Baxıram…
… sosial şəbəkələrdə Televiziyanı ardıcıl ittiham edirlər. Səlahiyyəti sadəcə tamaşaçı funksiyasından uzağa getməməli olan, təfəkkürü avtolavka “ədəbiyyatı”, uzaqgörənliyi internet “telebudkaları” səviyyəsində xeyli “mütəxəssis” özünü Əlahiddə Audivizual Şura elan edib. Televiziyanı asıb-kəsirlər. Baxmayaraq ki, sosial şəbəkələrdə müzakirəyə çıxardıqları qüsurların böyük əksəriyyəti televiziyanın efirində baş vermir. Linçə, “müttəhimlər kürsüsünə” layiq görünən biabırçılıqların mütləq çoxluğu sosial şəbəkələrin ya istehsal, ya da emal etdiyi məhsullardır: hətta ayrı-ayrı televerilişlərin sosial şəbəkələrdə təqdim olunan hissələri belə. Çünki o parçalar da kontekstdən çıxarılaraq paylaşılır. Nəticədə tv-lərin üzərinə “səlib yürüşü” təşkil olunur, ayrı-ayrı kanallar, aparıcılar linç edilir… Biz həm də nəyi müşahidə edirik: sosial mediaya xas riyakarlığı. Bu mühitdə asanlıqla idarə edilən kütləvi ikiüzlülüyü. Rəqəmsal platformalarda, Azərbaycanı ən Alidən ən Adiyədək təhqir edən, xalqın tarixi qələbəsini elə həmin xalqın da gözündən salmağa çalışan, ailə institutumuzun təməlini nişan alan xaricdə mənzillənmiş mənəvi terror ruporlarına qarşı prinsipial (!) olaraq susanlar“ lazımi”(?) məqamda meydana çıxır və …TELEVİZİYAYA qarşı “səlib yürüşünə” başlayır! Təkrar edirəm: baxmayaraq ki, təhqirə yol verənlər, etik qaydaları pozanlar, əxlaqsızlıq yayanlar əsasən bunu Rəqəmsal Platformalarda, öz sosial hesablarında edirlər! TV-ni tənqid hədəfinə çevirənlərin düşərgəsində-facebookda, instaqramda edirlər. Tərbiyəsizliyin, əxlaqsızlığın, milli-mənəvi dəyərlərin aşınmasının, Ailə İnstitutunun dağılmasının təşkil, təşviq və təbliğ edilən yeri ilk növbədə sosial şəbəkələrdir. Bəzi telekanalların saatlarla davam edən layihələrindən bir neçə dəqiqəlik kazusu (… belə hallar dünyanın istənilən tele-efirində baş verə bilir), “aşkar edərək” ildırım sürətilə sosial şəbəkələrə buraxmaq, ardınca da bu məkanın məlum alqoritminə söykənərək istifadəçini, xüsusilə güruha aid toplumu yalnız neqativ rəyə yönləndirmək, son nəticədə isə “Nəyə lazımdır televiziya?” “Mən televiziyaya baxmıram!” kimi milli təhlükəsizlik baxımından zərərli nəticələr “çıxarmaq”. Bütün bunlar rəqəmsal platformaların iradəsi və imkanları ilə, məqsədli şəkildə edilir. Siz onları heç vaxt uğurlu telelayihələrdən, faydalı təcrübələrdən bəhs edən görməzsiniz. Belə mövzular onlar üçün deyil. Tik-tokerlərə “şir” ataraq şirə, bloqerlərə reklam payı ataraq “teleşirkət”ə “döndərənlər” başqa planetdən gəlməyibər! Televiziyanı gözdən salmaq cəhdləri bloqerlərin, tik-tokerlər və s.-in ya açıq, ya gizli, ya otaqda, ya yataqda maliyyələşdirilməsi, mükafatlandırılması ilə müşayiət olunur. Öz sosial hesabında bir-birinə meydan oxuyan, qayda-qanun gözləməyən, təhqiri tənqidə qatan tik-toker, bloqer və s. bu minvalla böyüyür, sonda mübarizə aparılması çox çətinləşən “BİOVULF”-a çevrilir.
