Azərbaycanlıların zəlzələ bölgəsindən təxliyəsinə başlanıldı
07.02.2023

Bu gün Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyə prosesinə başlanılıb.

Visiontv.az Modern.az - a istinadən xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.

Səfir deyib ki, artıq dünən Azərbaycan hökuməti tərəfindən zəlzələ bölgələrində yaşayan azərbaycanlıların təxliyəsi ilə bağlı qərar qəbul edilib və bu gün saat 15:00-dan başlayaraq Türkiyənin Kahramanmaraş, Malatya, Qaziantep və Adana vilayətlərinin avtovağzallarından təxliyə avtobusları yola düşür.

“Biz operativ qərargahlara daxil olan zəngləri araşdırırıq və bunun əsasında təxliyə ediləcək insanları avtobuslara yerləşdiririk”, - səfir əlavə edib.

Rəşad Məmmədov qeyd edib ki, təxliyə ediləcək Azərbaycan vətəndaşları Gürcüstan üzərindən Vətənə yola salınacaq: “Artıq bir neçə avtobus dolub və yola düşür”.

Səfir təxliyə ediləcək Azərbaycan vətəndaşlarının sayını açıqlamayıb. O, qeyd edib ki, təxliyə olunanların sayını axşam elan edəcəklər.