Həyatını və zəkasını tarix elminə həsr etmiş həkim - Bəhlul İbrahimli
10.06.2026

Sizi gözəl bir alimlə tanış etmək istəyirəm.

Bəhlul İmran oğlu İbrahimli. Məni və yanımda gedən dostlarımı Xaraba Gilanda bu adam qarşıladı. Şənbə günü işləməməyinə baxmayaraq, bizi bilgiləndirmək üçün təpəyə çıxmışdı. Adam Azərbaycan tarixini qonaqlarına izah etmək üçün hər cür fədakarlığa hazır idi.

Xaraba Gilanı ziyarət etdikdən sonra bizi evinə də apardı. Ordubadın balaca bir kəndində mütəvazi evində təmtəraqdan uzaq həyat yaşayır. Tanıyanlarının dediyinə görə, Bəhlul müəllim aldığı maaşdan qənaət edib Xaraba Gilanın mühafizəsinə və tədqiqinə xərcləyir. Bizə olduqca mühüm tarixi bilgilər verdi. Özünün də etirafına görə, 50 ildir Xaraba Gilanda işləyir. Halbuki, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Elmi Şurasının, həmçinin institutun nəzdində fəaliyyət göstərən (5505-02 – Arxeologiya) FD 01.171 Dissertasiya Şurasının üzvüdür. “Azərbaycan Arxeologiyası” jurnalının redaktor müavinidir. Amma o, digər həmkarlarından fərqli olaraq, elmi titullarının arxasında gizlənib və qaz vurub qazan doldurmayıb. 1952-ci il iyul ayının 12-də Ordubad rayonunun Sabir kəndində anadan olub. Yəni gələn ay 74 yaşını tamamlayacaq. Və bir ildən sonra böyük ehtimalla pensiyaya çıxacaq. Qorxuram ki, o, pensiyaya çıxandan sonra Xaraba Gilanın əsl fəlakətli xaraba günləri başlasın.

Bəhlul müəllim həyatını tarixin incələməsinə həsr etmiş insandır. Onun əsl peşəsi həkimlik olub. 1966-cı ildə Bakı şəhər 5№-li tibb məktəbində təhsil alıb. 1969-cu ildə feldşer-laborant ixtisasını bitirib, 1969-1971-ci illərdə Culfa rayon Mərkəzi xəstəxanasında laboratoriya müdiri işləyib. Amma tarixşünaslığa duyduğu maraq onu bu sahə üzrə ixtisaslaşmağa yönəldib. 1971-1975-ci illərdə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb və 1975-1978-ci illərdə Ordubad rayonu Sabir kənd məktəbində tarix müəllimi, Aza kənd orta məktəbində dərs hissə müdiri vəzifəsində çalışıb.

1985-ci ildə arxeologiya sahəsi üzrə “Orta əsr Xaraba-Gilan şəhər” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Tarix üzrə fəlsəfə doktoru, dosentdir.

Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı Rəyasət Heyətinin 14 may 2012-ci il tarixli qərarı ilə “Azərbaycan bayrağı” Mükafatı Laureatı Diplomuna layiq görülüb. Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin Fəxri fərmanı ilə təltif edilmişdir.

Bir sıra məqalə və kitabın müəllifidir.

Azərbaycan xalqının belə gözəl tarixçi alimlərinin olması qürurvericidir. Başqa sözlə desək, Azərbaycanın elm dünyası təkcə Pəncov İsa kimi 100 qram araqla Naxçıvanın şəhər mədəniyyətini 5000 ilə çatdırmağa çalışan alimlərdən ibarət deyil.

Heydər Oğuz. Naxçıvan

visiontv.az