Bakı-Quba yolundakı qəzada ölənlərin sayı 3-ə çatıb
17.02.2023

Siyəzəndə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 8 nəfər TƏBİB-in tabeliyindəki Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Bu barədə Visiontv.az-a qurumdan bildirilib.

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hadisə nəticəsində aqonal vəziyyətdə tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilən 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində müxtəlif növ bədən xəsarətləri alan 2 nəfərin (vəziyyətləri ağır qiymətləndirilir) müalicəsi Reanimasiya şöbəsində, 5 nəfərin (vəziyyətləri orta ağır qiymətləndirilir) müalicəsi isə Təcili tibbi yardım bölməsində davam etdirilir.

***

09:31

Bakı-Quba yolunun 99-cu km-də Siyəzən rayonu ərazisində baş verən yol qəzasında ölənlərin sayı artıb.

Həkimlərin səyinə baxmayaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən şəxslərdən biri də dünyasını dəyişib.

Qəzaya düşən şəxslərin Siyəzənə dərs deməyə gələn müəllimlərin olduğu bildirilir.

***

09:19

Bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu km-də Siyəzən rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, "Mercedes Vito" markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqamətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Mercedes”də olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

***

08:56

Siyəzən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Beşdam kəndi ərazisində qeydə alınıb.

"Mersedes Vito" markalı avtomobillə "Opel" markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində iki nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

APA