Əfqanıstanlılar ölkələrinə qayıdıb, oranın abadlaşdırılmasına çalışmalıdırlar. İran bu qədər qaçqını saxlamaq imkanına malik deyil.
Bu sözləri İran daxili işlər naziri İsgəndər Mömini deyib.
O, ölkədə işsizliyin əsas amilinin əfqanıstanlı qaçqınlar olduğunu deyib:
“Ölkəmizdə yaradılan iş yerləri onlar tərəfindən tutulub. Buna görə də əfqanıstanlılardan öz ölkələrinə qayıtmalarını istəyirik”.
İran polis qüvvələrinin komandanı Əhmədrza Radan isə cari günəş ilinin sonuna kimi (20 mart 2025-ci il) İranda yaşayan 2 milyon qaçqının deportasiya olunacağını bildirib.
İran prezidentinin Əfqanıstan məsələləri üzrə xüsusi nümayəndəsi Həsən Kazımi Qumi də oxşar bəyanat səsləndirib, ölkənin şərq bölgəsində, Əfqanıstanla sərhəddə çəkilən divarın təkmilləşdirilməsində qətiyyətli olduqlarını söyləyib:
“Bu, İranın təhlükəsizliyini təmin etmək və sərhəd pozuntularının qarşısını almaq məqsədilə həyata keçirilib. İran sərhədin daha çox pozulduğu ərazidə, Xorasan Rəzəvi əyalətinin şimal-şərq hissəsində 74 km uzunluğunda 4 metr hündürlüyündə beton divarları tikanlı məftillərlə gücləndirəcək”.
Məlumata görə, İran Pakistanla sərhədə də oxşar divar hörməyi planlaşdırır.
İranın bu addımı Taliban hökumətinin etirazı ilə qarşılaşıb və Kabil Tehranın sərhəddə divar çəkməsinin yalnız hər iki ölkənin razılığı əsasında reallaşa biləcəyini bəyan edib.
Qeyd edək ki, İranda təxminən 3,5 milyon əfqanistanlı yaşayır və 2021-ci ildən Talibanla İran hökuməti arasında başlayan gərginlik səbəbindən əfqanistanlı qaçqınlara qarşı təzyiqlər daha da artıb, onların ölkədən çıxarılması sürətləndirilib.
visiontv.az