Heydər Əliyev Fondu tərəfindən 100 mindən çox şagirdin təhsil aldığı 500-dək məktəb binası inşa edilib və yenidən qurulub
07.05.2024

“Heydər Əliyev Fondu görkəmli dövlət xadimi, müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin zəngin irsinin, milli dövlətçilik ideyalarının təşviqi, gələcək nəsillərə çatdırılması, xalqımızın milli-mənəvi dəyərlərinin, ənənələrinin təbliği, ölkəmizin sosial-iqtisadi inkişafına töhfə vermək məqsədilə yaradılıb. Fondun çoxşaxəli fəaliyyətini ümumbəşəri dəyərlərə, milli, dini və mədəni irsə dərin ehtiramın ifadəsi kimi bir neçə mühüm aspektdən qiymətləndirmək mümkündür”.

Bunu Milli Məclisin bugünkü iclasında deputat Soltan Məmmədov deyib.

Deputat bildirib ki, sosial-humanitar aspekt təhsil, səhiyyə, ekologiya, idman və ehtiyacı olan insanlara qayğı kimi cəmiyyət həyatının çox vacib, fundamental istiqamətlərini əhatə edir.

Onun sözlərinə görə, 2005-ci ildən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-ə yaxın məktəb binası inşa edilib və yenidən qurulub: “Sonradan proqram dövlət tərəfindən dəstəklənərək 3 mindən çox məktəb təmir olunub və ya yenidən qurulub. Təhsilin keyfiyyətin artırılmasına xidmət edən “Təhsilə dəstək” layihəsi artıq neçə illərdir ki, uğurla davam edir. Fondun həyata keçirdiyi proqramlar çərçivəsində uşaq bağçaları üçün yeni binalar tikilib, 40-dək uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib.

Fondun səhiyyə sahəsində proqram və layihələri sayəsində Bakıda Psixonevroloji Uşaq Mərkəzi, Talassemiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzi, Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzi və bir sıra digər tibb müəssisələri inşa olunub.

Fond təhsildə fərqlənən, valideyn himayəsindən məhrum uşaqları, şəhid ailələrini, müharibə veteranlarını və müharibə əlillərini hər zaman diqqət mərkəzində saxlamağa çalışır”.

visiontv.az