Dilimizin qorxuducu gücü: Və ya "Bakı dili"ndən qorxanlar kimlərdir?
Dilimizin qorxuducu gücü: Və ya "Bakı dili"ndən qorxanlar kimlərdir?
31.08.2024 Bəybala Mirzəyev Tərəfindən

Məsud Pezeşkianın Azərbaycan türkcəsində cəmi bir dənə müsahibə verməsi bəs etdi ki, İran adlı toksik ölkədə yer yerindən oynasın. Bəli, bu ölkənin yeni seçilmiş azərbaycanlı prezidentinin bir neçə gün öncə öz doğma ana dilimizdə verdiyi müsahibə İranın panfarsçı dairələrində həqiqətən də böyük əks-səda doğurub. Panfarsçılar dərhal hücuma keçməyə, Məsud Pezeşkianın fars dilində deyil, türk dilində (bizdən fərqli olaraq İranda hamı bizim dilimizə Azərbaycan dili yox, Türk dili deyir) müsahibə verməsini tənqid atəşinə tutmağa başlayıblar.

Bir sözlə, Pezeşkian sanki arı yuvasına çöp soxub.

İranın türkcə danışan prezidenti sözügedən müsahibəsində İran dövlətçiliyi əleyhinə, mövcud molla rejiminin ünvanına heç bir əks fikir səsləndirməyib. Pezeşkian sadəcə Güney Azərbaycandan olan vətəndaş cəmiyyəti fəalı Rəşid Daneşcuyi`yə verdiyi müsahibədə Urmiya gölünün bərpası və ana dilində təhsili nəzərdə tutan Konstitusiyanın 15-ci maddəsinin həyata keçirilməsi barədə danışıb və bu məsələlərin həlli üçün çalışacağına söz verib.

Ehsan Huşməndi adlı panfarsçı jurnalist prezidentin Azərbaycan dilində müsahibə verməsinə hamıdan daha kəskin, radikal mövqe sərgiləyərək yazdığı məqalədə bildirib ki, cənab Pezeşkianın bu addımı ölkədə separatizm və millətçilik meyillərini gücləndirəcək. Yuxularını qarışdıran iranlı jurnalist biraz da irəli gedərək M.Pezeşkianın müsahibəsinin hətta ölkənin bütövlüyünə təhlükə olduğunu da iddia edib.

Huşməndin türkəfob, anti-Azərbaycan fikirlərində başqa bir məqam da diqqəti cəlb edir. Belə ki, o, Pezeşkianın müsahibə zamanı işlətdiyi ifadələrin "Bakı dili"nə xas olduğunu, bunun İranda işlədilən dil və mədəniyyətə uyğun olmadığını bildirib.

Bəs, "Bakı dili" deyərkən söhbət hansı dildən gedir? Bu nə dildir belə?

Məsələ burasındadır ki, fars-molla rejiminin ideoloqları, təbliğatçıları ana dilimizin Güney Azərbaycanda istifadə olunan versiyasına Türk dili, Azərbaycan Respublikasında işlədilən versiyasına isə “Bakı dili” deyirlər. Onlar hətta dövlətçiliyimizə qarşı çıxaraq Azərbaycan Respublikasının adını da “Bakı Cümhuriyyəti” kimi yazırlar.

Dövlətimizin və dilimizin adından oddan qorxduqları kimi qorxan molla rejiminin təbliğatçıları Pezeşkianın ana dilində danışmağa üstünlük verməsinin təkcə Güney Azərbaycanda deyil, bütün İran boyunca yaşayan qeyri-fars xalqlar arasında “yoluxucu” hal ala biləcəyindən narahatdırlar.

Farsların digər xalqlardan sayca azlığını nəzərə alsaq molla rejiminin və onun təbliğatçılarının narahatçılığını başa düşmək olar. Etnik azərbaycanlı Məsud Pezeşkianın öz doğma dilində müsahibə verməsini "separatizm və millətçilik" adlandırılması da bu narahatçılıqlarından qaynaqlanır.

Bu da bir daha onu göstərir ki, fars şovinistləri də erməni millətçiləri kimi xəstə təfəkkürün daşıyıcılarıdır. Onlar Azərbaycan türkcəsinin varlığını heç cürə həzm edə bilmirlər. Pezeşkianın ana dilində müsahibəsi türk düşmənlərinin kürkünə birə salıb.

Düşmənlərimiz dilimizin gücünə bələddirlər. Ona görə də dərhal hərəkətə keçiblər. Ehsan Huşməndinin prezidentin ünvanına təhdid xarakterli məlum yazısı da ilk növbədə Pezeşkianın qorxudulmasına, geri çəkilməsinə, susdurulmasına hesablanıb. Onlar bununla Pezeşkianın gələcək açıqlamalarında, müsahibələrində Azərbaycan dilində danışmasını bəri başdan əngəlləmək istəyirlər. Lakin ümid edək ki, Pezeşkian panfarsçı çaqqalların hədələrindən, xəbərdarlıqlarından qorxmayacaq, yolundan dönməyəcək.

P.S.

Biz özümüz də düşmənlərimizin yuxularına haram qatan Ana dilimizin qədrini bilməliyik!

Bəybala Mirzəyev

visiontv.az