Uzun fasilədən sonra, 11 oktyabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli yazıçı-dramatur Mark Kamolettinin “Fransızsayağı qarnir” iki hissəli musiqili lirik komediyası nümayiş olunacaq.
Ağlasığmaz sevgi oyunlarından bəhs edən tamaşanın süjet xətti gözlənilməz və maraqlı hadisələrlə zəngindir.
Musiqili Teatrın rus bölməsinin aktyorlarının ifasında oynanılan bu komediya tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanır.
Qeyd edək ki, 2011-ci ildən səhnə qoyulan "Fransızsayağı qarnir"in quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.
Tamaşada rolları Əməkdar artist Svetlana Bulax, aktyorlar Emil Heydərov, Eleonora Mustafayeva, Rauf Babayev, Firuz Məmmədov, Yuliya Heydərova və teatrın balet artistləri ifa edəcəklər.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı komediya həvəskarı olan hər kəsi bu tamaşaya baxmağa dəvət edir.
Biletləri şəhərimizin bütün kino-teatr kassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "iticket.az" saytından əldə etmək olar.
Visiontv.az