Tehran-Vaşinqton gərginliyi neft bazarını silkələdi
13.07.2026

Gunaz TV-nin məlumatına görə, ABŞ ilə İran arasında hərbi gərginliyin yenidən artması və tərəflər arasında kövrək atəşkəsin gələcəyi ilə bağlı narahatlıqlar fonunda bazar ertəsi neftin qiyməti 4 faizdən çox bahalaşıb.

Bazar ertəsi keçirilən ticarətdə ABŞ xam neftinin qiyməti 4,3 faiz artaraq bir barel üçün 74 dollar 49 sentə yüksəlib. Brent markalı neft isə 4,2 faiz bahalaşaraq bir barel üçün 79 dollar 21 sentdən satılıb.

Qiymət artımı ABŞ ordusunun İranın cənubundakı hədəflərə yeni zərbələr endirməsi və İranın Hörmüz boğazında bir ticarət gəmisinə hücumundan sonra baş verib.

Eyni zamanda, artan gərginlik Asiya fond bazarlarına da mənfi təsir göstərib. Cənubi Koreyanın əsas birja indeksi 5 faiz enib, iri texnologiya şirkətlərinin və çip istehsalçılarının səhmləri isə ciddi dəyər itirib.

Bununla yanaşı, təhlükəsiz aktivlərə tələbatın artması fonunda ABŞ dolları da digər valyutalara nisbətən möhkəmlənib.

visiontv.az