Çox maraqlıdır. Azərbaycanın tarixi keçmişi və yaddaşı ilə bağlı taleyyüklü nə varsa hamısı ümummilli lider Heydər Əliyevin, indi isə Prezident İlham Əliyevin adı ilə bağlıdır. Vaxtilə, SSRİ dövründə bu tarixi keçmişi ümumilli lider xalqın yaddaşından itməyə qoymadı, indi də Prezident İlham Əliyev eyni addımı atır. Molla Pənah Vaqifin, Hüseyn Cavidin keçmiş sovetlərdə itən izini abidəyə çevirən Heydər Əliyev Şifahi Xalq ədəbiyyatımızın banilərindən olan Aşıq Ələsgərin izini də Göyçədə, Basarkeçərdə, ucqar dağ kəndi olan Ağkilsə kəndində qoymadı ermənilər tərəfindən yoxa çıxsın.
1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyinin keçirilməsinə Ermənistan rəhbərliyi və ziyalıları var gücləri ilə mane olmağa çalışırdılar. Amma Heydər Əliyevin böyük siyasi nüfuzu sayəsində Aşıq Ələsgərin 150 illik yubileyi nəyin ki Göyçədə, Ağkilsə kəndində həm də Bakıda və Moskvada da ən yüksək səviyyədə təşkil edildi. Yubiley tədbirlərinin keçmiş Ittifaq miqyasındakı böyük əks-səda doğurması erməniləri məcbur etdi ki, Ermənistan SSR ərazində olan Göyçə mahalında - Aşıq Ələsgərin vətəni Ağkilsə kəndində böyük sənətkarın əzəmətli qəbirüstü abidəsi ucaldılsın. Bu, həmin dövrdə Heydər Əliyev nüfuzunun sayəsində əldə edilmiş parlaq bir nailiyyət idi.
Bu gün eyni yolu Prezident İlham Əliyev də gedir. Ümummilli lider tərəfindən tarixə çevrilən abidələri yenidən bərpa edir, yenidən yaddaşa qaytarır. Bunun nümunəsini erməni işğalından azad edilən Qarabağda, Şuşada gördük. Növbəti addım isə Qərbi Azərbaycanın tarixi şəxsiyyətlərinə verilən qiyməti, dəyəri özünə qaytarmaqdır. Prezident İlham Əliyev bu gün bu istiqamətdə növbəti addımını atdı. Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak etdi.
Və dedi. Sitat:
“Bildiyiniz kimi, Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi, 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir. Hamımız yaxşı bilirik ki, 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir, özü də Sovet İttifaqı miqyasında və bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları onun abidəsini dağıtmışdılar. Necə ki, indi biz hamımız bunu görürük. Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yeni deyil, əsrlər boyu bütün dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi”. Sitatın sonu
Prezident İlham Əliyev bu gün Dədə Ələsgərin abidəsini Bakıda ucaltması vaxtilə ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunub yaşadılması ilə bağlı həyata keçirdiyi uzaqgörən siyasətin məntiqi davamıdır. Strateji məqsəd daşıyan bu siyasət özünütanıma, özünətapınma, soykökü, tarixi-milli yaddaşı qoruma və milli dövlətçiliyin möhkəmləndirilməsi işinə xidmət edir. Amma bu da son deyil.
Ardı var. Və ardını da Prezident İlham Əliyev deyir. Sitat:
“Bu gün Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi Azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”. Sitatın sonu.
Şöhrət El-Dəniz
visiontv.az