öz taktiki addımlarında müəyyən dəyişikliklər etməyə və çevik qərarlar qəbul etməyə sövq edə bilər.
P.S.
ABŞ-İsrail tandeminin sonrakı adımları və Türkiyənin alacağı qərarlar da proseslərin sonrakı inkişafında önəmli rol oynayacaq. Çünki bütün bu proseslərin, bu oyunların əsas “dirijor”u Birləşmiş Ştatlardır. Türkiyə isə sözügedən oyunları pozmaq imkanları var.
P.P.S.
Bu arada İslam həmrəyliyindən isə heç danışmağımıza dəyməz. Çünki İslam həmrəyliyini bir tərəfdən İranın molla rejiminin və ərəb ölkələrinin məzhəbçi siyasəti, digər tərəfdən isə ABŞ-İsrail cütlüyünün “parçala və hökm sür” siyasəti tamamilə sıradan çıxarıb.
(ardı var)
Bəybala Mirzəyev
Yazının əvvəli bu keçiddə:
https://visiontv.az/.../iran-israil-qarsidurmasinda-teref...