Harris-Tramp debatı: Nəticələr kimi xeyrinə cəryan edəcək
13.09.2024

Sitatdan başlayaq. Kamala Harris:

-Hər kəs bilir ki, dünyanın bütün diktator və avtokratları sənin seçilməyini istəyirlər. Ona görə ki, onlar səninlə manipulyasiya edəcəklərini bilirlər. Ona görə də, bir yerdə işlədiyimiz hərbçilər mənə deyirdilər ki, sən başda-ayağa biabırçılıqsan.

Dünənki debatda Harris möhtəşəm perfomans nümayiş etdirərək, qələbə qazandı. Harris Trampı əsəbiləşdirmək, özündən çıxartmaq üçün xüsusi strategiyadan istifadə edirdi, Trampı psixoloji tələlərə salırdı və bu strategiya uğurlu idi(Trampı, "o", "bu" adlandırırdı və s.), eyni zamanda Harris seçicilərlə birbaşa danışırdı, onların gözlərinin içinə baxırdı: "Amerika Trampın kitabını bağlamaldır", "Amerika irəli getməlidir", "mənim PLANIM var".

Tramp bütün çıxışını demək olar ki, miqrasiya problemi üzərində qurub. Tramp növbəti dəfə 2020-ci ildə uduzduğunu etiraf etmədi, başqa sözlərlə, Trampdan yeni bir şey eşitmədik. Tramp, jurnalistin "Ukraynanın qələbəsini istəyirsinizmi" sualına, "müharibənin bitməsini istəyirəm" cavabını verdi. Harris isə, Ukraynanın ABŞ üçün strateji müttəfiq olduğunu və ABŞ-ın hər zaman Ukraynanın yanında olduğunu dedi.

Gəlin Kamala Harrisin strategiyasını addımbaaddım təhlil edək.

- Debat başlayan kimi, salamlaşmada, Harris Trampa dağıdıcı zərbə vurdu.

Şərh bölümündə ilk rəydə videoya diqqətlə baxın. Tramp və Harris səhnəyə çıxırlar və Harris Trampa yaxınlaşaraq, özünü təqdim edir("Kamala Harris") və əl uzadır. Bu bilirsiniz nə deməkdir? ABŞ-da hansısa müdirin, rəisin, dövlət məmurun qəbuluna kimsə gələndə, məmur ona doğru addımlayaraq ilk olaraq özünü təqdim edir və salamlaşır. Harris həmin jesti etdi, səhnədə kimin "rəis" olduğunu göstərdi.

-Kamalanın başlıca vəzifəsi Trampı özündən çıxartmaq idi və Kamala bilirdi ki, Trampın zəif yeri onun eqosu idi. Kamala nə etməliydi? Eqosuna ilişməliydi və Trampı başını itirməyə, açıq absurd söyləməyə sürükləməliydi. Kamala bunu da etdi

1) Eqosuna ilişmək.

Kamala dedi ki, Trampın ştatlara səfərləri zamanı, onu dəstəkləyən kütlələr çox kiçik olurlar, bu azmış kimi, insanlar sona qədər gözləmirlər və gedirlər.

Bu sözlərdən sonra Tramp coşdu və emosional tələyə düşdü.

2) Emosional tələ.

Elə nitqlər, tezislər var ki, respublikaçı, radikal, ultra-sağçı auditoriya qarşısında söyləyə bilərsən, hətta ağ yalan olsa da, amma ümumilli debatlarda, bitərəf seçicinin qarşısında bu sözlər, tezislər, səni bitirər. Həmin tezislərdən biri, Trampın miqrasiya məsələsində arqument kimi istifadə edən "Sprinqfilddə(Ohayo ştatı) miqrantlar küçə heyvanlarını yeyirlər".

Emosional olaraq Tramp özündən çıxanda, "Sprinqfilddə miqrantlar küçə heyvanlarını yeyirlər" cümləsini dedi və dərhal tələyə düşdü. Aparıcı jurnalist "fakt-yoxla"nı tətbiq edərək, bəyan etdi ki, belə bir şey yoxdur və Tramp bütün ölkənin gözü qarşısında gülməli duruma düşdü.

3) Buna oxşar bir neçə siyasi "nokdaun"dan sonra, Tramp "nokaut" aldı. Harris deyəndə ki, "Corc Buş, Mitt Romni və Makkeynin komandalarında çalışan 200-yə yaxın respublikaçı məni dəstəklədi", bu son idi. Tramp üçün debatın sonu.

Debatın nəticələrinə gəlincə, ABŞ media nəhənglərin qiymətləndirməsinə nəzər salaq:

CNN: 63%-Harris, 37%-Tramp.

The New York Times: 14 politoloq arasında sorğuda, 13-ü Harrisə qələbə verib, 1-i Trampa.

Və s.

Debatda birmənalı qələbə hesabımıza yazıldı. Seçkilərə 2 aydan az müddət qalıb.

politoloq Kamran Cəfərov

visiontv.az