Əlixan Səmədov: Balaban haqqında yazdığım kitabı Rusiyada verilişdə oğurladılar
15.11.2023

Onunla müsahibəni hələ bu ilin əvvəllərində razılaşdırmışdıq. “Bakıya gəlim, xəbər edəcəyəm”, - dediyindən mən də əməlli-başlı arxayın olmuşdum. Amma aylar keçir, səbirsizliklə yolunu gözlədiyim müsahibim gəlmirdi ki, gəlmirdi...

Elə bil ifasında ikinci nəfəs tapdığım “Sən gəlməz oldun” bizim müsahibənin də taleyinə biçilmişdi – müsahibim gəlməz oldu!..

Aylar ötdü... və günün birində sözləşdiyimiz müsahibə və görüş, nəhayət ki, baş tutdu. Açıq havada, çay içəcəyimiz bir məkanda görüşəcəyimizi dəqiqləşdirdik. Bu məni bir qədər məyus eləsə də, - onu canlı dinləmək imkanım olmayacaqdı, - söhbətimizin dadına-duzuna zərər vermədi.

Xalq artisti Əlixan Səmədovun APA-ya müsahibəsi

– Neçə ildir, Türkiyədə yaşayırsınız?

– Otuz üç il.

– Necə keçir qürbətçilik?

– Yox, Türkiyə artıq bizim üçün qürbət deyil, ora da bizim öz Vətənimizdir. Əsas olan, harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycanımızı tanıtmaqdır.

– Bir xeyli ölkədə yaşamısınız, amma yekun dayanacaq nədənsə Türkiyə oldu.

– Doğrudur. Dediyim kimi, elə bil ki oradakılar da özümüzük, öz adamlarımızdır. Məncə, əsas səbəb budur.

– Bəs qayıdıb birdəfəlik Azərbaycanda yaşamaq istəmisiniz?

– Bilirsən, mən heç vaxtı özümü düşünməmişəm. Yaşamağa qalsaydı, o qədər gözəl, yaşam şərtləri yüksək olan ölkələr var ki, dəvətlər ediblər, amma gedib yaşamamışam. Heç bu haqda düşünməmişəm də. Mənim üçün əsas olan Azərbaycanı yaşatmaqdır, harada daha yaxşı yaşada, tanıda bilirəmsə, orada yaşamaq xoşdur. Bura isə onsuz da tez-tez gəlib-gedirəm.

– Budəfəki səfərinizin məqsədi nədir?

– Təbii ki, yenə də musiqi, yenə də mədəniyyət.

– Musiqi Forumu olacaq bu yaxınlarda, ona görə?

– Nihat bəy, mən layihələrimi özüm yaradıram. Forumla heç bir əlaqəm yoxdur.

– Aydındır. Balabanın sırf Azərbaycan musiqi aləti kimi tanıdılması və Əlixan Səmədov...

– Mən Azərbaycanda yaşayanda elə düşünürdüm ki, bu aləti hamı sırf Azərbaycan aləti kimi tanıyır. Amma zamanla dünyanı gəzdikcə, səhnələr aldıqca gördüm ki, yox, belə deyilmiş, hərə bir ad verib, bir cür istifadə edir. Bu da mənə təsir etdi və bir vətəndaş olaraq, bu aləti bizim alət kimi dünyaya tanıtmağı öhdəlik olaraq boynuma götürdüm. Türkiyəyə köçdükdən sonra konkret olaraq bu yolda fəaliyyətə başladım. Bütün alətləri qoydum bir kənara, düz on illik bir araşdırma etdim, yekunda bir disk buraxdım. O disk çıxar-çıxmaz çox əla effekt verdi. Bir çox ölkələrdən zənglər gəldi, dəvətlər aldım. Bilirsən, o vaxt diski dünyaya yaymaq o qədər də asan deyildi, amma maraqlıdır ki, biz heç buna cəhd də etmədik. Bunu xalq özü etdi, turistlər vasitəsilə yayıldı. Belə-belə yayıldı və məsuliyyətimiz də artdı (gülür). Öyrənmək istədilər, kitabını istədilər və sair. O vaxtlar disklərin də üzərində öz adımı kiçik hərflərlə yazırdım, balabanın adını isə böyük. Bunun nəticəsində, hətta elə oldu ki, adım Balaban kimi tanındı. Mənə “Balaban bəy”, – deyə müraciət edənlər də vardı. Sözün düzü, bundan incimirdim, əksinə çox xoşum gəlirdi. Bir növ, istəyimə nail olurdum. Bundan sonra balaban adı yavaş-yavaş yayıldı, konservatoriyalarda balaban fakültələri yaradıldı və sair.

