Azərbaycanla İsveçrə təhsil sisteminin fərqi
Azərbaycanla İsveçrə təhsil sisteminin fərqi
23.09.2024 Elbəyi Həsənli Tərəfindən

Xətai rayonunda yerləşən 3 nömrəli Uşaq evinin 13 yaşlı sakini Ramalın efirdə dedikləri ittiham aktıdır. Yetimin haqqını yeyilən, özü də kütləvi şəkildə yeyilən bir məmləkəti Allah sevərmi?

Mənim xanımım (İsveçrə) əlavə iş kimi alman dilindən Türkiyə və Azərbaycan türkcəsinə şifahi nitqi tərcümə edir. O gün deyir ki, bir xəstə uşaq anası ilə birlikdə məktəbə gəlmişdi. O xəstə uşağa görə 8 mütəxəssis, əsasən də müəllimlər həmin görüşə qatılmışdı. Türkiyədən gələn qadın kürdür, uşaq autizm xəstəliyindən əziyyət çəkir. Atası anasından ayrılıb. Qadının almancası zəifdir. Ona görə də tərcüməçiyə ehtiyacı var.

Təsəvvür edirsizmi, autizmdən əziyyət çəkən bir uşağa görə 8 mütəxəssis bir araya gəlib. Ana ilə müzakirə aparırlar ki, necə etsələr uşaq üçün daha yaxşı olar...

İsveçrədə bütün xəstə uşaqlar dövlətin qayğısı ilə əhatə olunub. Özü də ən yüksək səviyyədə. Düşünün ki, bu uşağı 21 yaşına kimi oxudacaqlar. Sonra ona münasib bir iş də tapacaqlar. Həmin gəncin vaxtında işə gedib-gəlməsini təmin edəcəklər. O gəncin yerinə özləri maaşı alıb gəncin bütün xərclərin ödəyəcəklər. Və bütün bu proses ləyaqətli adamlar tərəfindən həyata keçiriləcək.

Azərbaycanda isə sağlam uşaqlara zülm edirlər. Onlara çatmalı olan ərzağı satırlar. 

Bir dəfə bir qardaş deyirdi ki, bəy, bir inək aldım, aparıb filan rayondakı uşaq evinə bağışladım. Dedim ki, inəyin südün sağın, uşaqlara verin...2-3 aydan sonra dedim gedim görüb uşaq evində vəziyyət necədir. Yenə kömək etmək istəyirdim. Məlum oldu ki, direktor məni yola salandan 3-4 gün sonra inəyi satıb. Direktorla qırğına çıxdım. Gördüm ki, belə bir mühitdə uşaqlara kömək etmək qətiyyən mümkün deyil...

Bir isveçrəli tanışım var. İsveçrənin təhsil sistemindən son dərəcə narazıdır. Deyirəm ki, statistikaya görə, İsveçrə dünyada təhsilə ən çox pul ayıran ölkələrdən biridir. Adam deyir ki, elədir, ancaq bu, çox azdır. Təhsilə daha çox kapital qoymaq lazımdır...

Təhsilə qoyduğun 5 manat gələcəkdə ölkəyə 500 manat xeyir gətirir. Ona görə də ağıllı xalqlar təhsilə xüsusi diqqət ayırır. 

Elbəyi Həsənli

visiontv.az