Baş verən faciə İranda ciddi hakimiyyət böhranına səbəb olmayacaq
Baş verən faciə İranda ciddi hakimiyyət böhranına səbəb olmayacaq
20.05.2024 Elbəyi Həsənli Tərəfindən

İran Prezidenti İbrahim Rəisinin ölümü Iranda hakimiyyət uğrunda mübarizəni yeni mərhələyə keçirdi. İbrahim Rəisi sadəcə prezident deyildi.

Onun yaxın gələcəkdə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyini əvəz edəcəyi gözlənilirdi. Düzdür, bu ehtimalı rədd edənlər də vardır. Onların iddiasına görə, İrana rəhbər olacaq şəxsin “müctehid” titulunu daşıması əsas şərtdir. İbrahim Rəisi isə bu titula sahib deyildi. Onun dini savadı da bəlli kriteriyalara uyğun gəlmirdi.

İndi isə 85 yaşlı Əli Xameneyini əvəz edə biləcək şəxslər sırasında onun 54 yaşlı oğlu Müctəba Xameneyi önə çıxıb.

İran konstitusiyasına görə, İranın 68 yaşlı birinci vitse-prezidenti Mohammad Mokhber İran prezidentinin səlahiyyətlərini yerinə yetirəcək. "CNN" deyir ki, Mohammad Mokhber İranda xalq tərəfindən tanınmayan bir adamdır. Ancaq o da Ayətullah Seyid Əli Xameneyiyə yaxın birisi sayılır. İran prezidenti isə 50 gün ərzində xalq tərəfindən seçilməlidir...

Avropa İttifaqı 2010-cu ildə Mohammad Mokhberə sanksiya tətbiq edib. 2 il sonra bu sanksiya ortadan qaldırılıb. 2013-ci ildən isə o, ABŞ-ın sanksiyası ilə üzləşib.

Mohammad Mokhberə 2021-ci ildən birinci vitse-prezident olub. Rusiya ilə münasibətləri yüksək səviyyədədir. Rusiya-Ukrayna müharibəsi zamanı İranın Rusiyaya silah satışına o, rəhbərlik edib...

Mahiyyətdə İranda ali hakimiyyət Ayətullah Seyid Əli Xameneyinin əlində cəmləşib. Ona görə də baş verən faciə İranda ciddi hakimiyyət böhranına səbəb olmayacaq. Ancaq bir qrup təcrübəli siyasətçinin siyasi arenadan qəfil ayrılması müəyyən problemlər yaradacaq...

Helikopter qəzasında xarici iz axtaranlar da var. Ancaq olay sərhəddən çox-çox uzaqlarda, İranın dərinliklərində baş verib. Bu amil bu ehtimalı heçə endirir. Qəzaya uğrayan helikopter isə Rusiya yox, məhz Amerika (Bell 212) istehsalıdır...

Qəzada dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm.

Elbəyi Həsənli

visiontv.az