– Əlixan bəy, ad məsələsinə toxundunuz. Bir zamanlar erməni balaban ifaçısı alətin adını “duduk” adlandırıb, bir növ, özününküləşdirmişdi. Yəni adəti üzrə.

– Bəli, olmuşdu, xatırlayıram. Onun da izahını elə o zaman vermişdim ki, “duduk” ifadəsi onlara ruslardan keçib. Və əslində, “duduk” ifadəsi “dodaq” sözündən gəlmə bir ifadədir. Nəticə etibarilə onların bu iddiası da gülüşə səbəb oldu. Çünki məntiq yox idi. Bilirsən, bu mövzu ətrafında yalanlar çox olur, indinin özündə də var. Mən bütün bunların üzərinə balabana dair üç dildə kitab yazdım. Hansı ki dünyanın bir çox ölkələrində ayrı-ayrı adlar verilir bu alətə. Yaponiya, Koreya, nə bilim, hər yerdə hərə bir cür adlandırır, amma bu alət balabandır. Bu söz-söhbətlərə yekunu o kitab vurdu, hətta ağacın oduna, odunun da balabana çevrilməsini də çəkdim, yazdım, izahını verdim.

– Yaxşı , bəs ümumi nəticəni gördükcə mənəvi rahatlıq hiss edirsiniz? Yəni, sizcə, istəyinizə nail ola bilmisiniz?

– Hələ işlər çoxdur. Görüləcək çox işimiz var. İlk diskimi buraxanda SSRİ-nin bir çox şəhərində mənim mahnılarımı erməni musiqiçisi adı ilə təqdim edirdilər.

– Yaxşı yadıma düşdü, bir ara Ermənistan Mədəniyyət Nazirliyinin rəsmi səhifəsində siz erməni sənətçisi kimi təqdim edilmişdiniz.

– Vallah, qalmışdım belə, düşünürdüm ki, bunlar xəstədirlər, bunun başqa adı yoxdur.

– Adınız elə Əlixan Səmədov kimi təqdim edilirdi?

– Hə, ad, soyad eyni, amma erməni sənətçisi kimi. Dostlardan, hər yerdən nə qədər zənglər gəldi ki, bəs, belə bir şey var. Dedim, ay qardaş, eyni nazirlikdən bizdə də var da. Bizim də Mədəniyyət Nazirliyi yazsın ki, Əlixan Səmədov Azərbaycan sənətçisidir. Yəni mən nə edim, nə deyim?

Haradasa bir ay öncə Moskvaya getmişdim, orada balabanla çıxışımdan sonra bütün zal şokda idi. Gerçək balabançı deyirdilər mənə. Bundan sonra yenə ermənilər fəaliyyətə başladılar, söydülər, nə bilim, təhqir etdilər ki, guya biz oğurluq etmişik. Vallah, onları qınamıram. Onlar özləri belə aldanıblar, indi də başqalarını aldatmaq istəyirlər, mən belə düşünürəm.

Amma onu deyim ki, indiki rəqəmsal dünyada artıq əvvəlki kimi oğurluqlar mümkün deyil. Ermənisi olsun, ya başqası, sənin müəllifliyini oğurlayırsa, şikayət etməyinlə dərhal onu silirlər. Bir şeyi yorucudur ki, belə hallar çoxdur, həddindən çox. Yəni nə qədər şikayət edəsən, hara qədər şikayət edəsən... Lakin, istənilən halda, mübarizəmiz davam edir, onların ən böyük musiqi prodakşnlarından birinin rəsmi profilini bağlatdırmışam. Sırf bu oğurluq məsələsinə görə. Gördüyünüz kimi, savaş təkcə cəbhədə deyil, sənət dünyasında da bu cür savaşlar gedir (gülür).

