Etirazlarda həyatını itirən daha 7 nəfərin Güney Azərbaycanın şəhərlərində şəxsiyyəti təsdiqləndi
30.01.2026

Yerli mənbələrdən əldə edilən məlumatlara görə, Güney Azərbaycanın müxtəlif şəhərlərində baş verən son etirazlar zamanı daha 7 etirazçının şəxsiyyəti müəyyən edilib.

Təbrizdə 23 yaşlı fotoqraf və videoqraf Əsəl Şakiri həyatını itirib, onun cəsədi 12 gün sonra ailəsinə təhvil verilib.

Əlvənd, Qəzvin şəhərində 26 yaşlı Məhəmməd Fateh 8 Yanvar tarixində etirazlar zamanı hökumət qüvvələrinin birbaşa atəşi nəticəsində öldürülüb.

Ərak (Mərzicəran) şəhərində uzun məsafəli qaçış üzrə çempion Əhməd Əncəfi 8 Yanvar tarixində Müsəlla qarşısında keçirilən toplantı zamanı həyatını itirib.

Eyni şəhərdə 21 yaşlı Məhəmmədhüseyn Vüsüqi həmin gün sinəsinə dəyən güllə nəticəsində öldürülüb, onun cəsədi beş gün sonra ailəsinə təhvil verilərək Ərak qəbiristanlığında dəfn edilib.

23 yaşlı, Ərak sakini Pərəstu Cərrahiyan Şura meydanında böyründən güllə yarası alıb və xəstəxanaya aparıldıqdan bir neçə saat sonra vəfat edib.

Həmçinin bildirilir ki, 17 yaşlı yeniyetmə Əli Nuri Ərak şəhərində təhlükəsizlik qüvvələrinin birbaşa atəşi nəticəsində öldürülüb.

Kərəcdə isə 24 yaşlı Arif Gülməhəmmədi 9 Yanvar tarixində təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirib.

visiontv.az