ABŞ səfiri Şuşaya getdi: Mesaj kimədi?
07.05.2024

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi və xanımı Şuşaya səfər edib. Fərqli yozumlar var. Çünki səfir səfərdən bir gün əvvəl Azərbaycan ictimaiyyətini narazı salan fikir bildirmişdi. Və özünün istədiyi vaxt Şuşaya gedəcəyini demişdi. Amma aradam heç bir gün keçməmiş ABŞ səfiri xanımı ilə Füzuli və Şuşaya səfər etdi.

Real partiyasını təmsil edən Nadiq Cəfərli deyir ki, ABŞ səfirinin Şuşaya səfərini bəzi media qurumları “sındırdıq, göndərdik”, və yaxud  “sındırdılar, göndərdilər”, kimi təqdim etdilər. Sİtat: “Amma dünyanı “real siyasət” idarə edir, qərarı da səfir verməyib, Vaşinqtondan verilən qərarı səfir icra edib, Vaşinqton səfirin birmənalı qarşılanmayan müsahibəsindən həmən sonra niyə belə qərar verib?! Çünki ABŞ Azərbaycan hakimiyyəti ilə yaxşı münasibətlərdə maraqlıdı, bizim hakimiyyətin “simvolizmə” önəm verdiyini bilir. Bundan başqa, erməni mətbuatı və bəzi siyasətçiləri səfirin Şuşa məsələsi ilə bağlı publik açıqlamasını, az qala böyük qələbə kimi təqdim edib revanşist hissləri alovlandırmaq istəyirdilər, bu isə kilsə vasitəsi ilə Ermənistanı qarışdırmaq istəyən Moskvanın əlinə oynayırdı. Vaşinqton bunu gördü, o mənasız “alovun” üzərinə həmən “su” tökdü. Yəni səfirin Şuşaya səfərini həm də belə oxumaq lazımdır”. Sitatın sonu.

Millət vəkili Sahib Alıyev isə deyir ki, ABŞ-nin Azərbaycandakı səfirinin O`Brayncasına açıqlamasından çox az sonra yenə O`Brayncasına davranış sərgiləməsi, yəni ona dediklərinin əksinə addım atdırılması, Şuşaya göndərilməsi reallığın dəqiq qiymətləndirilməsidir. Sitat: “ Reallığın dəqiq qiymətləndirilməsi öz yerində, amma ABŞ-nin bu reallıqla barışdığını açıq sərgiləməsi də lazımdır. Məncə, proseslər ona doğru irəliləyir və bu, nə qədər tez baş versə, hər iki tərəfin bir o qədər xeyrinə olmaqla yanaşı, Azərbaycanla Ermənistan arasında qarşıdurmanın aradan qalxmasına da təsirsiz ötüşməyəcək. Təbii ki, burada söhbət indiyədək gördüklərimizdən fərqli-müsbət təsirdən gedir”. Sitatın sonu.

Jurnalist Taleh Şahsuvarlı isə bildrib ki, bu səfərdə iki məsələyə diqqət etmək lazım. Sİtat:
1. Səfirlər təyin olunarkən göndərilən dövlətin razılığı alınır. Dövlətlər diplomatik kanallarla göndərilməsi nəzərdə tutulan səfirlərə razılığını və ya narazılığını bildirirlər. Əgər bir səfir gəlibsə, deməli, dövlət onun gəlişinə razılıq ifadə edib. 
2. İstənilən dövlət heç bir əsas göstərmədən və izahat vermədən istənilən səfiri persona non qrata elan edə, təpəsi üstdə geri göndərə bilər. ABŞ -ın Azərbaycandakı səfiri verdiyi son açıqlama ilə yumşaq desək başından böyük qələtlər eləmişdi. Özünə hörmət edən dövlət bu cür açıqlamalar qarşsında həmin səfiri persona non qrata elan etmək üçün hərəkətə keçməli idi. Ancaq bu halda ABŞ-Azərbaycan münasibətləri relsdən çıxmalı idi ki, bu, heç bir tərəfin maraqlarına xidmət etmir. Odur ki, Azərbaycanın qətiyyətli mövqeyi qarşısında Vaşinqton səfirə başa saldı ki, bir də bədənim girmədiyi kola başını soxma, get Şuşada poz ver, ortam yumşalsın. ABŞ səfiri onu düz deyir ki, Şuşada xoşbəxt idi, çünki ona həm Bakı, həm də Vaşinqton səhvini düzəltmək fürsəti tanınmışfı”. Sitatın sonu. 

visiontv.az