“Türkiyə Texnologiya Komandası”nın (T3 Fondu) təşkilatçılığı, “Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi”nin (TİKA) dəstəyi, “YAŞAT” Fondunun, həmçinin “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə tərəfdaşlığı ilə azərbaycanlı şəhid övladları üçün Türkiyənin İstanbul şəhərində qış düşərgəsi təşkil olunacaq. 26-30 yanvar tarixini əhatə edəcək düşərgəyə 2022-ci ilin may ayında təşkil olunmuş “Teknofest Azərbaycan”ın iştirakçısı olan şəhid övladları qoşulacaqlar.
Bununla əlaqədar Heydər Əliyev Beynəlxalq Aereportunda düşərgə iştirakçılarının yolasalınma mərasimi təşkil olunub.
Layihə Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə təməli qoyulan Türkiyə Cümhuriyyətinin 100 illiyi, eyni zamada “Heydər Əliyev İli” çərçivəsində reallaşdırılır. Mustafa Kamal Atatürkün “Azərbaycanın dərdi bizim dərdimiz, sevinci sevincimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” çağırışları bu tədbirin də əsas mahiyyətini təşkil edəcək.
Düşərgə müddətində iştirakçılar Bəyoğlu Bələdiyyəsi Kefken kampında qalaraq sosial və idman fəaliyyətlərinə cəlb olunacaq, İstanbulun tarixi, mədəni yerləri ilə tanış olacaq, T3 Fondu, Bilişim Vadisi, Bilim Üsküdar Mərkəzi, Baykar şirkəti kimi məkanları ziyarət edəcəklər. Qeyd olunan mərkəzlərdə rəsmi nümayəndələr ilə görüşlər də nəzərdə tutulub.
Visiontv.az