Bir qrup insan “müəllimlərə şokalad vermə” trendinə qoşulan müəllimlərə xəbərdarlıq edilməsini “təklif” edir
14.12.2024

Bir qrup insan son günlərin trendinə çevrilmiş “müəllimlərə şokalad vermə”nin əleyhinə danışmağa başlayıb. Hətta bəziləri bu trendə qoşulan müəllimlərə xəbərdarlıq edilməsini “təklif” edir. İşin tragikomik tərəfi bu “təklifi” verənlərin bir çoxu yenə “müəllimdir”.

Maraqlıdır, bu şəxsləri narahat edən nədir?

Onlara kimsə şokalad verməyib deyə belə edirlər?

Yəqin ki, məsələ bu qədər bəsit deyil.

Olmamalıdır!

Bəziləri onsuz da başa düşməyəcək, amma bu trendi ölkənin gələcəyi olan gənclər, yeniyetmələr başladıb. Məqsəd rüşvət, korrupsiya ya da loru dildə desək ”şirinlik” kimi neqativ hallara sivil etiraz etməkdir.

Bu trend mənə məşhur türkiyəli aktyor, ölkəmizdə də sevilən Kamal Sunalın 1988-ci ildə çəkilən "Müəllim" (Öğretmen) filmini xatırlatdı. Filmdə şagirdlər müəllimlər günündə sevimli müəllimlərinə qələm, qalstuk kimi ənənəvi hədiyyə almaq yerinə bir aylıq bazarlıq etmək qərarına gəlir. Özü də bu hərəkəti müəllimlərinin keçim sıxıntısı çəkdiyini bildikləri üçün öz istəkləri ilə edirlər. Yəni demək istədiyim odur ki, filmlərdə gördüyümüz şeyləri gənclərimiz, şagirdlərimiz özləri öz təşəbbüsü ilə edib.

Bu gün kimsə çıxıb deyirsə ki, şagirdin, tələbənin müəllimə şokalad verməsi doğru deyil, demək ya özü də tələbədən, şagirddən rüşvət alır ya da bu vəziyyətdən məmnundur. Bu insanlar elə "Vətəndaş A" serialında sırf bu müəllim-şagird münasibətinə görə tənqid edirdi. Axı Solmaz müəllimə də haqdan, hüquqdan, yenilikdən danışırdı.

Həm şagird-tələbələrimiz, həm də həqiqi müəllimlərimizi bu örnək davranış, kreativ trend üçün təbrik edirəm!

Ardı gəlsin!

Turan Rzayev

visiontv.az