Fransaya casusluqda ittiham edilən Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı cinayət işində adı keçən və iclaslara gəlməyən şahidlərin çağırılmasını istəyib. Prokuror bildirib ki, cinayət işində onların dindirilməsi əhəmiyyət kəsb edir. Müdafiə tərəfi də bu vəsatətlə razılaşıb.
Məhkəmə vəsatəti təmin edib və növbəti proses şahidlərin dindirilməsi üçün martın 16-na təyin olunub.
İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunublar. DTX tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi üzrə ittiham irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.
visiontv.az