ABŞ-də demokratlar qalib gəlsə Azərbaycan və Ermənistan üçün nə dəyişəcək?
ABŞ-də demokratlar qalib gəlsə Azərbaycan və Ermənistan üçün nə dəyişəcək?
05.11.2026 Şöhrət El-Dəniz Tərəfindən

Sevinənləri bir az məyus edim.

Demokratlar qalib gəldi deyə İrəvanda ermənilər, lobbi və sol-liberal düşüncəli insanlar Feysbukda az qala şampan partladırlar)) Fikirləşirlər ki, Tramp getdi, Baydenin Ermənistanı sevən, Azərbaycanı sıxan dövrü geri qayıdır.

Ermənilər və liberal düşərgənin məntiqi budur ki, demokratlar qalib gəldisə yenidən 907-ci düzəliş, USAID, ATƏT, insan hüquqları bəhanəsi ilə Azərbaycana təzyiqlər artacaq.

Palata və Senatı ələ keçirib Trampı impiçment edəcəklər, iflic vəziyyətinə salacaqlar və yenə Qarabağ məsələsini qaldıracaqlar. İrəvanda bəzi teleqram kanalları hətta yazır ki, indi TRIPP-i də ermənipərəst edəcəyik. Amma bu gün dünyada baş verənləri az da olsa anlayan bilir ki, bu uşaq xəyalıdır. Çünki bu gün qalib gələn Baydenin yox, Mamdaninin demokratlarıdır.

2026-cı ilin demokratları 2020-ci ilin demokratları deyil. Partiya sola yox, lap sola sürüşüb. Nyu-Yorkda Zöhran Mamdani kimi sosialistlər qalib gəlir. Onların prioriteti Ermənistan deyil, Qəzza, miqrantlar, kirayə evlərin qiymətidir.

Baydenin dövründə erməni lobbisi ANCA Kapitoliyə girib pul verib səs alırdı. İndi demokratların yeni bazası deyir ki, bizim üçün əsas prioritet Fələstindir.

Digər tərəfdən ABŞ-da xarici siyasəti Palata yox, Ağ Ev aparır. Trampın hələ 2 ili var. O, Konqresə baxmadan saziş imzalaya bilir. Məsələn 8 avqustda Azərbaycan-Ermənistan sənədini imzaladığı kimi. Palata demokratlara keçsə Trampa qarşı daxili istintaq açacaq, vergilər, 6 yanvar, ailə biznesini təftiş edə biləcəklər. Xaricdə Azərbaycanı sıxmaq üçün onların nə vaxtı olacaq, nə də marağı. TRIPP layihsəni gəldikdə isə demokratlar onu ləğv etsə, Trampın adını tarixdən silmək istəyir kimi görünəcək, amma layihə artıq ratifikasiya olunub və pulu ayrılıb. Demokratlar Trampın yolunu bağlasa, seçicisinə deyə bilməyəcək ki, niyə Azərbaycanın qazını Avropaya buraxmadın. Azərbaycan da artıq köhnə Azərbaycan deyil.

Bayden dövründə Azərbaycan Qarabağı almaq istəyən ölkə idi, ona təzyiq etmək asan idi. İndi Azərbaycan Qarabağı almış, ordusunu qurmuş, Türkiyə və İsrail ilə hərbi müttəfiq, Avropanın 10 faiz qazını verən, Orta Dəhlizin sahibi olan ölkədir. Vaşinqtonda istər demokrat, istər respublikaçı olsun, hamı bilir ki, Azərbaycanı itirsən, Rusiya və İran qazanır. Bunu Bayden də bilirdi, ona görə müharbə vaxtı Bakıya qarşı sanksiyaya getmədi. İndi düşünürsünüz ki, demokrat Palataya gəlib deyəcək ki, gəlin Azərbaycana sanksiya tərbiq edək qoy Rusiya və İaan Cənubi Qafqazı alsın? Bu, ABŞ milli maraqlarına ziddir. Demokrat da olsa, senator da olsa, hamısı Pentaqonun briefini oxuyur.

İndi nə olacaq sualına qısa cavab verim. Olacaq olan budur ki, Tramp 2 il xaricdə daha da aqressiv olacaq. Çünki daxildə əli bağlanır. Daxildə impiçment təhlükəsi olanda prezidentlər xaricdə müharibə və sülh sazişləri ilə tarixə düşməyə çalışır.

Ona görə Tramp, İran müharibəsini qalib kimi, Azərbaycan-Ermənistan sülhünü isə 2027-ci ildə bitirməyə tələsəcək. Bu, onun Nobel arzusudur. Yəni

demokratların Palatanı alması Trampı zəiflətmir, əksinə, onu Cənubi Qafqazda daha tez hərəkət etməyə məcbur edir. Çünki ona uğur lazımdır.

İrəvanda sevinənlər isə başa düşmür ki, Bayden dövründə sizə pulsuz dəstək var idi, indi sizdən pul istəyəcəklər. Yeni demokratlar deyəcək ki, TRIPP istəyirsənsə, sərhədi aç, Türkiyə ilə barış, Rusiyanı qov. Bu isə Baydenin romantik ermənipərəstliyindən daha sərtdir. Anlamaq lazımdır ki, dünya artıq dəyərlər dünyası deyil, maraqlar dünyasıdır. Və bu dünyada Azərbaycanın marağı Ermənistanın lobbisindən baha satılır.

Şöhrət El-Dəniz

visiontv.az