Güney Azərbaycanda “Çağrı Manas” adlı uşağın 4 ildən artıqdır şəxsiyyət vəsiqəsi yoxdur
20.12.2024

Güney Azərbaycanda və Tehranda çox sayda ailə aylar və hətta illərdir dünyaya gələn uşaqlarına seçdikləri türk adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyiblər.

Amerikanın Səsinin türk dil hüquqları müdafiəçilərindən əldə etdiyi məlumata əsasən, seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilmədiyi üçün səsini sosial media vasitəsilə eşitdirməyə çalışan ailələr olsa da, bir çox ailə müxtəlif orqanlara müraciətlərindən nəticə ala bilmək ümidi ilə mövzu ilə bağlı xəbər yaymaq istəmir.

Qərbi Azərbaycan vilayətinin şimalında yerləşən Makı şəhərinin sakini olan Feyzullahnejad ailəsi 2020-ci ilin iyul ayında dünyaya gələn ‘Çağrı Manas’ adlı oğlan uşağına hələ şəxsiyyət vəsiqəsi ala bilməyib. Ailə keçən 4 ildən artıq müddətdə müxtəlif dövlət qurumlarına müraciətlərindən nəticə ala bilmədikdən sonra bu barədə sosial şəbəkələrdə məlumat yayıb.

Uşağın atası Sadıq Feyzullahnejad Dan dərgisi adlı bir Instagram hesabının paylaşdığı videoda şəxsiyyət vəsiqəsi olmayan övladları üçün səhiyyə və digər xidmətlər mövzsusunda uğraşdıqları çətinliklərdən bəhs edib. 

“Oğlumuz 25 iyul 2020-də dünyaya gəldi və biz ona ‘Çağrı Manas’ adını seçdik... Mən övladımıza kimlik kartı almaq üçün Makı qeydiyyat şöbəsinə getdim amma onlar rədd etdilər. Sonra paytaxt Tehranın qeydiyyat idarəsinə müraciət etdim. Bir-iki müraciətdən sonra onlar bizə dedi ki, siz indi gedin, bir komissiya təşkil edib və sizə cavab veriləcək. Sonunda da rədd cavabı verdilər. Onlara zəng açdım ki, bu uşağın vəziyyəti nə olacaq deyə soruşdum. Məhkəməyə gedin dedilər. Mən də məhkəməyə müraciət etmişəm görək nə olur. Ancaq, indilik bizim uşağımızın kimliyi yoxdur,” Sadıq Feyzullahnejad bildirib.

Uşağın atası ən ibtidai hüquqları üçün bir çox maneədən aşmaq məcburiyyətində olduqlarını vurğulayıb. O, deyib ki, “düşünün da, 5 ildir uşağın vaksini var, səhiyyə xidməti var. Kimliksiz adam nə təhər olar ki? Təsəvvür edin ki, bir millət 35 milyon 40 milyon əhali ilə ən ibtidai məsələdə gərək min bir maneədən keçə. Özlərinə hər şey var, bizə gələndə heç zad. Uşağımıza adı da gərək onlar seçə. Bunun heç bir əsası yoxdur. Nə bilim İrani ad deyil falan, bunlar hamısı bəhanədir, bunlar yalandır. Bunun adı faşistlikdir. Necə olar ki, 35 milyon insanın yazıb oxuması olmasın? Bu siyasətlə necə ola bilər ki, sən İran millətlərini bir yerdə saxlayasan? Bunun türkü var, kürdü var, ərəbi var, bəluçu var, farsı var. Axı siz özünüz bu məsələlərlə ayrılıq yaradırsız da. Allahın verdiyi bu dili bizə çox görürsüz. Özünüzü tövbə əstəğfurullah Allahın qanunundan yuxarıda görürsüz.”

visiontv.az