İranın cənub bölgələrinin problemi təkcə iqtisadi məsələ deyil, həm də dövlətlə vətəndaş arasındakı münasibətin xarakterini göstərən siyasi məsələdir. Əsas sual budur: Bu bölgələrdə yaşayan insanlar öz torpaqları, təbii sərvətləri və gələcəkləri barədə qərar vermək hüququna malik bərabərhüquqlu vətəndaşlardır, yoxsa onların vəzifəsi yalnız sərvətlərini mərkəzin ixtiyarına vermək və təhlükəsizliklə inkişafın yükünü daşımaqdır?
Son hərbi hücumlar bir daha göstərdi ki, Xuzistan, Buşehr, Hörmüzqan və Bəlucistan kimi vilayətlər uzun illərdir ölkənin enerji, iqtisadiyyat və təhlükəsizlik sisteminin əsas dayaqlarından biri olsalar da, onların sakinləri yoxsulluq, işsizlik, su qıtlığı, zəif infrastruktur, ayrı-seçkilik və siyasi təzyiqlərlə üz-üzə qalırlar.
Müharibə bu tarixi bərabərsizliyi daha da görünən etdi. Neft və qaz yataqları, limanlar, dəniz yolları və hərbi bazalar İran hakimiyyəti üçün strateji əhəmiyyət daşıyır. Lakin bu strateji ərazilərdə yaşayan insanlar çox vaxt təmiz içməli su, dayanıqlı elektrik, müasir xəstəxana və layiqli iş imkanlarından məhrum qalırlar.
Hakimiyyət cənubu daha çox sərvət və sərhəd bölgəsi kimi qiymətləndirir. Bu bölgələrin insanları isə əksər hallarda yalnız neft obyektlərini, limanları və ya Hörmüz boğazını qorumaq lazım gələndə yada düşür. Su, məşğulluq, təhsil, siyasi iştirak və bərabər həyat tələbləri isə çox vaxt diqqətdən kənarda qalır və ya təhlükəsizlik məsələsi kimi qiymətləndirilir.
Sərvətli coğrafiya, yoxsul cəmiyyət
İran neft və qaz ehtiyatlarının böyük hissəsi Xuzistan, Buşehr və körfəz sahillərində yerləşir. Hörmüzqan limanları ölkənin xarici ticarətinin əsas qapılarından biridir, Hörmüz boğazı isə dünyanın ən mühüm enerji dəhlizlərindən hesab olunur. Buna baxmayaraq, bu bölgələrin sosial-iqtisadi göstəriciləri inkişafın qeyri-bərabər olduğunu göstərir.
Xuzistan illərdir su böhranı, hava çirkliliyi, bataqlıqların məhv edilməsi, köhnəlmiş kanalizasiya sistemi və işsizlik problemi ilə üzləşir. Neft obyektlərinin yanında yaşayan insanlar dəfələrlə içməli su tələbi ilə etiraz ediblər. Bir çox şəhərlərdə neftdən əldə edilən milyardlarla gəlir həmin şəhərlərin kasıb məhəllələrinin yanından keçir, lakin onların həyat şəraitini dəyişmir.
Sistan-Bəlucistanda isə iqtisadi məhrumiyyət etnik və dini ayrı-seçkiliklə birləşir. Yol infrastrukturu, səhiyyə xidməti, təhsil və məşğulluq imkanlarının zəif olması uzun illərin mərkəzləşdirilmiş və təhlükəsizlik yönümlü siyasətinin nəticəsi kimi qiymətləndirilir.
Hörmüzqan və Məkran sahillərində iri liman və sənaye layihələri həyata keçirilsə də, yerli əhali hələ də su çatışmazlığı, zəif mənzil şəraiti, qeyri-sabit məşğulluq və ətraf mühit problemləri ilə yaşayır.
Sərvətin çıxarılması, hakimiyyətin mərkəzləşdirilməsi
Mövcud idarəetmə modelində cənub bölgələri daha çox neft, qaz, liman və strateji coğrafiya mənbəyi kimi qiymətləndirilir. Büdcə və inkişaf proqramları əsasən Tehranda hazırlanır, mühüm vəzifələrə təyin olunan şəxslər isə çox vaxt yerli əhali qarşısında hesabatlı olmurlar.
