Türkiyənin Antaya şəhərində keçirilən Antalya Diplomatiya Forumu beynəlxalq gündəmə öz möhrünü vurdu.
Forum çərçivəsində Yaxın Şərqdən Asiya və Sakit okean hövzəsinə, Afrikadan Latın Amerikasına qədər geniş coğrafiyada qlobal çağırış və təhdidlərlə yanaşı, iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt kimi dünya gündəmində mühüm yer tutan məsələlər ətrafında müzakirələr onu göstərir ki:
- Antalya Diplomatiya Forumu diplomatiya ilə geostrateji maraqları beynəlxalq çağırışlarla uyğunlaşdıran vasitədir,
- Forum müxtəlif regionların iqtisadi, strateji və siyasi vəziyyətini müzakirə edib müştərək maraqları təkmilləşdirmək, yeni əməkdaşlıq formatları yaratmaq üçün effektiv platformadır.
Antalya Diplomatiya Forumunda sülh və təhlükəsizlik məqsədlərinin ifadəsi, gələcək müharibələrin oyektivindən yan keçmək formullarının axtarışları liderlərin gündəmində idi.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin də Forumda iştirakı, keçirdiyi görüşlər, apardığı müzakirələr beynəlxalq gündəliyi məşğul edən problemlərin həllinə yönəlmiş səylərin bir hissəsini əhatə edir.
Azərbaycan lideri İlham Əliyev, dövlətimizin strateji müttəfiqi
Türkiyənin rəhbəri Rəcəb Tayyib Ərdoğan dünyada tüğyan edən ərazi münaqişələri, geosiyasi mübarizələrin fövqəladə dərəcədə təhlükəli nəticələrə gətirib çıxaracağı risklərini daim təhlil edir.
Bu təhlillər, strateji analizlər təkcə birbaşa konflikt və ya strateji mübarizə aparan tərəflərin ölçülərini, hərəkətlərini müəyyən etmir. Həm də mübarizədə başqa dövlətləri proksi qüvvələr kimi bəsləyən qlobal güclərin sövdələşmə imkanlarına nəzər yetirir.
Azərbaycan və Türkiyənin hesablamaları
Cari situasiyada Rusiya-Ukrayna müharibəsi, ABŞ ilə Çin arasında artan ticarət müharibələri, Yaxın Şərq regionundakı turbulentlik, ABŞ-Rusiya, ABŞ-Çin, Çin-Rusiya mümkün sövdələşmələri istənilən arzuolunmaz ssenarilərə hazırlıq yanaşmalarını tələb edir.
Azərbaycan və Türkiyə strateji ittifaqı onlara qarşı qeyd-şərtlə davranılmasını qəbul etmir, əksinə müştərək maraqlarından dolayı özləri şərtlər irəli sürüb onları qəbullandırırlar.
İlham Əliyev qətiyyət və prinsipiallıq nümunəsi kimi tarixə öz imzasını qoyub və getdikcə Azərbaycan regional oyunçu statusunu rəsmiləşdirir. Güclü oyunçuları xarakterizə edən məqamlar aşağıdakılardır:
1. Müttəfiqlər. Azərbaycan bu mənada Türkiyə ilə strateji müttəfiq, İsrail ilə strateji tərəfdaş, Rusiya və Çin ilə müttəfiqlik əlaqələri quran, NATO ilə dərinləşmiş münasibətlər sistemini təkmilləşdirən dövlətdir.
2. Hərbi qüdrət. Azərbaycanın sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü və suverenliyi üçün bütün təhdidlərə qarşı dirəniş göstərməsində onun müdafiə qabiliyyəti, ordu gücü, müdafiə sənayesi güclü rol oynayır.
3. İqtisadi hab. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşən mühüm tranzit ölkədir. Üstəlik, qlobal məkanın enerji siyasətində, o cümlədən Avropanın enerji təhlükəsizliyində çəkisini ağırlaşdıran aktordur. Azərbaycana bu sahədə ehtiyacın gündən-günə artması Zəngəzur dəhlizi kimi strateji layihənin fonunda yeni məzmun qazanır.