Nihat bəy, həqiqət həqiqətdir, bundan qaçış yoxdur. Bizdə burada, xalq içində deyirlər ki, hə, balaban bizimdir, vəssalam. Amma dünyaya çıxırsan, görürsən ki, elə deyil, heç deyil. Mən gəzdim, gördüm ki, həqiqətən də, o deyil. Buna görə də kitabı rusca, ingiliscə, türkcə yazdım. Bunun üzərinə mənə irad tuturlar ki, niyə öz dilimizdə yazmadın? Ay qardaş, mən rusca yazdım, ingiliscə, türkcə yazdım ki, onlar oxusun, onlar aydınlansın. Sən də götür, tərcümə elə, Azərbaycanca yaz. Olmaz? Olar axı. İnsanda həvəs, istək varsa, milli ruh daşıyırsa, hər şey edə bilər. Adam var, heç balabandan anlayışı yoxdur, dinləmir, amma danışanda məndən çox danışır. Çıxaq Bakıdan kənara, görək onu kimsə tanıyır? Yox. Məndən bəzən soruşurlar ki, bu sənətdə ad çəkə biləcəyiniz başqa kimlər var? Vallah, mən ad çəkə bilmirəm. Küsürlər ki, niyə bizlərin adını çəkmirsiniz. Deyirəm, yaxşı, tutaq ki, dedim, filankəs balabanda ustaddır, yaxşı ifaçıdır. Axı o zaman girirlər, axtarırlar, nə qədər rəqəmsal musiqi platformaları var, heç birində adın keçmirsə, görürlər ki, bu, düzgün iddia deyil. Hətta deyirəm, özünüz disklərinizi hazırlayın, onu yaymaq mənim boynuma. Amma etmirlər.

– Haqlısınız. Dünyada sırf azərbaycanlı balaban ifaçısı kimi siz tanınmısınız, sizdən başqa kimsə yoxdur.

– Əlimdən gələnləri təklif etmişəm mən, qalanı onların boyuna. Sanki zəhmət çəkmək istəmirlər. Gənc balaban ifaçıları ilə görüşlərimiz olur, deyirlər, Əlixan müəllim, bu aləti sizə görə sevmişik. Adama xoş gəlir. Amma izah edirəm ki, toylar, el şənlikləri bir yerə qədərdir. Bunlar qalıcı deyil. Qalıcı faktor sizin dünyaya çıxışınızdır. Məhəllədə toya gedirsən, elə məhəllən tanıyır səni. Səni başqa millətin tanıması üçün, qəbul etməsi üçün zəhmət çəkməlisən, onları sənin tanımağı üçün müəyyən addımlar atmalısan. Bax o şeyləri mən keçmişəm, indi məsuliyyətim on dəfə çoxdur.

– Tələbələrlə görüşdüyünüzü deyirsiniz. Maraqlıdır, Azərbaycanda sırf bu musiqi alətinə yanaşma, maraq hansı dərəcədədir?

– Bilirsiniz, mən burada balabanla məşğul olanda həminki nəsil balabanı musiqi aləti kimi tez buraxırdı. Çünki çörəkpulu qazana bilmirdilər. Klarnetə keçirdilər, məsələn. Bu digər musiqi alətlərinə də aid idi: tar çalan gitaraya, kamança çalan skripkaya keçirdi və sair. Bütün bunların tək səbəbi maddiyyət idi. Amma mən belə etmədim. İndi görürəm ki, müəyyən marağı yarada bilmişəm. Milli ruh oyanıb sanki, maraq da bununla bərabər oyanıb.

Bayaq bəhs elədiyim kitabın adı “Balaban metodu”dur, 2008-ci ildə çıxıb. Buraya, Bakıya 200 nüsxə göndərmişdim, amma elə oldu, gələn kimi də paylandı. Sonra oradan-buradan istənildi, kitab da bir kiloqram ağırlığında. İndi təsəvvür edin, Fransaya, yaxud başqa ölkəyə 5 dənə bu kitabdan göndərmək neçəyə başa gələr.

– Əlixan bəy, Türkiyədən söz düşmüşkən, orada da kifayət qədər erməni yaşayır. Maraqlıdır, orada sizə münasibət necədir?

– Orada hər kəs öz işi ilə məşğuldur, indiyə qədər kimsə tərəfindən maneə törədildiyini deyə bilmərəm. Mən də öz işimi görürəm. Mənim mübarizəm odur ki, musiqini ifa etsinlər, amma istinad etsinlər, müəllifi qeyd etsinlər, vəssalam. Qalan heç bir istəyim yoxdur. Biz necə ki xarici ölkələrin musiqilərini ifa edəndə müəllifini qeyd ediriksə, onlar da etməlidir. Bilirsiniz, onlar müəllifi qeyd etmədikcə, həm də öz yeni nəsillərini, gənc nəsillərini də aldatmış olur. Və sabah onlar da növbəti nəsilləri aldatmış olacaqlar. Təəssüf.

