Ərdoğanın yumşaq qınağı...
Ərdoğanın yumşaq qınağı...
08.11.2024 Bəybala Mirzəyev Tərəfindən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qırğız Respublikasının paytaxtı Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşündə çıxışı zamanı Ortaq Türk Əlifbası ilə bağlı səsləndirdiyi fikirlər diqqətimi cəlb etdi.

Ortaq Türk Əlifbasının qəbul olunmasını Türk Dövlətlərinin ortaq istiqbalının, gələcəyə birgə addım atmalarının nişanəsi kimi qiymətləndirən Ərdoğan, Türkiyə və Azərbaycanla yanaşı Quzey Kıbrıs Türk Cümhuriyyətini də birgə əlifbanın qəbul olunmasına hazırlıq baxımından örnək kimi göstərdi.

Türkiyə liderinin bu bölgüsü onu göstərir ki, digər türk dövlətləri bu məsələdə müəyyən qədər passivlik göstərir. Məhz bu amili nəzərdə tutaraq Rəcəb Tayyib Ərdoğan Bişkekdəki çıxışında Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın da bu yeni əlifbaya keçid üçün real addım atmalarının vacib olduğunu bildirib. Ərdoğan bu fikrini sözügedən ölkələrin liderlərini incitməyəcək tərzdə, kifayət qədər yumşaq və nəzakətli formada səsləndirib.

Sitat:

“Bu ilin sentyabr ayında 34 hərfdən ibarət Ortaq Türk Əlifbası qəbul olunub. Bu, tarixi bir addımdır. Ortaq Türk Əlifbası ortaq istiqbalımızın və gələcəyə addım atmanın nişanəsidir. Bundan sonra üzv ölkələr bu əlifbanı əsas götürərək geridönüş etməlidir. Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə və Azərbaycan Ortaq Türk Əlifbası keçidə hazırdır. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın isə yeni əlifbaya keçid üçün təşəbbüs başlatması vacibdir".

Türkiyə Prezidentinin Türküstanın (Mərkəzi Asiya) türk dövlətlərinin liderlərinə ünvanlanmış bu mesajı yerində və vaxtında qaldırılmış məsələdir. Əslində, Ərdoğan bu mesajı hətta biraz sərt formada da səsləndirə bilərdi. Çünki Türküstan ölkələri kiril əlifbasından qurtulmaq və ortaq Türkcəyə keçmək istiqamətində həqiqətən də olduqca ləng hərəkət edirlər. Türkmənistan isə ümumiyyətlə, özünü az qala qeyri-türk ölkəsi kimi aparır.

Ümid edək ki, Ərdoğanın yumşaq qınağı Türküstan ölkələrinin Ortaq Türk Əlifbasına keçid istiqamətində hazırlıq işlərində fəallaşmasına səbəb olacaq.

Bəybala Mirzəyev

visiontv.az