Göründüyü kimi, Azərbaycan Antalya Diplomatiya Forumuna böyük strateji vizyonla qatılan dövlət kimi qlobal məkanın, o cümlədən Yaxın Şərqin təhlükəsizlik arxitekturasının möhkəmlənməsinə töhfə verdiyini nümayiş etdirir.
Həmçinin Azərbaycan Ermənistanla sülh gündəmi, bunun vacibliyi və İrəvanın qeyri-müəyyən mövqelərini xatırlatmaq üçün platformanı Antalya Diplomatiya Forumunun çərçivəsində də inşa edir.
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü bu xüsusda əhəmiyyətlidir. Liderlərin gündəliyində şübhəsiz ki, Azərbaycan-Ermənistan münasibətləri, onun nəticələrindən ərsəyə gələcək regional düzən müzakirə predmeti kimi danışıqlarda yer alıb.
İrəvan niyə tələsir?
Ermənistanın beynəlxalq və regional situasiyadakı taleyi ilə əlaqədar qeyri-müəyyənliklər artdıqca, o, regiondan kənar güclərin proksi müharibə meydanına çevrildikcə, İlham Əlyevlə Rəcəb Tayyib Ərdoğanın müzakirə istiqamətləri daha aydın şəkildə görünür.
Forumda belə müzakirələrin nə qədər labüd olması Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın “operativ sülh” ritorikasına müraciət etməsi fonunda da şərh oluna bilər.
Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə keçirilən “Cənubi Qafqazda regional əməkdaşlıq: gərginliklər və imkanlar” adlı paneldə sülh gündəmində ölkəsinin dırnaqarası sadiqliyini vurğulayıb.
Ararat Mirzoyan bildirib ki:
- Ermənistan Azərbaycanla sülh müqaviləsini, dərhal imzalamağa hazırdır,
- Ermənistan Azərbaycan tərəfinin bütün sənədləri qəbul etməyə və hətta 10 dəqiqə ərzində razılaşmaya imza atmağa hazırdır.
Ararat Mirzoyanın paneldə “sülhə çevik hazırlıq”dan danışması:
- Ermənistanın mövcud sülh proqramında razılaşdırılan məqamların tez bir şəkildə sülh sazişi çərçivəsinə alınmasındakı şübhəli maraqlarını göstərir,
- İrəvanın razılaşdırılan məqamlara beynəlxalq dəstək qazanması üçün prioritetlərini ortaya qoyur.
Ararat Mirzoyana cavab verən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun dedikləri isə Ermənistanın yekun və hərtərəfli sülhə uyğun davranmadığını sübut edir.
Mövcud sülh proqramı Azərbaycanla Ermənistan arasında mühüm irəliləyiş olsa da, Azərbaycan hələ də ehtiyatlı davranır və sənədin imzalanmasına tələsmir. Bunun səbəblərini belə təsnifatlandırmaq olar:
1. Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alır. Ermənistan mövcud şərtlərlə sülh sazişini imzalamağa çalışmaqla, gələcəkdə Bakının İrəvana qarşı Konstitusiya dəyişikliyi ilə bağlı tələb səsləndirməməsi üçün hüquqi öhdəlik yaratmaq istəyir.
2. ATƏT-in Minsk Qrupunun fəaliyyətinin ləğvi ilə bağlı Ermənistanda tam aydın mövqe yoxdur. İrəvan ATƏT-in Minsk Qrupunun ləğvini istəsə belə, alternativ olaraq Avropa İttifaqının Ermənistandakı Missiyasının Azərbaycanla münasibətlərdə “tənzimləyici” xüsusiyyətlərinə dəstək verir. Azərbaycan bu mövzuya xüsusi həssaslıqla yanaşır. Çünki Ermənistanın sərhədlərinə kəşfiyyat şəbəkəsi yerləşdirməsi Bakının maraqlarına uyğun gəlmir.
