"Laçın yolunun 24 saat ərzində açılması məsələsinə gəldikdə, təkrar qeyd edim ki, keçən dəfə - 15 avqustda - bu yolda olarkən razılaşma əldə olunması ilə bağlı açıq şəkildə bildirdik”.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolunda AzQAC-ın ərzaq yükünün yerləşdiyi məntəqədə jurnalistlərə açıqlaması zamanı deyib.
“Bu razılaşmanın tərkib hissəsi ondan ibarət idi ki, Ağdam-Xankəndi yolu açılır və onun ardınca da Azərbaycanın gömrük və sərhəd rejimi qaydaları tətbiq olunmaqla Laçın-Xankəndi yolu da açılırdı. Erməni sakinlərinin nümayəndələri də Azərbaycanın Yevlax şəhərində müvafiq bir görüşə gəlməli idilər, bununla da müvafiq təmaslar başlayırdı. Son anda onlar bundan imtina etdilər. Bu imtinanın da səbəbi siyasi manipulyasiya və siyasi təbliğatdır. Əgər onların əsl niyyətləri reinteqrasiya məsələlərinə, məsələlərin sülh yolu ilə həll edilməsi olsaydı, həmin görüşə gələrdilər”, - o əlavə edib.