– Bəs sizin dünya konsertlərinizdə ermənilər tərəfindən hansısa maneə törədilməyə cəhd olubmu?

– Sözün düzü, yox. Hətta deyərdim ki, gəlib seyr edirlər, onlar da sevir. Nihat bəy, onlar bizim mədəniyyətlə, bizim mətbəxlə böyüyüb. Bir növ harmoniya içərisində yaşamışıq, mənim-sənin davası olmayıb, amma sonra məlum məsələ. Ən əsası, mənim yanımda balabana sahiblənmə cəhdi göstərə bilmirlər. Moskvada da dudukla balabanın fərqini soruşmuşdular, dedim, biz su deyirik, siz voda. Yeganə fərq budur, alət bizimdir, götürün istifadə edin, sizə kim nə deyir ki? Amma onun kimliyinə toxunmayın.

Mənim başdan tərəfdarı olduğum fikir odur ki, pul qazanmaq üçün musiqi alətini öyrənirsənsə, öyrənməsən yaxşıdır. Amma insanlarımız toylara getmək üçün öyrənirlər çox zaman. Bu da yanlış və nəticəsizdir.

– Toylara gedirsiniz?

– Yox. Əvvəllər olub. Təbii. Və onda insanlar musiqini bilirdi. Biri deyirdi, tütəkdə “Papaq” çal, saksofonda “Lambada” çal, qaboyda “Azərbaycan tərənaləri”, balabanda “Mirzəyi” və sair. İndi insanlar musiqinin adını bilmirlər heç, nə gəldi, necə gəldi oynayırlar. Xaricdə toylara gedirəm, amma orada mühit ayrı cürdür. Həm qonaq kimi gedirsən, həm də sənətkar kimi. Filankəs gələcək, 20 dəqiqə filan mahnıları oxuyacaq, filankəs gələcək, yarım saat filan alətdə ifa edəcək - prinsip budur. Yəni hər kəs öz konseptinə uyğun. Yoxsa buradakı kimi hər musiqiyə oynanılmır.

– Yaxşı, bəs toyların musiqiçilərə təsiri barədə nə deyə bilərsiniz? Qatqısı varmı, yoxsa əksinə.

– Gəlin mən sizin sualdan istifadə edərək müqayisə aparım. SSRİ vaxtında toylarda adama deyirdilər ki, filan filmin üçüncü mahnısını çal. Çalmalısan. Konservatoriyada belə deyildi, nəticədə toy sənin üçün ciddi sınaq meydanına dönürdü. Filankəs durub filan mahnını sifariş edirdi, çalmalısan. Amma indi elə deyil. İndi nağaranın səsi gələn kimi hamı oynayır, kimin mahnısıdır, nə mahnısıdır, bilmirlər. Bu, keyfiyyətin aşağı düşməsi deməkdir. Əvvəllər musiqiçiyə görə toyun vaxtını dəyişirdilər. İndi toy sahibi heç bilmir ki, toyuna gələcək musiqiçi kimdir, nəçidir. Yəni o vaxtın toyları musiqiçini yetişdirə bilirdi, daha doğrusu, təcrübə rolunu oynaya bilirdi, indi yox.

Hələ fonoqram isə başqa dərddir. Verilişlərə çağırırlar, müğənni oxuyur, səs-küy, amma ansambl yoxdur. Və hamı da bunu qəbul edir, durub oynayırlar. Belə, çox qəribə...

...Bu vaxt axır ki çaylarımız gəlir. Əlixan bəy, çayın rəngini görməsə, dadından zövq ala bilmədiyini deyir. Odur ki armudu stəkan istəyir. Amma olmur... Bir qədər təəssüflənir...

 

– Sizin “Rossiya 1” kanalında “Privet, Andrey” verilişdəki çıxışınız da bizdə kifayət qədər müzakirələrə səbəb oldu.