Bu modeldə bölgə sakinləri öz sərvətlərinin idarə edilməsində real söz sahibi hesab edilmirlər. Onlar daha çox sərhəd əhalisi, əmək qüvvəsi və ya strateji obyektlərin ətrafında yaşayan insanlar kimi qiymətləndirilirlər.
Bu bərabərsizliyin müxtəlif tərəfləri var:
* İqtisadi baxımdan bölgədən əldə olunan gəlirin əhəmiyyətli hissəsi yenidən həmin bölgəyə yatırılmır.
* Siyasi baxımdan yerli etnik və dini qrupların qərarvermədə iştirakı məhdud qalır.
* Mədəni baxımdan isə dil, təhsil və ictimai təmsilçiliklə bağlı problemlər mövcuddur.
Müharibə və məhrumiyyətin dərinləşməsi
Hərbi hücumlar onsuz da zəif olan infrastrukturun üzərinə əlavə yük qoyur. Körpülərin, yolların, elektrik stansiyalarının və su şəbəkələrinin zədələnməsi bölgə əhalisinin gündəlik həyatına birbaşa təsir göstərir. Yerli insanlar üçün bu obyektlər sadəcə strateji hədəf deyil, həm də xəstəxanaya, məktəbə, bazara və iş yerinə gedən yoldur.
Bu vəziyyət hakimiyyətin təhlükəsizlik anlayışı ilə insanların təhlükəsizlik anlayışı arasında fərqi də üzə çıxarır. Hakimiyyət təhlükəsizliyi dövlətin və strateji obyektlərin qorunması kimi görür, insanlar isə təhlükəsizliyi su, iş, səhiyyə, mənzil və normal həyat şəraiti ilə əlaqələndirirlər.
Cənub əhalisi ikiqat təzyiq altındadır
Cənub bölgələrinin sakinləri iki istiqamətdən təzyiq hiss edirlər. Bir tərəfdən, dövlət siyasətinin nəticəsi olaraq onların təbii sərvətləri istismar edilir, ətraf mühit zərər görür və sosial tələbləri təhlükəsizlik problemi kimi qiymətləndirilir. Digər tərəfdən isə hərbi münaqişələr həmin bölgələri birbaşa hərbi hədəfə çevirərək insanların gündəlik həyatını daha da təhlükəyə atır.
Xarici hücumlara qarşı çıxmaq mütləq hakimiyyətə dəstək vermək anlamına gəlmir. İnsanlar yaşadıqları şəhərlərin, evlərinin və infrastrukturlarının dağıdılmasını istəmədən də mövcud siyasi sistemi tənqid edə bilərlər. Öz evini və ailəsini qorumaqla siyasi hakimiyyəti dəstəkləmək eyni anlayış deyil.
Ədalətsiz təhlükəsizlik davamlı ola bilməz
Cənub bölgələrinin vəziyyəti göstərir ki, sosial ədalət olmadan təhlükəsizlik də davamlı ola bilməz. Yeni limanlar, hərbi bazalar və neft obyektləri tikmək təmiz su, keyfiyyətli səhiyyə, təhsil, məşğulluq və siyasi iştirakın yerini vermir.
Həqiqi təhlükəsizlik o zaman yaranır ki, insanlar öz bölgələrinin sərvətlərinin ilk növbədə onların rifahına xidmət etdiyini hiss etsinlər, qərarvermədə iştirak etsinlər və hüquqları tanınsın.
Müharibə bu problemləri daha da görünən etsə də, onların kökü daha qədimdir. Cənub bölgələrinin təbii sərvətləri ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət daşısa da, bu sərvətin əhəmiyyətli hissəsinin mərkəzdə cəmləşməsi və yerli əhalinin inkişafdan faydalanmaması uzun illərdir davam edən mərkəzləşdirilmiş dövlət siyasətidi. Bu səbəbdən də bölgədə sosial və iqtisadi ədalət, resursların bölgüsü və yerli iştirakçılıq barədə dünya dövlətləri məlumatlandırılmalı və rejimin ayrıseçkilik siyasəti gündəmə gətirilməlidir.
Nəimə Dustdar, Jurnalist və sosial analitik
visiontv.az