Hansı məqamlarda aliment məbləğinin azaldılması mümkündür? Hüquq saatı...
Hansı məqamlarda aliment məbləğinin azaldılması mümkündür? Hüquq saatı...
05.06.2023 MEDİA Tərəfindən

Hüquqi biliklərin təbliği istiqamətində media vasitəsi ilə hüquqlarımızla bağlı mühüm məlumatlarla dolu rubrikamız davam edir. Bu dəfə ən mübahisəli mövzulardan olan alimentlə bağlı müəyyən məqamlardan bəhs edəcəyik.

“Alimentin məbləği Ailə Məcəlləsinin 107.1 və 107.2 maddəsinə uyğun olaraq azaldıla bilər. Həmin maddələrə əsasən, alimentin azaldılması üçün ilk növbədə tərəflər arasında razılaşma, sövdələşmə müəyyən edilə bilər”.

Əgər tərəflər arasında alimentin azaldılması ilə bağlı hər hansı bir razılaşma, müqavilə yoxdursa, bu, iddiaçı tərəfin ərizə ilə məhkəməyə müraciəti əsasında reallaşdırıla bilər. Lakin burada bir hal nəzərə alınmalıdır. İddiaçı tərəf bu barədə məhkəməyə ərizə ilə müraciət etdiyi zaman onun ailə şəraiti, maddi vəziyyəti, xəstəliyi və digər hallar məhkəmədə nəzərə alınmalıdır. Lakin təcrübə göstərir ki, aliment məbləğinin azaldılması ilə bağlı iddia tələbinin təmin edilməsi ilə bağlı qətnaməyə rast gəlmək çox çətin məsələyə çevrilib. Bəzi hallarda müəyyən olunur ki, iddiaçı və cavabdeh eyni evdə yaşamasına, yaxud da uşaqların qayğısına qalmaq funksiyasını atanın öz üzərinə götürməsinə baxmayaraq, iddiaçı tərəf (ər və ya arvad) məhkəməyə iddia ərizəsi ilə müraciət edir və aliment tələb edir.

Lakin tərəflərin birgə yaşamasına baxmayaraq məhkəmə iddianı təmin edir. Bu halda da digər tərəf alimentin azaldılması ilə bağlı məhkəyə müraciət edir. Məhkəmə alimentin azaldılması üçün sübut təqdim etməsini tələb edir. Bu sübut nədən ibarət ola bilər? Tərəflər birgə yaşayırsa, məhkəməyə cavabdeh qismində cəlb olunan şəxs sübut təqdim edir. Bu sübutlar ilk növbədə uşaqların qayğısına qalmaq, təhsil üçün çəkilən xərclər ola bilər. Lakin bəzən qarşı tərəfin bunu etməsi nəzərə alınmır. Çünki ata üçün bu, bir növ vəzifə kimi qəbul olunur. Məhkəmə alimentin azaldılması ilə bağlı iddia tələbini təmin etmir.

Amma Ailə Məcəlləsinin 107.2 maddəsi həmin halların nəzərə almasını məhkəmənin üzərinə qoyur.  Əgər şəxs bu barədə məhkəmədə kifayət qədər sübutlar təqdim edərsə və həmçinin, həyat şəraitini, maddi vəziyyətini məhkəməyə sübut kimi təqdim etdiyi halda məhkəmə həmin şəxsin iddia tələbini təmin edə bilər.

Bünyamin Bünyadzadə

Visiontv.az