Əli bəy Hüseynzadə — 160
24.02.2024

Azərbaycanın mütəfəkkir yazıçısı, publisist və ədəbiyyat tənqidçisi, XX yüzil Azərbaycan-Türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri Əli bəy Hüseynzadənin anadan olmasının 160-cı ildönümüdür (Əli Hüseyn Turan; 24.02.1864, Salyan – 17.03.1940, Üsküdar, İstanbul).

Əli bəy Hüseynzadə alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi uzunmüddətli, səmərəli xidmətləri ilə Azərbaycanda, Türkiyədə (sonuc etibarı ilə Türk dünyasında) yeni nəsillərin yoluna işıq salan fədakar aydınlardan olub.

“Ədəbi dilə malik olmayan qövm müstəqil qövm surətində çox yazmaz. Ədəbi dili olmayan qövm yaşamaq və dünya məişətini keçirmək üçün özündən mədəniyyətli, ədəbi dili olan bir qövmün dilini itxaz etməyə məcburdur”. - Azərbaycanda ümumtürk ədəbi dil konsepsiyasını ortaya qoyan, bu ideyanı praktik baxımdan öz əsərlərində işlədən və müdafiə edən məhz Əli bəy Hüseynzadə idi. Türk dünyasında dil birliyinin ideoloqu (“Dildə, fikirdə, işdə birlik” düsturunun müəllifi) olan "Tərcüman"ın baş redaktoru İsmayıl bəy Qaspıralı "Həyat" qəzetini "Tərcüman"ın varisi hesab edirdi. - “Həyat” Əli bəy Hüseynzadənin Əhməd bəy Ağaoğlu ilə birlikdə (böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyəsi ilə) çıxardığı sanballı qəzet idi.
İsmayıl bəy Qaspıralı kimi Əli bəy Hüseynzadə də belə hesab edirdi ki, bütün türklər vahid millətdir, buna görə də bir dilə, yazı mədəniyyətinə malik olmalıdır. Başqa sözlə, türk xalqlarının milli-mənəvi birliyinə nail olmaq üçün Əli bəy Hüseynzadə ümumtürk ədəbi dilinin qaydalarının işlənib hazırlanması və orta məktəblərdə, mətbuatda işlənməsini vacib bilirdi. 
Əli bəy Hüseynzadə haqlı olaraq, ədəbi dili millətin mövcud olması, yaşaması üçün vacib şərtlərdən biri sayırdı.

XX yüzilin əvvəllərində ictimai-siyasi fikrin təşkili və tənzimlənməsində, informasiya mühitinin formalaşmasında milli mətbuat örnəkləri önəmli rol oynayıb. Jurnalistikanın ictimai fikir tribunasına çevrilməsi həmin tarixi mərhələnin məhsuludur. "Füyuzat" jurnalı və onun redaksiya heyətinin xidmətləri bu anlamda diqqətəlayiqdir. Çünki onların işi yalnız bir jurnal örnəyi nəşr etməklə məhdudlaşmadı; o fədakar aydınlarımız füyuzatçılıq xətti-hərəkatını, "Füyuzat" jurnalistikası məktəbini yaratmaqla tarix səhifələrinə öz imzalarını həkk etdi.
Əli bəy Hüseynzadə "Füyuzat"dakı məqalələrinin birində yazırdı: "Bizə fədai lazımdır! Türk hissiyyatlı, İslam etiqadlı, Avropa (çağdaş) qiyafəli fədai"! - Bu fikir füyuzatçı mətbuat orqanları tərəfindən təkmilləşdirilərək, "Tazə həyat", "İrşad", "Yeni füyuzat", "Həqiqət", "Tərəqqi", "İqbal", "Sədayi-həqq", "Şəlalə", "Açıq söz", "Bəsirət", "Qurtuluş", "Dirilik", "Azərbaycan" və "Övraqi-nəfisə" adlı mətbu orqanlar tərəfindən "Türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq" (“Azərbaycançılıq”) şəklində formulə edilərək təbliğ olundu. 
Heç təsadüfi deyil ki, müstəqil dövlətimizin bayrağı məhz bu formul əsasında yaradılıb.

Dərin sayğılarla anırıq.
Ruhu şad olsun!

Azərbaycan Respublikası
Milli Məclisinin Mədəniyyət Komitəsi

Visiontv.az