Polis onların fəaliyyətinin antimilli, antiəxlaqi hissəsi ilə qanun çərçivəsində mübarizə aparır, gələcəkdə də bu sahədə, hətta daha sərt addımlar atılacağına əminəm:
Çünki bu həm də asayiş, təhlükəsizlik məsələsidir: bəs biz nə edirik mənəvi ərazilərimizin işğalına qarşı? Demək olar ki heç nə… Rəqəmsal platformalarda guya tamaşaçı təəssübü çəkənlərin böyük əksəriyyətinin nə qədər səmimi olduğuna gəlincə, şəxsən mən buna “BİZİ HƏMİŞƏ TƏZİM POZASINDA GÖRMƏK İSTƏYƏNLƏR OLUB”
https://qafqazinfo.az/.../bizi-hemise-tezim-pozasinda... adlı məqaləmdən sonra şahid oldum. Yazı məhz Televiziyanın (Televizorun!) Cəmiyyətdə, Ailədə, Dövlətdə yerinə həsr edilmişdi. Burada həm tamaşaçıya, həm TV-yə ünvanladığım çağırışlar var idi. Bir-iki faktı çıxmaq şərtilə, gözlədiyim effekt alınmadı. Nüfuzlu portalda yayıldı, oxundu və…bitdi. Çünki ilk növbədə sosial şəbəkələrə sərf etmədi: güruhçuluq, rəqəmsal mühitin populizm azarı ciddi araşdırmanın, ağıllı yanaşmanın az qala düşməni olduğundan ya susdular, ya da məsələni başqa səmtə yönəltdilər. Qaldırdığım problemə münasibət (özü də məqalələr, müzakirələr, müsahibələr şəklində yox, ayrı-ayrı paylaşımların şərh bölümündə!) bildirən bir-iki ziyalı da eynilə sosial şəbəkələrin tələblərinə uyğun olaraq ayrı-ayrı televiziya verilişlərinin, populyar aparıcıların qeybətini etməkdən uzağa getmədi...
İndi yenə də başlanıb: zəhərli tullantılar cəmiyyətə rəqəmsal platformalardan, sosial şəbəkələrdən axır, amma…
-Hədəf Televiziyadır! -Vurulan Televiziyadır!
Ənənəvi şəbəkə riyakarlığı ilə.
Dövlətin məruz qaldığı şantaja, təhqirə, feyk hücumlarına susan, bayrağımızı qayçılayaraq hər parçasına tüpürən idbarlara cavab verməkdən qorxaqcasına yayınan “mütəxəssislər” daxildə cəbhə açıblar. Televiziyaya müharibə elan ediblər. Bəzi naqqallar “Hüseynov bacılarının “babam (oxu: Ramiz Mehdiyev) evlənir, 90 yaşında” tipli mahnıları yox, toy müğənnilərinin diringilərinin efirə çıxmasını şövqlə müzakirə edirlər. Guya televiziyanı tənqid edirlər, amma arxa qatda rəqəmsal plarformalarda bu yolla özünə tamaşaçı, dinləyici, oxucu yığırlar. Bəli;
-televiziyaya da tamaşaçı lazımdır.
-televiziya da tamaşaçı uğrunda mübarizə aparır.
-televiziya yaxşı bilir ki, itirdiyi istehlakçısını sosial şəbəkə öz tərəfinə keçirəcək. Bu səbəbdən də Televiziya onunla Qaydasız Döyüş formatında vuruşanlarla Qaydalar çərçivəsində mübarizə aparmalı olur.
Buna məcburdur!
Amma eyni işlə rəqəmsal platformalar, özü də dəfələrlə artıq(!) məşğuldur: televiziyanı gözdən salmağa çalışa-çalışa.
Linç edə-edə!
