Hicab: İranda məcburiyyət, Azərbaycanda azadlıq mübahisəsi
26.10.2026

Niyə eyni baş örtüyü İranda qadınların məcburiyyətə qarşı mübarizəsinin, Azərbaycanda isə dini azadlıq tələbinin simvoluna çevrilir?

İranlı karikaturaçıların əsərlərinə baxanda maraqlı bir mənzərə ilə qarşılaşırıq. Mana Neyestani və digər rəssamlar illərdir məcburi hicab siyasətini tənqid edir, qadınların öz geyimlərini seçmək hüququnu müdafiə edirlər. 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra başlayan “Qadın, Həyat, Azadlıq” hərəkatı bu mübarizəni bütün dünyaya tanıtdı. İranda qadınlar baş örtüyünü çıxarmaq hüququ uğrunda mübarizə apararkən, Azərbaycanda bəzi dini dairələr məktəblərdə hicab taxmaq hüququnu müdafiə edirlər.

Pop-art ola bilər

Əslində, burada zahirən ziddiyyətli görünən iki tələb eyni prinsipdən qaynaqlana bilər: insanın şəxsi seçim azadlığı. Qadını hicab taxmağa məcbur etmək nə qədər yanlışdırsa, yetkin qadını yalnız dini geyiminə görə ictimai həyatdan kənarlaşdırmaq da bir o qədər mübahisəlidir. Ancaq məktəblərdə vəziyyət fərqlidir. Dövlət vahid məktəb forması müəyyən edə bilər və bu qaydalar bütün şagirdlərə bərabər tətbiq olunmalıdır. 

Azərbaycanın dünyəvi dövlət quruluşu isə ayrıca və mühüm məsələdir. İranın dini-siyasi təsirinin genişlənməsi ilə bağlı narahatlıqlar mövcuddur. Ancaq hicab taxan hər qadını və ya məktəbli qızı İranın siyasi maraqlarının təmsilçisi kimi təqdim etmək ədalətli olmaz. Fərdi dini etiqadla dini ideologiyanın dövlət hakimiyyətinə çevrilməsi cəhdlərini bir-birindən ayırmaq lazımdır. Dünyəvi dövlət dini inanca qarşı dövlət deyil; dini inancın dövlət idarəçiliyinə məcburi qayda kimi tətbiq olunmadığı dövlətdir.

İran qadınlarının mübarizəsindən çıxan əsas dərs budur: qadının baş örtüyünü taxması da, çıxarması da zorakılıq və məcburiyyət mövzusu olmamalıdır. Azərbaycan üçün isə əsas vəzifə dünyəvi dövlət quruluşunu qoruyaraq dini azadlığı, uşaqların təhsil hüququnu və qadınların müstəqil seçim imkanlarını təmin etməkdir. Çünki azadlıq yalnız bizim bəyəndiyimiz seçimin deyil, razılaşmadığımız seçimin də hüquq çərçivəsində qorunmasıdır.

Xatırladım ki, 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra İranda məcburi hicab siyasətinə qarşı başlayan və sonradan geniş siyasi etirazlara çevrilən nümayişlərin yatırılması zamanı BMT-nin araşdırmasına görə, 551 nəfərə qədər insan, o cümlədən 68 uşaq və 49 qadın həyatını itirib. Bundan əlavə, etirazlarla əlaqədar ən azı 10 nəfərin sonradan edam edildiyi bildirilir.

Elbəyi Həsənli

visiontv.az