Əfqanıstan niyə sivil dövlət ola bilmir?
22.11.2024

Ölkə etnik tərkibcə zəngindir, amma heç bir etnik qrup çoxluğu təşkil edəcək saya sahib deyil. Yəni mərkəzi gücü təmsil edən heç bir etnik baza yoxdur.

Sivil dövlət üçün lazım olan mərkəzi etnik güc olmadığından Əfqanıstanı bir mərkəzdən idarə etmək heç vaxt mümkün olmayıb, heç vaxt da mümkün olmayacaq. Çünki ölkənin taleyi də, tarixi də qan bağı olmayan etnik burjuanın əlindədir.

Əfqanıstan ABŞ modeli üzərində qurula bilərmi? Mümkün deyil, birincisi, ABŞ-dan fərqli olaraq təsir zonasındadır, ikincisi, ABŞ-ı quranlar özləriylə yeni qitəyə milli, dini heç bir dəyər aparmamışdılar, üçüncüsü, burada etnik kimliyiylə problem yaradacaq hinduları əvvəlcədən təmizləmişdilər.

Bu gün Türkiyəni də bu hala salmaq istəyirlər. Atatürkün türk kimliyi üzərində yaratdığı mərkəzi gücə hücumlar buna görədir. Halbuki Atatürkün etdiyi etnik təəssübkeşlik deyil, milli dövlət modelinin ən vacib şərtinin icrasıdır.

Dövlət qalsın, amma mərkəzi etnik güc olmasın deyənlər gizli Əfqanıstan azarkeşləridir.

Aqşin Yenisey

visiontv.az