Əməvilər və Abbasilər öz əmisi uşaqlarına qarşı amansız olsalar da İslam xilafətini xeyli modernləşdirdilər
13.07.2026

Əməvilər və Abbasilər hətta öz əmisi uşaqları olan Haşimilər daxil olmaqla siyasi rəqiblərinə qarşı amansız olsalar da İslam xilafətini xeyli modernləşdirdilər. Xəlifə Ömər tərəfindən yaradılan daimi və nizami ordunu, xəlifə Osman tərəfindən yaradılan dəniz donanmasını təkmilləşdirdilər, kənd təsərrüfatı, ticarət sahəsində yeniliklər edib vergi sistemi kimi idarə-iqtisadi mexanizmlər yaratdılar. Dəməşq Roma imperiyasının mədəniyyət mərkəzlərindən olduğu üçün oradakı xristian və yəhudi bilim adamlarının təcrübəsindən geniş istifadə olundu. Hətta Sasani imperiyası süqut etdikdə gətirilmiş əsirlər içərisindəki elm, sənət adamlarından da böyük bəhrə götürüldü.

Əməvi memarlığı geniş iz qoydu. Bu gün Qüdsdəki Qübbət əs Saxra və Şamaxıdakı Cümə Məscidi də Əməvilərin tikdiyi ən qədim məscidlərdəndir. Eynilə xilafət coğrafiyasının bir çox yerlərində Əməvilər mədəni irs, tarixi iz buraxıblar. O dövrdə böyük məscidlər ibadət evi olmaqla yanaşı həm də elm, irfan, mərifət və mədəniyyət mərkəzi idi.

Hətta Əməvilərin devrilməsindən sonra Abbasilərin əlindən qaçıb İspaniya və Portuqaliyanı fəth edərək Əndəlus Əməvi dövlətini quranlar da bu ənənəni davam etdirdilər. Xristian və yəhudi mədəniyyəti ilə harmoniya yarandı və Əndəlusda möhtəşəm abidələr, elmi - dini mərkəzlər meydana çıxdı, sənətkarlıq inkişaf etdi və hətta böyük filosoflar, alimlər yetişdi, dərin əsərlər yazıldı.

Əməvilərin sadəcə siyasi rəqiblərinə qarşı amansız olmaları və tarixdə iz buraxan cinayətlərə yol vermələri onlara qarşı yaranmış əsas iki müxalifət cəbhəsini gücləndirdi, əlinə dəstəvuz verdi. Ələvilər və Abbasilər birlikdə Əməviləri devirmək üçün hərəkətə keçdilər. Abbas tacir olduğu üçün onun nəvələri rasional düşünür, zamanı, vəziyyəti siyasi cəhətdən doğru qiymətləndirir, praqmatik qərarlar verirdilər. Lakin Ələvilər Peyğəmbərə daha yaxın olmaqlarına arxayın olub çox da planlar qurmadan, ictimai dəstək ummadan, bir qədər də emosional addımlar atır, azsaylı tərəfdarları ilə üsyanlar, qiyamlar edir və bu da sonda amansızlıqla yatırılırdı. Nəticədə əksinə, Ələvilər xeyli nüfuzlu adamlarını itirmiş olurdular. Kərbəla qiyamı, İmam Zeydin Kufə qiyamı, sonrakı dövrdə də Abbasilərə qarşı İmam Həsənin nəvəsi Məhəmməd bin Abdullahın (Nəfsüzzəkiyyə) Mehdi adı ilə ortaya çıxması, Hüseyn bin Əlinin Mədinə üsyanı da nəticəsiz olmuş, əksinə Əhli Beytin kütləvi qırğınına zəmin yaratmışdır. Tarix yazır ki, Hüseyn bin Əli Abbasilər zamanında Mədinəni ələ keçirib Peyğəmbərin minbərinə çıxdı, bır sıra qərarlar verməyə başladı. Qulları azad edən qərarı oxuduqda bütün zadəgan və tacir zümrə onun başından dağıldı, qullarını da çəkib apardılar. Beləcə lider tək qaldı və xilafət məmurları tərəfindən tərəfdarları ilə birlikdə amansızca öldürüldü. Yaxud İmam Hüseynin nəvəsi Zeydi də babası kimi Kufə camaatı çağırıb sonra da qiyam başlayanda əks tərəfə keçib ona qarşı savaşdılar. Nəticədə böyük tələfatla qiyam yatırıldı. Göründüyü kimi Ələvilər idarəçiliyə, hakimiyyətə meylli olsalar da məqsədə çatmaq üçün siyasət işlətməyə, ictimai dəstək qazanmağa meylli deyildilər. Sanki buna ehtiyac görmürdülər. Peyğəmbərə yaxınlıqdan dolayı bir arxayınlıq hakim idi. Bu da onların mütəmadi olaraq məğlubiyyəti ilə nəticələnirdi. Bu hadisələr hər nə qədər siyasi proseslər olsa da İslamı və müsəlmanları içəridən parçalayır, xilafəti zədələyirdi.

