İran-Ermənistan-Qərb üçbucağını birləşdirən halqa Azərbaycan - Türk düşmənçiliyidir
İran-Ermənistan-Qərb üçbucağını birləşdirən halqa Azərbaycan - Türk düşmənçiliyidir
30.09.2024 Şöhrət El-Dəniz Tərəfindən

İran-Ermənistan-Qərb üçbucağını birləşdirən halqa Azərbaycan-Türk düşmənçiliyidir. Bu faktı sübut etməyə ehtiyac belə yoxdur. Çünki Azərbaycana qarşı həyata keçirilən bütün projelərin altından erməni və fars-molla cütlüyü boylanır. Və bu projelərin həyata keçməsində Ermənistan erməniləri ilə yanaşı İran erməniləri də aktiv fəaliyyət göstərir.

Molla rejimi Azərbaycana qarşı həm İran ermənilərindən istifadə edir, həm də onların ABŞ və Avropadakı əlaqələrindən. İran erməniçiliyi dünya erməni diasporasının ən aktiv və aqresiv həlqəsidir. Daha çox İsfahanda və Tehranda məskunlaşan ermənilərin İranda ən üst Xamenei və SEPAH səviyyəsində himayədarları var. İran parlamentindən tutmuş, icra strukturlarında nümayəndə ilə təmsil olunurlar. Bu da onları İranın anti-azərbaycan və anti-türk fəaliyyətlərində ciddi fiqura, qüvvəyə çevirir. O cümlədən molla rejimini dünya erməni diasporasının əli ilə Qərb və ABŞ-də olan anti-azərbaycan qüvvələrlə əməkdaşlıq etməyə, tətbiq olunan beynəlxalq iqtisadi saksiyalardan yan keçərək ciddi maliyyə fırıldaqları etməyə imkan yaradır. Ermənistan İranını sanksiyalardan yan keçməklə dünyaya qapısı olduğu kimi İran erməniləri də ABŞ və Qərblə əlaqələrini yaradan bir qüvvə rolunu oynayır. O cümlədən dünya erməniçiliyi İranın Fələstində və Livanda yaratdığı terror şəbəkəsi üçün silah-sursat, loqistika və informasiya dəstəyi verir. Və bütün bu proseslər Qərbin və ABŞ-nin gözü qarşısında həyata keçirilir. İran erməniləri fars şovinizminin anti-Azərbaycan və anti-İsrail mövqeyindən istifadə edərək öz məqsədlərinə çatmaq üçün bu kartdan daim istifadə edirlər. Molla rejimi Yaxın Şərqdə yaratdığı düşmən İsrail obrazını Azərbayacanla yanaşı tutaraq İrana təhdid kimi qələmə verir və bu amil fars şovinistləri ilə yanaşı separatçı ermənilərin də işinə yarıyır. İran parlamentində təmsil olunan erməni deputat Qoqard Mənsuriyan hər çıxışında İsrail-Azərbaycan əməkdaşlığını Tehrana təhdid kimi dəyərləndirərək, İranın parçalanmasına xidmət etdiyini dilə gətirir. Bu da İran rejiminin yürütdüyü anti-Azərbaycan siyasətinin ən önəmli faktorlarından biridir. Və bu siyasət İran-Ermənistan əməkdaşlığı fonunda daim ictimai rəydə hakim mövqe tutur. Tehran rejimi məhz bu amildən istifadə edərək Azərbayacana qarşı hədə-qorxu tonunda danışmağa üstünlük verir. Halbu ki, İranın Qəzzada, Livanda idarə etdiyi Həmas, Hizbulla kimi terrorçu qruplarını məhv edən, gecə gündüz başına bombala yağdıran, bu qüvvələrin bütün hərbi rəhbərliyini məhv edən İsaril ordusudur. Bütün bunları, qorxusundan görməzdən gəlməyə çalışan, yalnız sözdə asaram-kəsərəm deyən Tehran rejimi hirsini Azərbaycana yönəldir. Azərbaycandan düşmən obrazı yaratmağa çalışır. Çünki bilir ki, İsrailə qarşı atacağı ən xırda bir hərbi addım molla rejiminin məhvinə səbəb olacaq. Ona görə də hər fürsətdə İsrail-Azərbaycan əməkdaşlığını bəhanə edərək Ermənistan dövləti və erməni separatçıları ilə birgə Azərbaycanı hədəfə alır. Halbu ki, Azərbaycanın İranla münasibətlərində qonşuluq prinsipi ana xətt kimi göstərilib. İranla iqtisadi əməkdaşlıq, dostluq siyasətini önə çıxardan rəsmi Bakı çalışır ki, Tehranın düşmənçilik ədavətinə son qoysun. Amma Tehranın şovinist siyasi elitası iqtisadi məngənədə çabalayan, günü-gündən alovlanan etnik qarşıdurma, Güney Azərbaycan Milli Hərakatın öz müqəddaratını təyin etməsi uğrunda mübarizəsi, dünyadan izolə olunmuş İranın taleyini bir ovuc erməni separatçıları ilə paylaşması mərkəzdənqaçma meyillərini daha da gücləndirib. Yeni seçilən prezident Pezeşkianın ABŞ və Avropanın qarşısında diz çökərək İranı xilas etmək cəhdləri də iküzlü molla siyasətinin bir parçası kimi dəyərləndirilir. Bir yandan sivil dünyaya terror idxal edən, separatçılıq və şovinizm toxumu səpən, qonşularla hədə-qorxu dilində danışan fars-erməni millətçiliyi, digər yandan da guya əməkdaşlığa, dostluğa çağırş edən Pezeşkian komandasının fəaliyyəti ilə heç kəsdə səmimi təşəbbüs təsiri bağışlamır. İran əməkdaşlıq etdiyi terror və separatçı qüvvələrlə münasibətlərini kəsməyənə qədər, qonşu dövlətlərə qarşı ərazi iddialarından imtina etməyənə qədər heç bir sivil ölkə o cümlədən Azərbaycan Pezeşkianın əməkdaşlıq, dost çağırışlarını ciddiyə almayacaq. Fikir əməllə üstü-üstə düşməyəndə Tehranın yürütdüyü ikiüzlü siyasət iflasa məhkumdur. Bu iflasın qarşısını nə ABŞ və Qərb qarşısında boyun bükən dırnaqarası islahatçı Pezeşkian, nə də erməni-fars əməkdaşlıq ala bilməyəcək.

Şöhrət El-Dəniz

visiontv.az