– Bəli, onlar mənə bir neçə dəvət göndərmişdilər, mən imtina edirdim. Amma bu dəfə getdim, hamının yanlış bildiklərini doğru ilə göstərmək istədim. Dedilər, ayrı-ayrı ölkələrdən öz musiqi alətlərinə uyğun ifaçılar gələcək. Yüksək səviyyədə qarşılanma, münasibət oldu, çox bəyəndim. Nəticədə, alətin adının balaban olduğunu, filan mahnının adının filan olduğunu, bəstəkarının filankəs olduğunu dedim və dedim ki, əgər bu mövzularda yanlış nələrsə olacaqsa, mən gəlməyim. Dedilər, olmayacaq. Getdim, suallar oldu, fərqini soruşdular, onu bayaq da dedim: siz bir şeyə voda deyirsiniz, biz su. Bu alətə isə bir ölkədə bir ad verirlər, başqasında bir, bizdə isə balaban. Kitabı da aparmışdım. Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanmış balaban alətini də onlara hədiyyə etdim. Amma kitab necə oldusa, elə oradaca oğurlandı.

– Necə yəni?

– Bilmirəm, iki kitab aparmışdım, bir də baxdım, yoxa çıxıb. Mən də dedim, kitab oğurluğu oğurluq sayılmaz, eybi yoxdur. Təkcə balabanı hədiyyə etdim ki, öyrənsin, ifa edə bilər, çətin deyil.

– Verilişdə digər qonaqların çoxu milliliyi ifadə eləmək üçün mətbəx nümunələri gətirmişdi, siz balaban.

– Bəli, mən mədəniyyətimizi məhz balaban vasitəsilə tanıtmaq istədim və kifayət qədər də effektiv oldu. İfa etdim, bütün zal mənimlə oxudu, nə gözəl mənzərə idi. Onu deyim ki, o ifaya hazırlaşmamışdım, spontan oldu, ab-havaya uyğun düşündüm və alındı. Yaxşı ki getdim, yaxşı da alındı. “Sən gəlməz oldun”u da ifa etdim, o da çox əla səviyyədə qarşılandı. Yenə dəvət almışam, düşünürəm ki, yenə getməliyəm, bu aləti Avropada kifayət qədər tanıtdıq, indi Sovetlərindir növbə (gülür).

– Əlixan bəy, balabana sevginizin yaranmasından danışaq. Səhv eləmirəmsə, əvvəllər başqa musiqi alətləri ilə də məşğul olmusunuz. Necə yarandı bu sevgi?

– Uşaq yaşlarından adi boş qutuları daqqıldadırdım. Rəhmətlik atam bunu görəndən sonra mənə nağara aldı, sonra qarmon. Belə-belə bir çox musiqi alətlərində ifa etməyi öyrəndim. Özüm... Müəllimsiz. Sonra məni qarmon müəllimi yanına qoymaq istədilər. Getdim də. Daha sonra qaboyla tanış oldum. Bu mənim ilk nəfəsli musiqi alətim idi. Rəhmətlik Kamil Cəlilov bütün Azərbaycana qaboyu necə sevdirmişdisə, mənə də elə sevdirdi. Çox sevirdim. Bundan sonra artıq nəfəsli alətlərə olan sevgimi kəşf elədim. Zamanla artıq dünyaya açıldıqca? fərqli-fərqli nəfəsli musiqi alətlərini öyrənməyə başladım, öyrəndim. Hətta konsertlərimdə həmin o fərqli alətləri də istifadə edirəm. Maraqlı da olur.

– Amma balabanın yeri başqadır.

– Təbii. Bilirsiniz, mən eşidəndə ki, balabanı tanımırlar, bu öhdəliyi özüm üçün götürdüm ki, balabanı tanıdacaqsan. Sizə bir şeyi deyim ki, bütün disklərimdə qarmonu, klarneti-filan, digər musiqi alətlərini də özüm ifa edirəm.

– Özünüz bir ansamblsınız yəni. Çox maraqlıdır.

– Hə, bunu zatən çoxu bilmir. Yəni ayrıca ifa edirəm, sonra elə edirik ki, elə bil orkestr çalır (gülür).

– Əlixan bəy, balabanın solo alət kimi tanıdılması da, bir növ, sizin adınızla bağlıdır. Alət sizə qədər daha çox ikinci planda qalırdı.