Ələvilər Əməvilərə qarşı Peyğəmbərin əmisi Abbasın nəvələri ilə birgə mübarizə apardılar. Əməvilər devriləndə Abbasilər Ələviləri aldadıb uzaqlaşdırdı, hakimiyyəti onlarla bölüşmədilər. Beləcə Ələvilər yenə də Əməvi zamanında olduğu kimi müxalifətdə qaldılar. Bu da növbəti siyasi məğlubiyyət və tənəzzül deməkdi.

Abbasilər zamanında da elm, fəlsəfə, mədəniyyət inkişaf etdi. Bağdadda ilk akademiya yaradıldı. Orada hind, yunan fəlsəfəsinə aid əsərlər tərcümə olunur, müsəlman alimləri və mütərcimləri ilə yanaşı xristian və yəhudi bilim adamları da təmsil olunurdu. Böyük və zəngin kitabxanalar fəaliyyət göstərirdi. Abbasilərin üç xəlifəsi dövrün elmi - fəlsəfi cərəyanı olan, ağıla üstünlük verən Mötəzilə məzhəbinə mənsub idi. Ona görə əsasən fəlsəfəni inkişaf etdirməyə yönəlik işlər görürdülər.

Əməvilər hakimiyyətdən getmiş, yalnız keçmiş sülaləyə aid qruplar Abbasilərə qarşı üsyan cəbhəsi açıb xilafəti parçalamamaq yaxud müxalifətdə qalmamaq üçün qaçaraq xilafət torpaqlarından çıxıb indiki Portuqaliya və İspaniyanı fəth edib orada dövlət qurdular. Əməvilərin Roma və Sasanilərdən öyrəndikləri dövlətçilik, imperiya idarə etmə təcrübəsi onların siyasi səhnədə çevik qərar verə bilmə qabiliyyətini artırırdı. Lakin həm Abbasilərin həm də Ələvilərin müxalifəti, üstəlik də birincilərin sonra hakimiyyəti ələ alması Əməvilərin gördüyü bütün müsbət işləri qaraladı, dandı və ya kölgədə qoydu. Bu gün müsəlman coğrafiyasında Əməvilər dövrünə aid kifayət qədər dini, mədəni abidə, tarixi izlər var. Abbasilər dövründən də qalma kifayət qədər elmi, fəlsəfi irs var. O dövrün siyasi çalxantılarına hakimiyyət davalarına məzhəbçilik çərçivəsindən təriqət eynəyi ilə baxıb bunları inkar etmək olmaz. Əməvilər, Abbasilər yaradıb deyə İslamın, müsəlman aləminin ortaq irsini rədd etmək ədalətsizlik olar.