3. Ermənistan hazırkı razılaşdırılmış sülh sazişi layihəsi mətnini Qərbi Azərbaycanlıların qayıdışına maneə kimi interpretasiya edə bilər. Görünür ki, sülh mətnində konseptual olaraq qayıdış məsələləri əksini tapsa da, Ermənistan ümumi yanaşmalara detallar əlavə etməməyə cəhd göstərir.
4. Ermənistan Azərbaycanın əsas hissələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək quru yolunun dəhliz statusu ilə açılmasına qarşıdır. İrəvan tələsik sülhə nail olmaqla Azərbaycanın gələcəkdəki şərtləri önünə hasar çəkməyi planlaşdıra bilər.
5. Ermənistanın silah idxalı kanallarında Azərbaycana qarşı mövqe tutmuş dövlətlərlə münasibətləri Bakıda haqlı suallar yaradır. Bu suallar Azərbaycanın Ermənistanın boynuna hərbisizləşdirməklə bağlı tələblər və şərtlər qoymasına əsaslar yaradır.
Hesablamaq olur ki, Ermənistanın belə bir məcrada sülh sazişini operativ imzalamaq həvəsində olması Azərbaycanın şübhə və ehtiyatlılığını gücləndirir. Çünki Ermənistanın yanaşmaları İrəvanda gələcək üçün revanş mexanizminə barmaq yeri qoymağa hesablanmış səylərin tərkib hissəsidir. Ona görə də, Azərbaycan büdcə ayırmalarında, strateji planlaşdırmalarında müdafiə və təhlükəsizlik bəndinə xüsusi önəm verməkdə haqlıdır.
Azərbaycan Yaxın Şərqdə
Azərbaycan geosiyasi və geoiqtisadi maraqlarını təkcə, Avropa, ABŞ, Çin, Türk Dövlətləri Təşkilatı ilə məhdudlaşdırmır. Rəsmi Bakının geosiyasi genişlənmə portfelində Yaxın Şərq coğrafiyası ilə əlaqələr də əhəmiyyətli yer tutur. Azərbaycanın Yaxın Şərqdə strateji maraq dairəsi Türkiyə ilə koordinasiya çərçivəsinə söykənir.
İlham Əliyevin aprelin 11-də Antalyada Suriya keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü həmin kontekst daxilində təhlil edilə bilər. İlham Əliyevlə Əhməd Əş Şaraa ilk dəfədir ki, üzbəüz görüşüb müzakirə aparırlar.
Azərbaycanın Suriya ilə əlaqələrə önəm verməsi onun Cənubi Qafqazdakı barışıq və təhlükəsizlik səylərini Yaxın Şərq konteksti ilə əlaqələndirməsi təşəbbüsüdür. Çünki Suriya Bəşər Əsəd rejimi dövründə Ermənistana dəstək göstərirdi.
Suriya Ermənistanı dəstəkləməklə Azərbaycana qarşı cəbhələrdə fəaliyyət göstərən dövlətə çevrilmişdi. Suriyanın bu mövqeyi Azərbaycana qarşı asimmetrik müharibə, informasiya müharibəsi və Ermənistana silah, hərbi texnika ötürülməsi əməliyyatları ilə müşayiət olunurdu. Bəşər Əsəd rejiminin devrilməsi ilə Ermənistan assimetrik müharibə üçün ona Yaxın Şərqdən göstərilən dəstəkdən məhrum olub. Bu isə Azərbaycanın davam edən strateji böyüməsi çağırışlarına cavab verən vəziyyətdir.
Antalya Diplomatiya Forumunda görüşən Azərbaycan və Suriya prezidentlərinin təhlükəsizlik və sülh üçün təşəbbüsləri şübhəsiz ki, tək bir paket deyil. Bu, regional uzlaşma prosesinin bir hissəsi, təhlükəsizliyin vahidliyi üçün hərəkətverici qüvvəsi, gələcək manevrlər üçün uyğunlaşdırma təşəbbüslərinin istiqamətləridir.
Aqşin Kərimov, Sosial Tədqiqatlar Mərkəzi
visiontv.az