İlk növbədə demokrat İrma Zauberin yazdığı statusla sizi tanış edəcəyəm. Xanım Zauber prosesin bilavasitə iştirakçısı kimi, necə deyərlər episentrdən mövqe bildirir, sonda mən daha geniş prizmadan öz mənbələrimə və məlumatlarıma əsasən daxili durumla bağlı sizinlə fikirlərimi bölüşəcəm.
Oxuyaq:
Demokratlar susurlarmı?
Demokratlar əsla susmur– onlar hər yerdə həyəcan təbili çalırlar və geniş fəaliyyətə başlayıblar.
Bütün ştatlarda fasiləsiz davam edən etiraz aksiyaları gedir və onlar demokratlar tərəfindən təşkil olunur. Demokratlar həmçinin Tesla satış nöqtələrini bloklayırlar, boykotlar təşkil edirlər, “Rise and Resist” etirazları keçirirlər.
Bir çox demokratlar (indi söhbət seçilmiş siyasətçilərdən gedir) kiçik şəhərləri(hansılar ki adətən respublikaçılara səs verir) bir-bir gəzib MAGA seçiciləri ilə görüşüb onların seçiminin yanlış olduğunu izah edirlər. Bəziləri bunun üçün öz YouTube kanallarını açıblar (məsələn, Kaliforniya qubernatoru Qevin Nyusom) və bu kanallarda MAGA liderlərini dəvət edib ifşa edirlər(Stiv Bennonla efirini izləyin).
Bundan əlavə, tanınmış amerikalı blogerlər və aparıcılar bu yürüşdə mühüm rol oynayırlar. Hər gün milyonlarla insan üçün yayımlanan proqramlarda Devid Pakman, Midas Touch, Brayan Teylor Koyen, Adam Mokler, Con Koçerello və Don Lemon kimi şəxslər MAGA-ya qarşı açıq mübarizə aparırlar.
Axşam saatlarında yayımlanan bütün satirik şoular birbaşa və ya dolayısı ilə MAGA-nı ifşa etməyə və seçiciləri demokrata çevirməyə yönəlib. Hazırda bu işin əsas məqsədi – qarşıdakı iki ildə seçiciləri demokratlara yönləndirməkdir ki, Tramp planlarını həyata keçirə bilməsin. Buna görə də, etiraz səsləri cəmiyyətin bütün təbəqələrindən eşidilir.
Berni Sanders – içində hələ də alov olan yaşlı bir insan (gücünü haradan alır, bilmirəm) – ölkəni gəzir və tam dolu zallarda çıxış edir. Onun çıxışlarını izləməyi tövsiyə edirəm!
Əvvəllər sosial mediada az-az görünən senatorlar indi demək olar ki, hər gün Tramp və Mask əleyhinə açıqlamalar verirlər. Anti-MAGA hərəkatı çox güclüdür və getdikcə daha da böyüyür.
İndi isə “Bayden susur” məsələsinə gələk:
Amerikada qəti şəkildə qəbul olunmur (və bu, bir qayda kimi qəbul edilə bilər) ki, əvvəlki prezident seçilmiş yeni prezidentə qarşı təbliğat aparsın. Yeganə istisna – Trampdır. O, bu qaydanı pozaraq belə bir ənənəni tapdalayıb.
Prezidentin özünü göstərmək və fikirlərini bildirmək üçün kifayət qədər vaxtı olur. Obamaya gəlincə, bu sual məni çox qıcıqlandırır. O, prezidentliyi dövründə ölkəni iqtisadi böhrandan çıxarmaq üçün mübarizə apararkən ona qarşı tonlarla yalan uyduruldu və Obama buna dözürdü. İndi o və Mişel sadəcə dinc yaşamaq istəyirlər. O, Trampa qarşı kifayət qədər danışdı – amma ona qulaq asmadılar.
Biz ilk iki həftə susduq, çünki şokda idik.
Hətta mən – bütün pessimizmimə baxmayaraq – bunun baş verəcəyini düşünmürdüm. Mən Amerika cəmiyyətini çox yüksək qiymətləndirdim və peşəkar təbliğatın gücünü isə az qiymətləndirdim. Düşünməzdim ki, bu qədər “boş beyinlər” tapılar.
Bu vəziyyətin ən dəhşətli tərəfi odur ki, konspiroloji düşüncəyə aludə olmuş beyinləri geri qaytarmaq çox çətindir. Bu, siyasətçinin yox, psixoloqun işidir.