– Doğrudur. Mənim əsas çıxış musiqim “Sən gəlməz oldun” bəstəsi olub. O musiqidən sonra balaban daha çox sevilməyə başladı. İndiyə qədər də mənə öyrənmək üçün kimlər müraciət edirsə, o mahnı ilə başlamaq istəyirlər. Bir növ, o mahnı balabanın mahnısı olub. Solo ifalarımda həm türk, həm Azərbaycan musiqi çalarlarından geniş istifadə edirəm. Mənim səs rejissorum ingilisdir. Mən nəsə sevdiyim bir xalı edirəm, görürəm, məsələn, üzünü turşudur, deməli, bəyənmədi, yəni bunu hamı başa düşməz, sevməz. Dərhal dəyişirəm. Musiqi ruhun qidasıdır, burada dinləyicinin ruhunu oxşamaq, az qala, öhdəlikdir. Və özəllikdir. Mənim ifam nə qədər ifa içərisindən seçilir. Çünki hərə alətə və musiqiyə özünə görə yanaşır. Beləcə bu saydıqlarım mənim balabanla solo ifaçıya çevrilməyimə yol açdı, dünya ölkələrində konsertlər verdim. Yaxud Türkiyənin dövlət simfonik orkestri ilə birgə şəhərlərdə konsertlər verdik. Balabanın bir solo alət kimi təbliğatını apardım, uğurlu da oldu.

– Bu saydıqlarınız hamısı öz təşəbbüsünüzlə həyata keçir? Məsələn, səfirliklər, diasporlar...

– Onlar da hamısı dostlarımızdır, münasibətimiz var, görüşürük, çay içirik, söhbət edirik, gəl bunu edək, filan vaxt edək deyirik, amma hələ ki belə bir şey olmayıb. Etməmişik (gülür). Bilirsən, Nihat bəy, mən onların özlərinə də deyirəm, mən bu işləri zatən görürəm. Yanımda olsalar, beş ildə gördüyüm işi bir ildə görərəm. Dəstək olmayanda zaman uzanır. Belə baxanda mən özüm də diasporam, sadəcə mən maaşa işləmirəm (gülür). Yəni məndəki iş sevgidən doğur, amma onlar buna görə maaş alır. Məsələn, “Privet, Andrey” verilişində balaban haqqında etdiyim tanıtımı diaspor nə qədər pullar töksə, edə bilməz. Çünki maraqlı alınmayacaq. Diasporun da gördüyü işlər var, əlbət, amma bərabər işbirliyimiz olmayıb.

– Sizə qədərki balaban ifaçıları, sizcə, niyə solo ifaya can atmayıblar?

– Mənə elə gəlir, çörəkpulunun arxası ilə qaçıblar deyə belə olub. Yəni baxıblar ki, balabanla çörək qazanmaq olmayacaq, baş sındırmağa dəyməz, vəssalam.

– Onda belə çıxır ki, siz həm də göstərdiniz ki, balabanla çörək də qazanmaq olur.

– Qabaqlar çörək qazanmırdım. Mən hətta kollecdə şahmat müəllimliyi etmişəm. Oradan aldığım maaşı balabana xərcləyirdim. Məhz o əməyin bəhrəsini indi görürəm. Özümü və balabanı tanıdandan sonra, disklərim yayıldıqca başa düşürəm ki, bunlar özbaşına olmayıb, həmin əziyyətin bəhrəsidir. Gözəl musiqiçi ola bilərsən, amma bir də var əziyyət çəkib özünü tanıtmaq, bu çox vacibdir. Mənə zəng gəlir, baxırsan, dünyada kifayət qədər məşhurdur, işbirliyi təklif edir. Bu yerə mən bir andaca qalxmamışam, təbii. Və bu gün həmin təklifləri dəyərləndirirəm, seçim edirəm. Yəni insan özünə hədəfini bəlli etməlidir. Mən balabanı dünyaya tanıdacağımı özümə söz vermişdim və hələ də bu yoldayam. İnşallah, bu 3-5 ay içərisində balabanla bağlı elə ölkəmizdə bir səs-küy olacaq, səbirli olaq.

– Ucundan-qulağından desəniz pis olmaz.

– Yox (gülür), qoy sürpriz olsun. Bakı səfərim də onunla əlaqədardır. Belə Bakıya tez-tez gələrdim, əslində, sadəcə daimi qalmaq yerim yoxdur. Hotel-filan, bu bir az yorur. İnşallah, nə vaxtsa nəsib olar, ev alaram, səfərlərimin sıxlığı da çoxalar.

