Dövrümüzün Şeyx Nəsrullahı – Luis Moreno
10.09.2024

Müntəzəm izlədiyim Ermənistan mətbuatından öyrəndim ki, özünü erməni xalqının taleyi üçün xilaskar qayəsində gözə soxmağa çalışan Argentinalı hüquq doktoru Luis Moreno gəlib İrəvanda ermənilərlə açıq müzakirələr aparmaq və ermənilərin başlarına ağıl qoymaq niyyətindədir.

Bu məlumatı alanda nədənsə yadıma böyük Mirzə Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri düşdü və Luis Moreno xəyalımda Şeyx Nəsrullah kimi canlandı, axı Şeyx də ölüləri sağaltmaq üçün bəlağətli söhbətlər aparır, artıq xaliqin dərgahına qovuşmuş insanların diriləciyinə onların yaxınlarını inandırmaq istəyirdi. Necə ki, Luis Moreno Qarabağda ermənilərin hakimiyyətini bərpa etmək istəyi kimi. 

Senyabrın 13 – də saat 18:30 – da İrəvanın İBİS otelində Luis Moreno ilə açıq görüş keçiriləcəkdir. 

Luis Moreno ermənilərin  başına ağıl qoyacaqdır ki, Bakıdakı erməni əsirləri necə azad etmək olar.

COP 29 – un siyasiləşməsi və bu “işə” dünya ermənilərini sövq etmək də Moreno qarşısında qaragüruhçu vəzifələr qoymuş bu görüşün təşkilatçıları olan Qareqin II və Aram I kimiləri tərəfindən qoyulmuşdur.

Luis Moreno iddia edir ki, əgər COP 29  günlərində Bakıdakı ermənilər azad edilməsələr və Qarabağ münaqişəsinə diqqət yetirilməsə prezident İlham Əliyev özünün geopolitik ambisiyalarının gücləndirilməsi istiqamətində çox güclü impuls alacaq və bütün Ermənistanı zəbt edəcəkdir. Bərəkallah, Şeyx!

“Mən erməni xalqının və Ermənistan torpaqlarının taleyi üçün çox narahatam”. Bu, Luis Morenonun son aylarda erməni xalqına ünvanladığı II məktubunda göstərilmişdir. 

Zühur etmiş Şeyx Nəsrullahın - keçmiş prokuror Luis Morenonun tərcümeyi-halı və keçdiyi həyat yolu ilə bir qədər yaxından tanış olduqdan sonra bu barədə öz fikirlərimi oxucularla bölüşmək qərarına gəldim. İlk növbədə onu qeyd etmək istərdim ki, məktubla tanış olduqdan sonra bunun bir təcrübəli hüquqşünas tərəfindən yox, sıravi meydan boşboğazlarından birinin sözləri kimi qənaətinə gəldim. Çünki, heç bir hüquqi müddəa və beynəlxalq tələblərə məhəl qoyulmadan yazılmış bu məktub həm də, yalan və böhtanla “bəzədilmiş cızmaqara” xarakterli qarayaxmadır. Bircə misal gətirməklə kifayətlənirəm ki, Luis Moreno 2023 – cü il ermənilərə qarşı genosid həyata keçirildiyini, ermənilərin aclığa və qorxuya məruz qaldıqlarını, bombardman olunduqlarını qələmə almışdır. Halbuki, Azərbaycan tərəfi dəfələrlə bəyan edildiyi kimi, ermənilərin ərzaqla təminatı sahəsində əməli təkliflər irəli sürmüş və həmin ildə heç bir bombardman əməliyyatı həyata keçirilməmişdir. Məktubun yeganə məqsədi Azərbaycana qarşı kütləvi informasiya vasitələrində ermənilər tərəfindən çirkli kompaniyanın başlanmasının zəruri olduğunu göstərməkdir. Heç bir hüquqşünas dövləti cinayətdə və insanlığa qarşı yolverilmiş vəhşiliklərə əl qoymuş şəxslərin, erməni əsirlərinin siyasi məhbus adı altında müdafiəsinə və onların azad olunmasına çağırış etməz. Ermənilərə təhrik xarakterli müraciət məktubunda üzdən iraq prokuror: “Ermənilər, mübarizəyə başçılıq etmək vaxtıdır. Yazılar dərc etdirin, şərh verin və öz səsinizdən istifadə edin. Mən və bir çoxları sizin arxanızca gedəcəyik”. Buna əsl taxribat deməyəsən nə deyəsən? Ölkəmizdə keçiriləcək Cop29 - a dair prokuror Morenonun sərsəmləmələri də acı təəssüf doğurur. Erməni xislətinə kifayət qədər bələd olan (onun Argentinada olan çoxsaylı erməni dost – tanışlarının olduğu onlarla əyləncəli məclislərdə iştirakı yaxşı məlumdur) dünya ermənilərinə müraciətində belə vurğulayır “Bütün dünyaya səpələnmiş sizlər (yəni erməni xalqı) nəinki öz xalqınızı və torpağınızı, həm də daha geniş ədalətin və ekoloji dəyərlərin müdafiəsi istiqamətində unikal imkanlara maliksiniz. Sizin əcdadlarınız sizlərə rəşadətli olmağı öyrətmişlər – “Biz nə vaxt mübarizə aparmağı dayandırsaq, məhz həmin gün məğlubiyyətə düçar olacağıq”. Bu da növbəti və yolverilməz təhrikçilik! Hüquq doktoru olan Luis Moreno təkcə Azərbaycana düşmənçilik bəsləməkdə yox, öz fəaliyyətində də yol verdiyi qanunsuzluqlarla məhşurdur. 2015 – ci ildən konsaltinq fəaliyyəti ilə məşğul olan Moreno Livanlı bir iş adamı ilə 3 milyona müqavilə imzalamaqla onun hüquqi müdafiəsini təmin etmək üçün əvvəllər çalışdığı, Beynəlxalq Cinayət Məhkəməsinin əməkdaşlarından qanunsuz yolla məxfi məlumatların əldə edilməsindən belə çəkinməmişdir. Beləliklə, nəinki özünü bir fırıldaqçı hüquqşünas kimi göstərmiş, həm də, məhkəmə əməkdaşlarını çətin vəziyyətə salmışdır. Digər bir misal Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru olduğu dövrdə belə özünün və arvadının Karib adalarında olan “Offşor” şirkətlərinə böyük həcmdə maliyyə daxil olmalarını gülünc bir “səbəblə” izah etməyə çalışmışdır ki, guya o Argentina banklarına etibar etmir. 2023 – cü ildə “Armenpress” agentliyinə müsahibəsində ABŞ konqresinə Qarabağla bağlı təqdim etdiyi məruzəsinə dair dinləmədə konqresin Morenonun hər addımda yerli-yersiz çərənlədiyi genosid ifadəsinin qəbul etməməsindən məyus olduğunu dilə gətirmişdir. Apardığımız araşdırmalar Morenonun xaç atasının da kimliyini üzə çıxarmışdır. Bunun əsl adı Bedros Keşişyan olan katalikos Aram I olduğu üzə çıxır. Məlum olur ki, keçmiş prokuror əsasən Aram I -in ideyalarını yaymaqla və “beynəlxalq rəy” donu geyindirməklə uzun illərdir ki, çalışmaqdadır. Yeri gəlmişkən Aram I -in həyatından Qarabağla bağlı bir neçə fakt göstərmək istədim. Bu, həmin Aram I dir ki, 1991 – ci ildə Ermənistana müstəqillik əldə etməsi münasibətilə göndərdiyi təbriki belə bir cümləylə yekunlaşdırır. “Kim inana bilərdi ki, biz Arsaxı azad edəcəyik?” Onu da qeyd edim ki, Aram I özü də Arsaxı öz çıxış və yazılarında həm də Qarabağ adlandırmaqda davam edir.