Amma və lakin Amerika Rusiya deyil. Axırda insanların qarınları və boş pulqabıları onların düşüncələrini dəyişəcək. Daha ağıllı olanlar Oval kabinetdə baş verən görüşlərdən sonra artıq narahat olmağa başlayıblar. Trampın Rusiya və Putini tərifləməsi bir çox insanın beynində siqnallar yandırdı. Fermerlər artıq məhkəmələrə iddialar qaldırır, işsizlər küçələrə çıxır.
Boykotlar artıq korporasiyalara, o cümlədən Maskın şirkətlərinə milyardlarla dollar ziyan vurub.
Instagram və digər sosial şəbəkələr anti-MAGA təbliğatı ilə dolub.
Demokratlar susmur. Biz susmuruq. Biz çoxuq. Biz varıq!
İrma Zauber.
Bu gün, Demokratlar partiyasının, fundamental transformasiyaya ehtiyacı var: yeni nəsil siyasətçilər, yeni liderlər, yeni proqram, yeni ideyalar, ueni strategiya və taktika və uğura aparan yeni yol xəritəsi lazımdır . Ancaq bütün bunlar hələ ki, mövcud deyil və bu proses yalnız indi-indi başlayır.
Problem ondadır ki, bunlar dundamental məsələlərdir, hədəflərdir və onlara gəyata keçirmək üçün, nəinki Konqresə ara seçkilərə qədər(yəni 2 ildən az), heç prezident seçkilərinə qədər də vaxt yetməz, başqa sözlərlə vazt çox azdır və bu səbəbdən demokratlar artıq indidən sürətli addımlağa başlayıblar.
Siz soruşa bilərsiniz – bəs o zaman partiya 2026-cı ildə Nümayəndələr Palatası uğrunda(Senatı qazanmağa şans yoxdur) necə mübarizə aparacaq?
Burada köməyə sadəcə Amerika xalqının siyasi balans yaratmaq ənənəsi gələ bilər. Adətən, prezident seçkilərindən iki il sonra keçirilən Konqres seçkilərində seçicilər prezidentə müxalifətdə olan partiyaya səs verirlər. Bunun məqsədi – prezidentin fəaliyyətini nəzarətdə saxlaya biləcək Konqresi formalaşdırılmasıdır.
İndi isə gələk ümumi mənzərəyə.
Partiya “nəbz yoxlayır” – 2028-ci il üçün müxtəlif namizədlər sınaqdan keçirilir. Onlardan biri, hal-hazırda parlayan Sanders-Kortes duetidir. Bu, partiyanın mərkəzdən xeyli sol mövqedə olan qanadıdır və oliqarxiyaya qarşı mübarizə şüarları ilə çıxış edir. Ancaq unutmayaq ki, 2028-ci ildə Sanders 87 yaşında olacaq.
Bəs Bayden niyə yeni lider təqdim etmir?
Çünki belə bir lider hələ yoxdur. Fərqli namizədlər test ediləcək və yalnız 2027-ci ilə qədər prosesin hansı istiqamətə getdiyi aydın olacaq.
Respublikaçılara gəlincə.
Trampın birinci hakimiyyət dövründə partiyada Reyqançılar güclü mövqelərə sahib idi və o zaman partiyanın 2 ehtimal olunan gələcək ssenarisi var idi:
1. Partiya iki yerə bölünəcək – köhnə Respublikaçılar və MAGA.
2. Tramp partiyanı tamamilə ələ keçirəcək, monopoliyaya alacaq.
İkincisi ssenari baş verdi.
Reyqan qanadı (Pens, Heyli, Pompeo, Bolton, Çeyni) tamamilə zəiflədi, nüfuzdan düşdü və Trampın populizmi və şovinist patriotizmi fonunda yox oldu.
Bugünkü Respublikaçılar Partiyası tamamilə Trampın partiyasıdır – partiyanın bazası və ideologiyası MAGA-ya çevrilib.
Bəziləri soruşur – partiya gələcəkdə Reyqan ideallarına qayıda bilərmi?
Əlbəttə ki, yox.
Və bu, təkcə Tramp və onun gənc ardıcıllarının partiyanı və seçiciləri uzun illər öz təsiri altına alması ilə bağlı deyil. Dünya dəyişib. Soyuq müharibə dövrünün düşüncə tərzi və dəyərləri çoxdan itib.
Biz TikTok və Mask dövründə yaşayırıq, bütün partiyalar seçiciləri ilə birlikdə dəyişir – hər şey daha qeyri-müəyyən, daha səthi və daha texnologiyaya bağlı olub.
Bu yeni reallıqdır və demokratlar bu yenim reallıqların əsasında konsolidasiya və transformasiya etmək zorundadırlar.
Kamran Cəfərov
visiontv.az