İranın mühacirətdəki kürd müxalifət qrupları İslam Respublikasını devirmək məqsədilə yeni koalisiya yaradıblar. Ekspertlərin fikrincə, bu addım regionun siyasi mənzərəsində mühüm dəyişiklikdir.
İttifaq fevralın 22-də elan olunub. Bu, İranın dini rəhbərliyinin onilliklər ərzində ən zəif dövrünə təsadüf edir. Dini isteblişment bir neçə həftədir son illərin ən böyük etiraz aksiyalarından çıxıb, bu arada ABŞ-nin mümkün hərbi müdaxiləsinə hazırlaşır.
Ekspertlər deyirlər ki, İraqın yarımmuxtar Kürdüstan bölgəsində yerləşən, illərdir Tehrana qarşı zəif silahlı mübarizə aparan beş iranlı-kürd müxalifət qrupu məhz İslam Respublikasının indiki zəifliyindən yararlanmağa çalışır.
Siyasi təhlilçi Vladimir van Vilqenburq kürd məsələləri üzrə ixtisaslaşıb. O, AzadlıqRadiosuna deyir ki, kürd qrupları müxtəlif ssenarilərə hazırlaşır, onların gözləntisi ABŞ-nin hücum ehtimalıdır.
İranın 90 milyonluq əhalisinin təxminən 10 faizini kürdlər təşkil edir, əsasən ölkənin İraqla həmsərhəd qərb bölgələrində yaşayırlar. İran illər boyu kürdlər, digər etnik azlıqlara təzyiq və ayrıseçkilikdə ittiham olunur.

Yeni koalisiyaya Kürdüstan Azadlıq Partiyası (PAK), İran Kürdüstanının Demokratik Partiyası (PDKI), Kürdüstan Azad Həyat Partiyası (PJAK), İran Kürdüstanı İnqilabi Xəbat Təşkilatı və İran Kürdüstanı Zəhmətkeşlərinin İnqilabi Komala Təşkilatı daxildir.
Bu qrupların çoxu əvvəllər silahlı olub. Bəziləri İranda muxtariyyət tələb edib, digərləri İslam Respublikasından ayrılmaq uğrunda mübarizə aparıb.
"İran Kürdüstanında Siyasi Qüvvələrin Koalisiyası" adlanan ittifaqın əsas məqsədləri İran İslam Respublikasını devirmək, kürdlərin öz müqəddəratını təyinetmə hüququnu gerçəkləşdirməkdir, - birgə bəyanatda belə deyilir.
Koalisiya İrandakı etirazlara da güclü dəstəyini bildirib.
PDKI-nin lideri Mustafa Hicri AzadlıqRadiosunun fars xidmətinə bildirib ki, beş qrup təxminən səkkiz ay çəkən danışıqlardan sonra bir araya gəlib, fikir ayrılıqlarını kənara qoya bilib. Dediyinə görə, ittifaqın əsas hədəflərindən biri İslam Respublikası süqut edəcəyi halda, keçid dövründə İran Kürdüstanının idarə olunması üçün ortaq plan hazırlamaqdır.
İran Kürdüstanına Kürdüstan, İlam, Kirmanşah vilayətləri və Qərbi Azərbaycan vilayətinin bəzi hissələri daxildir. Həmin ərazilərdə kürdlər çoxluq təşkil edir.
Yeni mərkəzi hökumət formalaşandan sonra Kürdüstanın idarəetmə orqanları azad səsvermə yolu ilə seçiləcək, bölgənin idarəsini üzərinə götürəcək, - Hicri belə deyib.

Van Vilqenburqun fikrincə, koalisiya üzvləri arasında ideoloji fərqlər, müxtəlif regional əlaqələr ortaya ciddi çətinliklər çıxaracaq.
Məsələn, PJAK-ın Türkiyədə fəaliyyət göstərən Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqələri həssas məqam sayılır. Bu, Ankaranın etirazına səbəb ola, ittifaqın birliyini çətinləşdirə bilər.
Abdulla Möhtədinin rəhbərlik etdiyi İran Kürdüstanı Komala Partiyası kimi bəzi nüfuzlu kürd siyasi qüvvələri koalisiyaya daxil olmayıb. Möhtədi X platformasında paylaşımında ittifaqı tənqid edib, aydın yol xəritəsinin və icra mexanizmlərinin olmadığını deyib, müddəalarını həddən artıq ümumi adlandırıb. Amma Möhtədi partiyasının koalisiyaya qarşı çıxmayacağını, gələcək əməkdaşlığa açıq olduğunu da əlavə edib.
Hicri isə qeyd edib ki, ittifaq Möhtədinin partiyasını məmnuniyyətlə qəbul edir. O, İranın digər siyasi təşkilatları, müxalif qruplarla dialoqa girəcəyini, mümkün olarsa, geniş və vahid proqram yaratmağa çalışacağını bildirib.
Yeni ittifaqın elanı İraqdakı Kürdüstan Regional Hökumətinin kəskin reaksiyasına səbəb olub. Bu qurum İranla sərhədyanı gərginlik istəmir. Daxili İşlər Nazirliyi sərt bəyanat yayaraq bildirib ki, Kürdüstan bölgəsi öz ərazisinin qonşu ölkələrə qarşı istifadə olunmasına icazə verməyəcək.
İran illərlə İraq Kürdüstanındakı kürd qruplarına hərbi zərbələr endirib. 2023-cü ildə İran və İraq təhlükəsizlik sazişi imzalayıb, Bağdad müxalif kürd qruplarını İranla sərhəddən uzaqlaşdırıb.
Van Vilqenburqun fikrincə, İraq Kürdüstanının rəsmiləri bu təşəbbüsdə heç cür iştirak etmədiklərini göstərmək istəyirlər.
visiontv.az