Bu, həmin Aram I - dir ki, 2016 – cı ildə gəlib Şuşada ibadət etmişdir. Bu, həmim Aram I – dir ki, 2016 – cı il 18 aprel tarixində İslam Əməkdaşlığı Ölkələrinin sammitində erməniləri mühakimə edən qərara dair səsvermədə bitərəf qalmasını yüksək dəyərləndirmiş və o, telefon zəngində buna görə Livanın Baş nazirinə minnətdarlığını bildirmişdir. Bu, həmin Aram I – dir ki, 2021-ci ilin 11 avqust tarixində Qarabağda barışığa getməməyə dair Ermənistana müraciət etmiş, 2021 – ci ilin 11 dekabr tarixində Laçın dəhlizi ilə bağlı beynəlxalq aləmə müraciət etmişdir. Onu da qeyd edək ki, bu hiyləgər katolikosun ərəb ölkələri və İranda olarkən Xristian və İslam dinlərinin dostluğu barədə geniş müzakirələr oxumağı qeyri-səmimiliyin etalonu kimi qəbul edilə bilər. Bu il aprelin 19-da Luis Morenonu qəbul edən xaç atası keçmiş prokurorla dünya ermənilərinə müraciətinin ideyası və mətni razılaşdırılmışdır. Bu,“dünyəvi” müraciətin əks sədası keçmiş Dağlıq Qarabağın tör-töküntüləri tərəfindən sosial mediyaya çıxarılmaq cəhdlərinin heç bir əsası olmadığı məlumdur. Bu günlərdə mövcud olmayan Arsax Respublikasının xəyali Milli Yığıncağının dırnaqarası rəhbəri Qagik Baquntsun Moreno tərəfindən təklif olunan kompaniyanın yüksək dəyəri haqqında və onun Azərbaycanın imicinə təsiri barədə uydurma fikirlərini misal göstərmək olar. Şərhin sonunda keçmiş prokuror Moreno və Aram I kimilərinə bizim onlara münasibətimizi dahi Çörçilin bir kəlamı ilə bildirmək istərdim: “Əgər hər hürən itə Siz dayanıb daş atsanız, nəzərdə tutduğunuz yerə heç vaxt gedib çata bilməzsiniz”. Cənab Luis Moreno! Biləsiniz ki, Sizlərin ulamağınıza baxmayaraq Azərbaycan öz haqq yolu ilə inamla irəliləməkdədir!


Öz fikirlərimi Luis Moreno kimi qaragüruhçu və fırıldaqçıların çaldıqları havaya oynamaq istəyən, dəmir yumruq sayəsində darmadağın edilmiş Qarabağ “hakimiyyətinin” tör – töküntüləri olan revanşistlərə dahi Mirzə Cəlilin qəhrəmanı Kefli İsgəndərin sözləri ilə yekunlaşdırmaq istərdim: “Bizdən sonra gələnlər illər uzunu sizi yada salıb bir səslə deyəcəklər: “Ölülər”... 

Qərbi Azərbaycan İcması, Nəzarət Təftiş Komissiyasının sədri,
professor Vahid Novruzov

Visiontv.az