Vaşinqton İrana nüvə bombası atacaqmı?
Vaşinqton İrana nüvə bombası atacaqmı?
06.11.2026 Şöhrət El-Dəniz Tərəfindən

Qorxu, təşviş yaradanlar haqlıdırlar?

Əvvəl onu deyim ki, MOAB nüvə bombası deyil. Sosial şəbəkələrin "intelektualları" MOAB ilə nüvə bombasını səhv salırlar. Ya da qəsdən səhv salırlar. Ona görə gəlin faktları və ssenariləri analiz edək.

İranın Natanz şəhəri yaxınlığında, Kühe Kolang Gaz La adlanan dağ var. İran 2025-26-cı illərdə İsrail və ABŞ zərbələrindən sonra sentrifuqalarını və zənginləşdirilmiş uranı burda gizlədir. Dağ 100 metr dərinlikdə qranitdən ibarətdir. Adi bomba hədəfə çatmır. Hətta ABŞ-nin dərinliyə işləyən GBU-57 bombası yalnız 60 metr betonu dələ bilir, qraniti yox.

Tramp deyir ki, mən nüvə işlətmirəm. Bu bizə lazım deyil. Amma həm də əlavə edir ki, biz Pickaxei vura bilərik. Bəs bu əməliyyatı həyata keçirəcək Pentaqon nə deyir? Pentaqon Trampa 3 paket təqdim edib.

Məhdud paket: Yalnız Pickaxe və Natanzın girişlərini vurmaq.

Orta paket: İranın nüvə obyektlərini və enerji infrastrukturunu vurmaq.

Geniş paket: Nüvə obyektlərini və enerji infrastrukturlarını vurmaq, Hörmüz boğazındakı adaları isə ələ keçirmək.

Gördüyünüz kimi heç bir paketdə rəsmi olaraq nüvə silahının tətbiqi yoxdur. Amma paketlərin içində 9,8 tonluq MOAB - GBU-43/B bombası var. Bu ABŞ arsenalındakı ən böyük qeyri-nüvə bombasıdır. Sosial medi fenomenləri MOAB-ı "nüvə" zənn edir, çünki partlayışı göbələk buludu yaradır.

Bəs Trampın seçkidə uduzması nüvə variantını real edirmi? Qısa cavab versəm xeyr. ABŞ siyasi sistemində prezident seçkidə uduzanda iki cür davranır. Zəif olduğunu anlayır və geri çəkilir. Bu, Bayden və Obama modeli idi.

İkincisi xarici siyasətdə sərtləşir. Çünki daxildə Konqres əlini bağlayır. Bu, da Tramp modelidir.

İndi konqres demokratların əlinə keçib. Tramp buna cavab olaraq İranın nüvə proqramını bitirəcək. Bu, onun üçün həm növbəti seçkilərdə partiyasının qalib gəlməsi, həm Nobel, həm də impiçmentdən qorunma alətidir.

Amma İrana nüvə atsa, bu alət əksinə işləyər. Nüvə atmaq NATO-nun dağılması deməkdir. Avropa ABŞ-dan üz çevirər, Rusiya və Çinə nüvə istifadəsinə haqq qazandırar. Hətta ABŞ daxilində Trampın öz respublikaçıları belə ona qarşı çıxar. Bu baxımdan Tramp eqoist olsa da, axmaq deyil. O, tarixə İranı atom bombası ilə məhv edən kimi yox, İranla sülh bağlayan kimi düşmək istəyir. Nüvə ona bunu verməz. Taker Karlsonun xəbərdarlığı da məhz buna görədir. Karlson Trampın düşməni deyil, onun elektoratın səsidir. O deyir ki, əgər nüvə atsan, seçicin səni tərk edəcək. Karlson Trampı xəbərdar edir, proqnoz vermir.

Yəni ABŞ-nin İrana nuvə zərbəsi endirmək ehtimalı fikrimcə heç bir faiz belə deyil. Camaatı az qorxudun.

P.S. Əsl təhlükə nüvə deyil, növbəti savaşdan sonra yarana biləcək xaosdur.

P.P.S Əslində Nüvə bombası xəbəri İran mollalarının da işinə yarayır. Bu istiqamətdə aparılan təbliğat İranda camaatda qorxu yaratmaqla yanaşı, həm də rejim ətrafında birləşdirir. Ona görə bu təbliğatın genişlənməsində maraqlıdırlar.

Şöhrət El-Dəniz

visiontv.az