Hesab edirəm, musiqiçi paxıl olmamalıdır. Ümumiyyətlə, paxıl musiqiçi özünü çürüdür. Bu baxımdan, bacardıqca gənclərə dəstək verməkdə maraqlıyam. O qədər gəlirlər, müraciətlər edirlər, vallah, hamısına maksimum dəstək göstərirəm. Çünki insanlıq budur. Mən həmin yolları zamanında keçmişəm, qoy indiki nəsil həmin yolları daha rahat keçsin. Belə...

Bu vaxt Əlixan bəy söhbəti yarımçıq kəsib ofisiantı axtarır: o ofisiant düz yarım saatdır, bizim masaya yaxınlaşmır. Belə obyekt, əlbəttə ki, yaxşı müştəri qazana bilməz... Mənim əlimdə olsa, buranı elə edərəm ki, müştərisi dolub-daşar. Əsas olan istəkdir.

...Bir məsəl var e, deyir, birindən soruşurlar, bu qədər imkanı necə qazanmısan? Deyir, Allahla yarışıram, o verir, mən verirəm, o verir, mən verirəm, o verir, mən verirəm... belə... (gülür)

– Əlixan bəy, balabanı biznesə çevirə bilmisiniz? Yəni həyatınızı bu sahəyə həsr etmisiniz. Nəticə siz istəyən kimidir?

– Nihat bəy, mən konsertlərimlə yaşayıram. Mənim gəlir yerim, maaşım yoxdur. Yəni konsert varsa, yaşayıram, yoxdursa, birtəhər yaşamaq məcburiyyətindəsən (gülür). Mənim indi dünyanın dörd bir yanında konsertlərimi təşkil edənlər, təklif edənlər var. Baxıram, dəyərləndirirəm, görürəm, məsələn, oraya getsəm, yaxşı nəticələnməz, mədəniyyətimizə dair nəsə zərər ola bilər, getmirəm. Mənim hər addımım Azərbaycanın adına yazılır. Nəsə bir hərəkət olsa, demirlər, Əlixan edib, deyirlər, azərbaycanlı sənətçi edib. İndi sizinlə üzbəüz Əlixan Səmədovam, amma o cür ortamlarda azərbaycanlı sənətçiyəm. Bu çox ciddi və məsuliyyətli məsələdir.

– Doğrudur. Bir az da öz bəstələrinizdən danışaq. Son işləriniz, son bəstələriniz...

– 70-dən çox bəstəm var. Bilirsən, bizdə rəqəmsal platformalar o qədər də tanınmır.

Əlixan bəy axır ki ofisiantı görür, onu masamıza çağırır. İradlarını bildirir. Amma ofisiant getdiyi kimi yenə də bir müddət qayıtmır...

– Məncə, onlar yaxşı bir müştərini itirdilər (gülür)...

...Xaricdə müəyyən musiqi platformaları var ki, orada dinlənilirəm. Bu çox rahatdır, adam ifanı qoşur və idman edir, yol gedir. Bu platformalarda aylıq 40-50 min civarında dinləyicim olur, burada araşdırsan, məndən populyar müğənnilərdə heç o qədər dinlənmə yoxdur. O say çoxaldıqca mən onlara yeni bəstə verirəm, yəni qarşılıq. Heç bunu bizim tamaşaçılar bilmir axı. Gərək o platformada olasan. O 40 min adama sən yeni nəsə verməlisən ki, artsın, verməsən, azalacaq və artdıqca da üstəlik, pul da qazanırsan. Dünya artıq belə cərəyan edir. Biz isə ikinci çaynik çayı istəməyə ofisiant tapmırıq. (gülür)

– Yavaş-yavaş...

– Çox gecikirik. Yüz nəfərdən onunun o rəqəmsal platformadan xəbəri var, kaş doxsanı bilə.

– Bakıda sizi tanıyırlar? Yəni taksidəmi deyim, ya küçədə-filan sizə münasibət necədir?

– Sizə çox acınacaqlı bir şey deyim, mən indi çox yerə taksi ilə gedirəm. Baxıram ki, heç balabanı belə tanımırlar, bilmirlər. Bu məni çox üzür.

Elə bu üzüntünün ardından, nəhayət ki, ikinci çayımız gəlib çıxır və ən azından, müsahibəni pozitiv notlar üzərində yekunlaşdırmaq üçün bəhanəmiz olur...