Azərbaycan indiyə qədər yalnız Özbəksitanla ikitərəfli əlaqələrin ən yüksək səviyyəsi sayılan Müqavilə imzalayıb
Azərbaycan indiyə qədər yalnız Özbəksitanla ikitərəfli əlaqələrin ən yüksək səviyyəsi sayılan Müqavilə imzalayıb
26.08.2024 Sahib Alıyev Tərəfindən

Biz artıq indidən deyə bilərik ki, Azərbaycan Prezienti cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri təkcə iki doğma ölkənin deyil, həm də Cənubi Qafqaz- Xəzər- Mərkəzi Asiya regionun gələcəyinə təsirsiz ötüşməyəcək. Mən bu sözləri deyərkən ilk növbədə Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni nəzərdə tuturam.

Azərbaycan indiyə qədər heç bir dövlətlə ikitərəfli əlaqələrin ən yüksək səviyyəsi sayılan belə bir Müqavilə imzalamayıb. Xatırladım ki, bizim Türkiyə və Rusiya ilə imzaladığımız müttəfiqilik sənədələri Bəyannamədirlər, Müqavilə deyillər. Özbəkistan isə Azərbaycandan öncə 2022-ci ilin dekabrında ancaq Qazaxıstanla müttəfiqlik Müqaviləsi imzalayıb.

Burada qeyd etməliyəm ki, məhz sözü gedən həmən Müqavilədən sonra dünya güclərinin Mərkəzi Asiyaya diqqətləri daha da artdı. Çünki o regionun geosiyasi çəkisini və cəlbedicilik dərəcəsini ilk növbədə Özbəkistanla Qazaxıstan, onların müstəqillik potensialları və bir-birinə yanaşmaları müəyyənləşdirir.

Amma cənab İlham Əliyevin də vurğuladığı kimi artıq Cənubi Qafqaz və Xəzər regionu da Mərkəzi Asiyayla qaynayıb-qarışmaqda, birgə vahid geosiyasi orqanizmə çevrilməkdədir ki, Azərbacanla Özbəkistan arasında imzalanan müttəfiqlik Müqaviləsi həm də bu prosesi tezləşdirəcək və dərinləşdirəcək: “Biz bu gün Daşkənddə həqiqətən də münasibətlərimizin yeni fəslini deyil, kitabını yazırıq. Zənnimcə, əminəm ki, üzərimizdə dolaşan və bununla bağlı bizə xeyir-dua verən əcdadlarımızın ruhları şad olacaq. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək”.

Azərbaycanın ilk növbədə Özbəkistanla belə bir müqavilənin imzalaması fikrimcə, xalqlarımızın bir-birinə yanaşmalarındakı hər çür eqoizmidən uzaq doğmalıqdan və təbii ki, dövlət başçılarımızın oxşar baxış, aura, energetika, dünyagörüşü daşıyıcıları olmalarından qaynaqlanır. Və müttəfiqlik anlaşması hər iki tərəfə əlaqələri daha da dərinləşdirməklə yanaşı, bir çox təhlükələrdən, o sıradan da subyektliklərini təhdid edənlərdən sığortalanmaq baxımından da lazımdır.

Belə görünür ki, gələcəkdə həm Azərbaycan digər türk ölkələri ilə, həm də onlar bir-biriləri ilə bu cür müqavilələr imzalayacaqlar. Və ümid edirəm ki, bu, yaxın perspektivdə olmasa da, orta perspektivdə türk dünyasının vahid güc mərkəzinə çevrilməsi ilə nəticələnəcək.

Sahib Alıyev

visiontv.az