Peyğəmbər Əhli Beytinin bəzi mənsublarının hakimiyyət uğrunda uğursuz mübarizəyə qoşulması, yaxud təxribatçı qrupların onların adı ilə ortaya çıxması onların bir çoxunun həm fiziki həm də mənəvi fəlakəti ilə nəticələnir, onları repressiyalara, məhrumiyyətlərə məruz qoyurdu. Beləcə bu simalar məktəblər açıb, kitablar yazıb Peyğəmbər irsini, Quranın şərhini müsəlmanlara dolğun şəkildə çatdıra bilmirdilər. Çünki siyasi hakimiyyətə meyl dövrün hakimiyyətlərini onlara qarşı basqı etməyə məcbur edirdi. Bu da məhrumetmə və həbs, bəzən də ölümlə nəticələnirdi. Ətraflarında tələbə hesab etdiyi adamların çoxu ya xain ya da Əməvi, Abbasi agentləri idi. Biz bunun nümunələrini İmam Hüseyn və İmam Zeydi çağırıb sonra ona xəyanət edənlərin fəaliyyətindən görürük. Onlara qulaq asıb eşitdiklərini sonra camaata tərsinə nəql edirdilər. Beləcə saf, humanist, barışcıl, mötədil imamların adına yaraşmayan hədislər ortaya çıxır, nəticədə bölünmənin, siyasi məzhəbləşmənin təməli qoyulurdu.

Əhli Beytin irsi əvvəlcə Əməvi, sonra da Abbasi məhrumetmələri qarşısında təəssüf ki, olduğu kimi gəlib çatmadı. Onlardan bircə orijinal kitab, əlləri ilə yazdığı bircə Quran nüsxəsi belə yoxdur.

İslam tarixində ilk dəniz donanması Osmanın xəlifəliyi dövründə (644–656) təşkil edilib. Osman da Əməvidir. Təşəbbüskar isə o dövrdə Suriyanın valisi olan Müaviyə ibn Əbu Süfyandır. O, Bizansın dənizdən gələn hücumlarının qarşısını almaq üçün donanma yaradılmasını təklif etdi. Beləcə xəlifə Osman ibn Əfvanın icazəsi ilə hicri 28-ci ildə (miladi 649) ilk dəniz səfəri reallaşdı və Kipr fəth olundu. Eyni zamanda 655-ci ildə İslam donanması Bizans donanmasına qarşı ilk böyük dəniz qələbəsini (Zatüs-Savari - Dorlar döyüşü) qazandı.

Əməvi və Abbasi sülalələrinin ən faydalı işləri dövlət idarəçiliyinin mərkəzləşdirilməsi, vahid pul və dil islahatlarının aparılması, eləcə də elm, mədəniyyət və memarlığın misilsiz inkişafıdır. Bu iki böyük xilafət dövründə İslam dünyası həm siyasi, həm də elmi baxımdan özünün qızıl dövrünü yaşayıb. Hər iki sülalənin bəşər tarixinə qazandırdığı ən mühüm və faydalı işləri sahələr üzrə belə təsnifatlandırmaq olar: 661–750-ci illərdə Əməvilər xilafəti daha çox dövlət quruculuğu, sərhədlərin genişləndirilməsi və inzibati islahatlarla yadda qaldı. Ərəb dili rəsmi dövlət dili elan edildi və bütün kargüzarlıq işləri bu dildə aparılmağa başladı. Bizans və Sasani pulları dövriyyədən çıxarıldı, ilk təmiz ərəb qızıl dinarları və gümüş dirhəmləri kəsildi, milli valyuta dövriyyəyə buraxıldı. Dövlət daxilində sürətli xəbərləşməni təmin edən "Bərid" adlı mütəşəkkil poçt şəbəkəsi yaradıldı. Həm insanlardan həm də göyərçin, qartal, şahin kimi heyvanlardan bu yöndə geniş istifadə edilirdi. Xüsusi təlimçilər vardı ki, onlar heyvanlara bu istiqamətdə təlim keçirdilər. Vaxtilə xəlifə Ömərin təməlini qoyduğu Qüdsdəki Qubbət əs-Səxra və Dəməşqdəki Əməvi məscidi kimi dünya memarlıq inciləri inşa və bərpa edildi. Eyni zamanda 750–1258-ci ilərdə Abbasilər xilafəti İslamın intibah dövrü sayılır və onlar elmi tərəqqiyə böyük töhfələr veriblər. "Hikmət Evi" (Beytül-Hikmə) qurulub, Bağdadda dünyanın ən böyük elmi mərkəzi və kitabxanası yaradılıb; qədim yunan, hind və fars elmi əsərləri ərəb dilinə tərcümə edilib. Cəbr elminin banisi Əl-Xarəzmi, astronom Əl-Fərqani kimi alimlər o dövrdə dövlət tərəfindən dəstəklənirdi. Əllaf, Cahiz, Şəhham, Nəzzam kimi filosof - alimlər yetişirdi. Əməvilərdən fərqli olaraq, qeyri-ərəb müsəlmanlara (məvalilərə) dövlət idarəçiliyində bərabər hüquqlar verilirdi. O dövrdə Bağdad sənətkarlıq, ticarət və mədəniyyətin qlobal mərkəzinə çevrildi, İpək Yolu üzərində ticarət canlandırıldı.

