250 ildən sonra, 27 sentyabr Vətən müharibəsi ilə yeni dövrə qədəm qoyduq
250 ildən sonra, 27 sentyabr Vətən müharibəsi ilə yeni dövrə qədəm qoyduq
27.09.2024 Şöhrət El-Dəniz Tərəfindən

Bu gün Vətən müharibəsinin başlamasından 4 il ötür. Bu günü biz həm də Anım günü kimi qeyd edirik. Səhər saatlarından gecəyə kimi hər bir Azərbaycan vətəndaşı bizə qələbə bəxş edən, ərazi bütövlüyümüzü bərpa edən şəhidləri yad etmək üçün fəxri xiyabanlara gedir, öz ehtiramını nümayiş etdirir. Təbii ki, bizim şəhidlər qarşısında borcumuz qələbəmizin möhtəşəmliyi kimi əbədidir və əzəlidir. Bu aksiomadır.

Amma bu qələbənin digər bir özəlliyi də var. Bu gün tək 30 illik erməni işğalının sonu deyil, həm də Azərbaycanın son 250 illik tarixində əldə etdiyi hərbi qələbənin yaratdığı məğlubiyyət sindromunun qırılma nöqtəsidir. Nadir Şah Əfşardan sonra xanlıqlara, Gülüstan və Türkmənçay müqavilələri ilə ikiyə bölünən Azərbaycanın dirilişi, torpaqlarının bərpası və millətin özü güvənini bərpa etməsi günüdür. 18-ci əsirdən 2020-ci ilin 27 sentyabr tarixinə qədərki dövrü Azərbaycan üçün məğlubiyyət və itki dövrü adlandırmaq olar. Amma Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev və Azərbaycan əsgəri cəmi 44 gün ərzində yüzilliklərin tarixi gedişini dəyişdirə bildi. 250 illik tarixi bir dövr ərzində  heç bir Azərbaycan sərkərdəsi və əsgəri bu nəticəyə və qələbəyə nail olmamışdı. 250 il ərzində Azərbaycan daim torpaq itkisinə məruz qaldı, talandı və məğlub oldu. Amma 27 sentyabr, bu tarixi ədalətsizliyin sona çatmasına vəsilə olan gün kimi yaddaşa düşdü. Çünki tarix Azərbaycana 21-ci əsrdə 250 illik ədalətsizliyə son qoyacaq bir lider bəxş etdi. Və bu lider Azərbaycan xalqının həmrəyliyinə, Azərbaycan əsgərinin döyüşə bilmək bacarığına nail oldu. Nəticədə 27 sentyabr Vətən müharibəsi ilə yeni çağın başlanğıcına addım atdıq. Bu günkü müasir və ədalətsiz dünyada Azərbaycan dövlətindən başqa heç bir dövlət əsarətdə, işğalda qalan ərazilərini geri qaytara bilməyib. Heç bir dövlət başcısı öz ölkəsində xəyanətlərdən xilas olaraq, xalqın həmrəyliyinə nail olub, güclü iqtisadiyyat və ordu yarada bilməyib. Ona görə hələ də əraziləri işğalda, ölkələri separatçıların, xəyanətin ucbatından param-parça vəziyyətdədir. Amma Azərbaycan müasir və ədalətsiz dünyanın yaratdığı bu reallığa son qoyan ilk və hələki son dövlət oldu. 
Azərbaycan həm də dünyada analoqu olmayan bir müharibə nümayiş etdirdi. Azərbaycan yarandığı gündən savaşlar törədən, ölkələr dağıdan, millətləri qırıb yerüzündən silən hegemon dövlətlərə də dərsi verdi. Savaş və sivil sözlərinin bir araya sığmadığı dövürdə necə humanist, amma peşəkar savaş aparmağın yontəmini göstərdi. Məhz buna görə bu gün dünyaya hegemon olduğunu nümayiş etdirən dövlətlərin hərbi elitası Azərbaycan ordusunun 44 günlük savaşının detallarını incələyir, yenilikləri öyrənirlər. Bütün bu uğurun təməlində isə dediyim kimi Ali Baş Komandan olmaqla Azərbaycan xalqının həmrəyliyi, əsgərimizin peşəkarlığı və humanizmi dayandı. Mümükün olmayanı etmək bacarığı Azərbaycanın 44 günlük Vətən savaşını dünya tarixinin səhifələrinə qızıl həriflərlə yazdı.

Şöhrət El-Dəniz

visiontv.az