Sosial şəbəkə televiziyadan Vətənpərvər layihələr tələb edir, özü Bədənpərvərlik təşviq edə-edə! Əlbəttə televiziya öz səviyyəsini qorumalı, kanallar özlərini- rəqəmsal platformalarda (instaqram, facebook və s.) müxtəlif yollarla populyar olan “çarter ulduzlarının” xidmətlərindən, onların “verdiyi ağuya dönmüş çörəkdən” asılı hala salmamalı, plintusaşırı zövqə uyğunlaşmamalı, əlində olan olduqca mühüm armadanın-TELEVİZİYANIN əhəmiyyətini aşağı salmamalıdır. Televiziyada aparıcılıq edən kəsin kanala görə hər yerdə, o cümlədən şəxsin öz sosial hesabında da məsuliyyət daşıdığı ona başa salınmalıdır. Eyni zamanda sosial şəbəkə vahidlərinin- tik-tokerin, bloqerin və s. çeviklik, fəallıq kimi keyfiyyətləri də dövlətə fayda verməlidir. Harda və necə: paralel dünyalarda yaşamırıq. Hamımız Azərbaycanlıyıq. Tural Sadiqli, Sevinc Osmanqızı, Qənimət Zayıdov, Emin və Mehman Hüseynovlar, İlqar Hacıyev, Məhəmməd Mirzəli, Qabil Məmmədov və s. kimilər onların da vətənini-Azərbaycanı hədəfə alıb. Deməli Azərbaycan yolunda onlar da mübarizə aparmalıdır! Daxildə zoom-müşavirə( ZOO-m!) açıb bir-birilə lazımsız mövzularda dalaşmaq, söyüşmək əvəzinə xaricdəki mikrofon, kamera dəstəklərini, telefondan vətənə qarşı ağız, qulaq, göz unitazı kimi istifadə edənlərin hərəkətlərini lənətləməli, öz auditoriyalarını düzgün yönəltməlidir! Bəli, “alovlu tik-tokerlər, bloqerlər, və s-rəqəmsallar” ABŞ-də Prezidentin qaldığı otelin qarşısına söyüş meqafonu ilə çıxanların təhqirinə cavab verməməklə, “ağzıqaralarla” həmrəylik, birlik nümayiş etdirdilər. Mənəvi dəyərlərimizin üzərinə hər gün daha çox quduzcasına cumanların təhqirinə soyuqqanlı, laqeyd, vecinəalmazcasına yanaşan “ekspertlər, “teleşünaslar”, “milli-mənəvi qoruq gözətçiləri”, bağışlayın məni, amma Siz də səmimi deyilsiniz. Burda bir-iki şou-biznes nümayəndəsinin çıxışlarındakı təhqir ifadələrinə qarşı nümayiş etdirdiyiniz birliyi nə əcəb xaricdəki zir-zibillərə qarşı nümayiş etdirmədiniz və etdirmirsiniz?! Yoxsa onlar Ailə Dəyərlərimizi ayaqlamırlar, ay “hörmətli” istifadəçilər və istifadə olunanlar, hər fürsətdə Televiziyanı linç edən “teletənqidçilər”?
“Abır” gözləyirsiniz?
Nə əcəb Tural Sadiqli, Sevinc Osmanqızı, Qənimət Zayıdov, Emin və Mehman Hüseynovlar, İlqar Hacıyev, Məhəmməd Mirzəli, Qabil Məmmədov s. kimi antimillilərə əxlaq, mənəviyyat dərsi vermirsiniz?! Televiziyadan əl çəkin! İşinizlə məşğul olun! Yoxdursa, özünüzə iş tapın. Ən azı televiziya sizin işiniz deyil.
P.S. Televiziyadan olan həmkarlarım! Baxış sayına aldanmayın. Şirniklənməyin buna. Layihələrinizdən kontekstdən çıxarılaraq pis niyyətlə paylaşılan hissələrə görə onu edənləri məhkəməyə verin. Sizdən oğurladıqları ilə Sizi linç edirlər! Onlar Sizə baxır!
Bəs Siz hara baxırsınız?
Mir Şahin
visiontv.az