Əndəlüs (İspaniya) Əməviləri dövrü də dünya tarixinə elm, incəsənət və təhsil sahələrində çox böyük töhfələr verib. Onların açdığı nəhəng kitabxanalar Şərq ilə Qərb arasında elmi körpü olub. Bu dövrün ən faydalı elmi və mədəni işləri böyük kitabxanalar və təhsilin inkişafı idi. Paytaxt Kurtuba (Kordova) şəhərində yüz minlərlə əlyazma kitabın olduğu nəhəng kitabxanalar yaradılmışdı. Dövrün hökmdarı 2-ci Həkəm zamanında dövlət məktəbləri açılıb, kasıb uşaqlar dövlət hesabına təhsil alıb. Əz-Zəhravi adlı alim ilk müasir cərrahiyyə alətlərini ixtira edib. Onun yazdığı tibb ensiklopediyaları yüz illərlə Avropa universitetlərində dərslik olaraq istifadə edilib. Əl-Zərqali adlı astronom planetlərin hərəkətini hesablayan yeni qlobus və cədvəllər hazırlayıb. Abbas ibn Firnas isə tarixdə ilk uçan aparat sınayan və havada qalan alim olub. Kurtuba Məscidi və Əl-Həmdra Sarayı kimi memarlıq inciləri inşa edilib. Şəhərlərdə su kanalları, gecə işıqlandırması və təmiz yollar kimi infrastruktur işləri görülüb. Qədim yunan və hind alimlərinin (Aristotel, Platon, Evklid və s.) əsərləri ərəb dilinə tərcümə edilib. Daha sonra bu ərəbcə əsərlər latın dilinə çevrilərək Avropadakı intibah dövrünün əsasını qoyub. Bunu indi Avropa alimləri də etiraf edirlər.

İndi dünyadan, tarixdən, İslam mədəniyyətindən xəbərsiz bəzi adamlar İslamı geriçilik, tənəzzül amili kimi yanlış xarakterizə edirlər. Halbuki bir çox çağdaş elmi kəşflərin, ixtiraların ilk müəllifləri məhz Əməvi və Abbasi xilafətləri dövründə yetişmiş alimlərdir. Əgər kimlərsə onların zəngin irsinə sahib çıxa bilməyib, yalnız məzhəb intriqası və xurafatla məşğul olub onların əsərlərini Avropa səyyahlarına satıblarsa, o irsdən də bu gün Qərb, Avropa bəhrə götürürsə günahı İslamda və müsəlmanlıqda deyil, özlərində axtarsınlar.

Bir Müqəddəs Ailə kilsəsi və mətn şəkili ola bilər

Dinşünasi Tural İrfan

visiontv.az